Əlaqə Arxiv
news Image
2015.10.28
09:30
| A A A
Milli Şura digər müxalif qüvvələrdən də təcrid olunur
Mais Səfərli: “Milli Şura çox zəif elektorat bazasına sahibdir və bu baxımdan seçkilərə qatılmadı” Məmməd Əlizadə: “Milli Şuradakılar dəqiq anlamalıdırlar ki, boykot qərarı cəmiyyətdə müsbət qarşılanmır”

AXCP və Milli Şuranın parlament seçkilərinə qatılmamasına müxalifət düşərgəsinin özündə də təpkilər artır. Bu gedişlə AXCP və Milli Şuranın müxalifətin qalan hissəsindən də tam təcrid olunması gözlənilir.

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirir ki, Milli Şura əslində, bir-iki nəfər istisna olunmaqla Əli Kərimlinin başçılıq etdiyi AXCP-dən ibarətdir: "Hazırda da çox zəif elektorat bazasına sahibdir. Məhz bu baxımdan onlar seçkilərə qatılmadılar. Yaxşı bilirlər ki, indiki resurslarla, imkanlarla seçkilərə qatılsalar, uduzacaqlar. Ona görə də əvvəlcədən seçkilərə qatılmamaq haqqında qərar veriblər. Hərçənd ki, bunun səbəbini, adını başqa cür qoydular. Hər zamankı kimi, guya ölkədə demokratik seçki mühiti olmadığını əsas gətirirlər. Təbii ki, bu, bir bəhanə idi. Onlar çox yaxşı başa düşürlər ki, prezident seçkilərində olduğu kimi, parlament seçkilərində məğlubiyyətə uğrayacaqlar.

Digər müxalifət partiyaları isə seçkilərə qatılıblar. Onlar seçkilərdə daha fəal iştirak etməyə çalışırlar. Artıq qeydə alınmış çoxsaylı müxalifət namizədlər də var. Ona görə bu gün Milli Şura onların namizədliklərini geri götürmək üçün cəhdlər göstərir. Bunun üçün əllərində olan bütün resurslardan geniş şəkildə istifadə edirlər. Bu da nəticədə qüvvələr arasında münaqişəyə gətirib çıxarıb. Siyasi partiyanın missiyasına uyğun olaraq seçkilərdə iştirak etməli, seçkilər vasitəsi ilə öz proqramlarını, təşəbbüslərini ortaya qoymalı, hakimiyyətə gəlməyə çalışmalıdır. Ona görə də seçkiyə qatılan müxalifət qüvvələri təqdir olunmalıdır".

Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədri Məmməd Əlizadə bildiri ki, əslində, digər müxalif partiyalar haqlı olaraq öz etirazlarını bildirirlər: "Çünki, seçkilərə qatılmaq lazmdır. Seçkilərdə qələbə üçün birgə mübarizə aparılmalıdır. AXCP ilə Milli Şuranın parlament seçkilərinə qatılmaması Azərbaycanda gedən inkişaf prosesinə əngəl törətdiyindən bir sıra partiyalar bu cür etirazlarını bildirirlər. Ancaq Milli Şura və AXCP-nin müxalifət düşərgəsində qalıb-qalmayacağı da sual doğuran məsələdir.

Milli Şuradakılar dəqiq anlamalıdırlar ki, boykot qərarı cəmiyyətdə müsbət qarşılanmır. Bütün dövrlərdə seçki ərəfəsində onlar boykot məsələsini ortaya qoyublar. Digər tərəfdən, Milli Şuranı və AXCP-ni də qınamamalıyıq. Çünki, seçkiyə qatılarlarsa, uğursuzluqları görünəcək. Bu gün cəmiyyətdə cənab Prezidentin siyasətini dəstəkləyən qüvvələr daha çoxdur. Ona görə də indidən özlərini sığortalamaq, ətrafında olan qüvvələri itirməmək üçün seçkilərə qatılmamaq taktikasını ortaya qoyublar".



Sizin Reklam Yeriniz