news Image
2015.11.01
14:37
| A A A
ESISC müşahidəçisi: Azərbaycanda keçirilən parlament seçkilərində pozuntular qeydə alınmayıb

Azərbaycanda keçirilən parlament seçkilərində insidentlər və pozuntular qeydə alınmayıb. Bunu Avropa Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin (ESISC) müşahidəçisi Yevgeniya Qvozdeva deyib.

Müşahidəçi seçki komissiyalarının üzvlərinin işini yüksək qiymətləndirib: "Mənim şəxsi təəssüratlarım olduqca müsbətdir. Bütün məntəqələrdə sakit iş şəraiti var. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün komissiya üzvləri səlahiyyətlərini yaxşı yerinə yetirirlər".

Onun sözlərinə görə, seçicilərin aktivliyi olduqca yüksəkdir: "Missiya üzvlərinin qısa müddət ərzində olduğu hər bir məntəqədə onlarla insan səs verib".

ESISC müşahidəçisi Sumqayıt şəhərində 4 seçki məntəqəsində olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.