Əlaqə Arxiv
news Image
2015.10.29
11:20
| A A A
Dağlıq Qarabağ həqiqətləri Meksika mətbuatında

Meksikanın tanınmış "Milenio" qəzetində Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun müəllifliyi ilə "İşğalçı Futbolun Əsl Məqsədi" başlıqlı məqalə dərc edilib.


Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalə cari ilin 05 oktyabr tarixində sözügedən qəzetdə dərc edilib və Azərbaycan əleyhinə yalan və qərəzli fikirlərin yer aldığı, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin təhrif edildiyi "İtirilmiş Tarix" adlı ermənipərəst digər bir məqaləyə cavab olaraq yayımlanıb.


Belə ki, səfirlik tərəfindən dərc edilmiş məqalədə qeyd edilən ermənipərəst məqalənin "beynəlxalq tanınma üçün milli futbol komandasına ümid bəsləyən Dağlıq Qarabağdakı qondarma rejimin məkrli niyyətlərinə" xidmət etdiyi oxucuların diqqətinə çatdırılıb. Habelə qeyd edilən qərəzli məqaləyə cavab olaraq dünya xəritəsində "Dağlıq Qarabağ" adlı bir dövlətin mövcud olmadığı və məhz bu səbəbdən tanınmamış qondarma bir rejimə məxsus futbol komandasının beynəlxalq futbol arenasına çıxa bilmədiyi izah edilib. Bu mövzuda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan qoşunları tərəfindən işğal edildiyi və nəticədə 1 milyona yaxın ölkə əhalisinin qaçqın və məcburi köçkünə çevirildiyi bildirilib.


Daha sonra Azərbaycanın işğal edilmiş ərazilərində mülki əhaliyə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdən bəhs edilərək, Xocalı şəhərinin bir gecədə yer üzündən silindiyi, şəhər əhalisinin soyqırıma məruz qaldığı, işğal edilmiş ərazilərdə tarixi və mədəniyyət abidələrinin məhv edildiyi, münaqişə nəticəsində 30 minə yaxın vətəndaşımızın həlak olduğu diqqətə çatdırılıb. Həmçinin Ermənistanın işğalçı qoşunların Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT TŞ-in məlum 4 qətnaməsi və digər baynəlxalq çağırışlara məhəl qoymadığı, işğal faktının davam etməsi ilə regionumuzda sülh və təhlükəsizliyə ciddi təhlükə yarandığı bəyan edilib.


Məqalədə həmçinin işğalçı qüvvələrin müxtəlif təbliğati vasitələrə əl atmaq və faktları saxtalaşdırmaqla münaqişənin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güddüyü diqqətə çatdırılıb.


Yekunda bir zaman bütün qaçqın və məcburi köçkünlərin şərəf və ləyaqətlə öz doğma yurdlarına qayıdacağına ümid ifadə olunaraq, yalnız bundan sonra mehriban qonşuluq mühitində Dağlıq Qarabağın erməni əhalisi ilə birgə bu regionun bütöv mədəni müxtəlifliyini özündə təcəssüm etdirən vahid futbol komandasının yarana biləcəyi diqqətə çatdırılıb.


Sizin Reklam Yeriniz