Əlaqə Arxiv
news Image
2015.10.29
22:00
| A A A
`İsa Qəmbər qaçıb evdə gizlənmişdi`- Siyavuş Novruzov
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Müsavatın seçkidə iştirakdan imtina etməsinə reaksiya verib.

Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AzVision.az açıqlamasında deyib ki, qoyub qaçmaq Müsavatın köhnə peşəsidir: "Müsavat Partiyası parlament seçkilərində iştirakdan imtina etməklə öz zəifliliyini bir daha sübut etmiş oldu. Yəni, onlar məğlub olacaqlarını bildikləri üçün seçkilərdə iştirakdan imtina ediblər. Ümumiyyətlə, qoyub qaçmaq Müsavatın köhnə peşəsidir. Bütün həlledici hadisələr zamanı Müsavat rəhbərliyi həm seçiciləri, həm partiyanı, həm də üzvlərini qoyub dara düşən kimi qaçır. Buna 20 yanvar hadisələri zamanı da şahid olmuşuq. Müsavatın keçmiş başqanı İsa Qəmbər küçəyə çıxan xalqı qoyub qaçaraq qorxudan Yusif Səmədoğlunun evində gizlənmişdi. Eyni ilə Arif Hacılı da mitinqlərdə küçəyə çıxan insanları qoyub qaçıb".


S.Novruzov vurğulayıb ki, Müsavat Partiyası çoxdan özünün radikal baxışları ilə cəmiyyətdə nüfuzdan düşüb: "Heç bir potensialları olmadığı halda seçki prosesində iştirak edirdilər və gözləyirdilər ki, hansısa möcüzə baş verəcək. Möcüzə artıq olmur, möcüzələr 90-cı illərdə qaldı. Ayaz Mütəllibovun siyahısı ilə parlamentə seçilmişdilər. Hazırda vəziyyət tamam fərqlidir. Artıq xalq seçkilərdə kimə səs verəcəyini özü müəyyənləşdirir. Azərbaycanda azad, demokratik seçkilər keçirilir. Seçicilər kimi istəyirlərsə, ona da səs verirlər. Müsavat nüfuzunu itirdiyini, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevrildiyini anladığından seçkilərdən imtina ilə bağlı qərar qəbul edib".


Qeyd edək ki, ötən gün Müsavat Partiyası 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdən imtina etmək barədə qərar qəbul edib.


Sizin Reklam Yeriniz