Əlaqə Arxiv
news Image
2015.10.29
19:00
| A A A
Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan çox ziyan vurub”

İndoneziyanın paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin III konfransı öz işinə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən movqe.az-a verilən məlumata görə, konfransda təşkilata üzv ölkələrdə işsizliyin və yoxsulluğun azaldılması, əmək bazarının inkişafı, gənclərin məşğulluğu, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi, bu sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə təşkilatın Bakıda Əmək Mərkəzinin təsis olunması və s. məsələlər müzakirə olunur.

Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, məşğulluğun artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində Azərbaycan hökuməti tərəfindən məqsədyönlü tədbirlərin davam etdirildiyini vurğulayıb: "Son 12 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 180 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyərək 50 milyard dollara çatıb. Bununla bərabər, respublikada 1 milyon 400 mindən çox yeni iş yeri yaradılıb və işsizliyin səviyyəsi 4,9%-ə, yoxsulluğun səviyyəsi isə 44,7%-dən 5%-ə enib".

Davos İqtisadi Forumunun 2014-2015-ci il üzrə hesabatında iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycan 38-ci yeri tutur

Azərbaycanın iqtisadi uğurlarının davamlı olaraq beynəlxalq iqtisadi institutlar və müxtəlif reytinq təşkilatları tərəfindən də yüksək dəyərləndirildiyini qeyd edən nazir bunun daha bir ifadəsi kimi Davos İqtisadi Forumunun 2014-2015-ci il üzrə hesabatında iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanın 38-ci yeri tutduğunu diqqətə çatdırıb. S.Müslümov bildirib ki, qlobal iqtisadi və maliyyə böhranı, həmçinin son dövrlərdə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi kimi faktorlar bir çox ölkələr, eləcə də İslam Əməkdaşlıq Təşkilatının enerji resursları ixrac edən üzv dövlətləri üçün müəyyən risklər yaradıb. Belə şəraitdə hər bir dövlətin məqsədi ən azı öz iqtisadiyyatını baş verən mənfi proseslərin təsirindən qorumaq, yaxşı halda isə yaranmış çağırışları imkana çevirməkdir: "Azərbaycan da yaranmış yeni vəziyyəti nəzərə alaraq, çevik və innovativ siyasətə xüsusi önəm verir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi, həmçinin islahatlar vasitəsilə makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həyata keçirilir".

Nazir bildirib ki, ölkəmizdə "ASAN xidmət" mərkəzlərinin yaradılması əhaliyə göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artırıb. Fəaliyyət göstərdiyi 3 il ərzində bu mərkəzlərə 6 mln. insan müraciət edib. Hazırda "ASAN xidmət" mərkəzlərində 10 dövlət orqanına aid 30 növ xidmət göstərilir, eyni zamanda həmin mərkəzlərdə 30 növ funksional yardımçı xidmətlər təşkil edilib. Keçən həftə isə sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan növlərinin azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı Azərbaycan prezidentinin müvafiq fərmanı ilə sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılmasının həyata keçirilməsi də "ASAN xidmət" mərkəzlərinə tapşırılıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb

S.Müslümov əldə olunan uğurlara baxmayaraq, Ermənistan tərəfindən davam edən hərbi təcavüzün ölkəmizin iqtisadi-sosial inkişafına böyük maneə törətdiyini diqqətə çatdırıb: "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-i işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bundan əlavə, ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb. Ermənistanın işğalçı siyasətinə qarşı nümayiş etdirdikləri birmənalı və davamlı mövqeyə görə İslam Əməkdaşlıq Təşkilatı Katibliyinə və üzv dövlətlərə bir daha təşəkkürümüzü bildiririk".

Təşkilata üzv dövlətlər arasında bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində daha sıx əməkdaşlığın vacibliyini qeyd edən S. Müslümov bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilən II konfransının yekununda Əmək, Məşğulluq və Sosial Müdafiə sahəsində Əməkdaşlıq üzrə çərçivə sənədi qəbul edilib: "Həmin sənədin icrası üzrə fəaliyyət planının həyata keçirilməsi üçün yaradılmış rəhbər komitənin ötən il Bakı şəhərində keçirilən ilk iclasında çərçivə sənədinin icrası, ortaq maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Təşkilata üzv dövlətlər üçün əmək və məşğulluq sahələrində ortaq maraq kəsb edən kifayət qədər məsələ var və hazırkı konfrans da məhz buna dəlalət edir".

Nazir təşkilata üzv dövlətlər arasında əməkdaşlığın konseptual, praktiki və institusional davamlılığının təmin edilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb: "Hesab edirəm ki, bizim uğurumuz üzv dövlətlərin aidiyyəti qurumlarının, İslam İnkişaf Bankının, SESRİC-in (İslam Ölkələrinin Statistika, İqtisadi və Sosial araşdırma və Təlim Mərkəzi) və təşkilatın aidiyyəti institutlarının səylərini birləşdirməklə yaradacağımız birlikdən asılıdır. Bu müstəvidə Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsə uyğun olaraq, İslam Əməkdaşlıq Təşkilatının mərkəzi qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması mühüm rol oynaya bilər. Ötən dövrdə Əmək Mərkəzinin yaradılmasının konsepsiya sənədi və Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanaraq, baxılması üçün üzv dövlətlərə göndərilib. Üzv dövlətlərin rəy və təklifləri nəzərə alınmaqla həmin sənədlər ümumiləşdirilib və baxılmaq üçün bu Konfransa təqdim olunub. Müsbət haldır ki, hazırkı konfrans iştirakçıları tərəfindən də bu sənədlər yekdilliklə dəstəklənib".

Konfrans iştirakçılarının İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması ilə bağlı məsələyə müsbət yanaşacaqlarına əminliyini ifadə edən S. Müslümov belə bir strukturun yaradılmasının ölkələrimiz arasında əmək və məşğulluq sahələrində praktiki, səmərəli və dayanıqlı, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz