Əlaqə Arxiv
news Image
2015.10.31
09:45
| A A A
Ermənistana son şans verilir
Elşən Mustafayev: “Rusiyanın borcudur ki, bu məsələnin həllində söz sahibi kimi Ermənistanı konkret fəaliyyət göstərməyə çağırsın” İbrahim Rüstəmli: “Dağlıq Qarabağ probleminin ətrafındakı proseslər xroniki xarakter alıb”

"Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həllində əsas elementlərin və digər məsələlərin müzakirəsi üçün ilin sonunadək görüş keçirilməsinə razılıq veriblər". ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərin yekununa dair yaydığı bəyanatda belə deyilir. Həmsədrlər bəyanatda atəşkəsin minaatan və raket kimi ağır silahlarla pozulmasının qəbuledilməz olduğunu vurğulayıblar. Bildiriblər ki, Ermənistan və Azərbaycan prezidentləri ilə görüşlərdə vəziyyətin stabilləşdirilməsinə və danışıqların daha konstruktiv təşkilinə dair məsələ qaldırıblar. Aydındır ki, Ermənistan bu dəfə də konstruktivlik nümayiş etdirməsə, onda problemin hərbi müstəvidə həlli ehtimalı artır.

Siyasilərin fikrincə isə, prezidentlərin bu görüşündə də Ermənistanın konstruktiv mövqeyə gəlməsi ehtimalı azdır. Politoloq Elşən Mustafayev hesab edir ki, yaxın bir il, il yarım ərzində problemin həll edilməsi istiqamətində Ermənistan ciddi addım atmayacaq: "Amma eyni zamanda, həmin müddətdə məsələnin hərbi fazaya keçməsini də düşünmürəm. Ən azından dünyada, regionda baş verən hadisələr Cənubi Qafqazda da tərəfləri ayağa qaldıra bilər.

Burada Rusiya faktoru öz yerində, həmçinin, Qrəbin özü də Ermənistan-Azərbaycan münasibətində məsələnin həll olunmasında maraqlı deyil. Amma bununla belə son vaxtlar danışıqlar fazasında vasitəçiliyi qeyri-rəsmi olaraq Rusiya öz üzərinə götürübsə, onun borcudur ki, bu məsələnin həllində söz sahibi kimi Ermənistanı konkret fəaliyyət göstərməyə çağırsın. İlin sonuna qədər baş tutacaq görüşdə də çox məsələlər aydın olmalıdır. Sözsüz ki, hazırda Ermənistan hakimiyyətinin özünün daxildə problemləri yaşanır. Ancaq Serj Sarksiyan hakimiyyəti ilə bu problemi həll etmək çətin olacaq. Xüsusən də Dağlıq Qarabağ probleminin üstündə hakimiyyətə gələnlər problem həll edilərsə, hakimiyyətdən gedə bilərlər. Amma Azərbaycan hər zaman hərbi əməliyyatlara hazır olmalıdır. Xüsusi ilə nəzərə alaq ki, Azərbaycan Ordusu torpaqları azad etməyə qadirdir. Bu güc həm də qarşı tərəfi danışıqlara masasına əyləşdirmək üçün ən böyük faktorlardan biridir".

Hərbçi-ekspert İbrahim Rüstəmli hesab edir ki, Ermənistan bu dəfə də konstruktiv mövqe sərgiləməyəcək: "Artıq Dağlıq Qarabağ probleminin ətrafındakı proseslər xroniki xarakter alıb. Həmsədrlər bölgəyə bir problemin həllinə köklənmiş siyasi fiqurlardan çox, turist simasında, dincəlmək üçün gəlirlər. Arada təmas xəttində görünmələri isə sadəcə "işgüzar" fon yaratmaqdan ibarətdir. Onlar artıq bu işin də öhdəsindən peşəkarlıqla gəlməkdə çətinlik çəkirlər. Yəni, vəziyyət son dərəcə sadə və mürəkkəbdir.

Bu sadəlik əgər bir tərəfdən hər şeyin göz önündə olması ilə xarakterizə edilirsə, digər tərəfdən də siyasi vasitəçilərin "kloun"luğu ilə mürəkkəbləşir. Azərbaycan hərbi və siyasi təcavüzə məruz qalmış ölkədir. Onun hüquqları bir sıra beynəlxalq konvensiyalar və imzalanmış rəsmi sənədlərlə qorunur. O sənədlərə həmsədr ölkələrin rəhbərləri imza atıblar. Amma bütün bunlara baxmayaraq, beynəlxalq aləm "Qarabağ" oyununu sanki, bir əyləncəyə çevirib. Çünki, onların torpaqları yağmalanmayıb, ev-eşikləri talanmayıb, dinc vətəndaşları qətlə yetirilməyib. Bu siyasi danışıqlara sadəcə, davamlılıq və qismən təzyiq vasitəsi olmaq baxımından müəyyən qədər əhəmiyyət verirəm, amma bu danışıqların hansısa konkret nəticələrə səbəb olacağına inanmıram. Çünki, bu vaxtadək kifayət qədər aldanmışıq və indi bizi aldatmaq o qədər də asan deyil. O ki qaldı müharibə ehtimalına, bu, siyasi qərardır".

Sizin Reklam Yeriniz