Əlaqə Arxiv
news Image
2012.10.23
17:07
| A A A
Rusiyadakı Azərbaycan və erməni diaspor nümayəndələrinin növbəti görüşü təyin olunub

"Biz Rusiya Federasiyasında yaşayırıq və Rusiya prezidentinin milli siyasət strategiyasının iştirakçılarıyıq. Bizim maraqlarımız Rusiyanın maraqlarından asılıdır. Rusiyada sülh və stabillik bizim millətlərin xeyrinədir". APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan Rusiyadakı Azərbaycan və erməni diaspor nümayəndələrinin bu gün Moskvada keçirilən görüşündəki çıxışında deyib. 

Rusiyadakı Azərbaycan və erməni diaspor təşkilatlarının 20 il ərzində ilk dəfədir bir araya gəldiyini qeyd edən A. Abramyan belə görüşlərin davam etdirilməsini arzulayıb: "Biz dostluğumuzu unutmamışıq. Belə görüşlər mütəmadi olmalıdır. Müharibə heç kimə lazım deyil. Bura dialoq üçün yığışmışıq. Bu, sadəcə ictimai tərkibli görüşdür, heç kimə və heç bir dövlətə qarşı deyil. Biz Dağlıq Qarabağ problemini həll edə bilmərik. Bu problemin həlli ilə Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu məşğuldur. Bizim əsas məqsədimiz düşmənçiliyə son verməkdir". 

O, analoji görüşlərin Rusiyanın regional diaspor təşkilatları səviyyəsində keçirilməli olduğunu da vurğulayıb: "Oktyabrın 26-da Orenburqda belə bir görüş keçiriləcək. Mən də orda iştirak edəcəyəm". 

A. Abramyan noyabrın 16-da isə Rusiyadakı Azərbaycan və erməni diaspor təmsilçilərinin növbəti görüşünün keçiriləcəyini bildirib, təklif edib ki, həmin görüşdə Azərbaycan və erməni diasporlarının nümayəndələrindən ibarət təşkilat komitəsi və birgə komissiya yaradılsın: "İldə iki dəfə Rusiyada yaşayan azərbaycanlı və ermənilərin birgə tədbirinin keçirilməsini istərdik. Şəxsən Rusiya prezidenti Vladimir Putinə, Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edəcəyəm ki, Soçidə "Sivilizasiyalar haqqında dialoq" mövzusunda Ermənistan-Azərbaycan tədbiri keçirilsin, həmin tədbirdə hər iki ölkə yüksək səviyyədə təmsil olunsun". 

"Azərros" Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov isə çıxışında Rusiyada bir çox azərbaycanlı ilə erməninin bir yerdə işlədiyini, ailə qurduğunu bildirib: "Bu bizi sevindirir. Mən Araya təşəkkür etmək istəyirəm ki, bu dialoqun qurulmasında bizimlə əməkdaşlıq edir. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, belə görüş keçirilir. Bütün iştirakçıları konfliktdən uzaq olmağa, dialoqa çağırıram. Biz bura Dağlıq Qarabağ problemini həll etməyə yığışmamışıq, bu problemin həlli ilə dövlətlər və beynəlxalq təşkilatlar məşğuldur. Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq". 

Qeyd edək ki, Moskvada Rusiyadakı Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün bərqərar olunmasında artan rolunu, Rusiya prezidenti Vladimir Putinin milli siyasət strategiyası layihəsinin müzakirəsi, milli KİV-in çoxmillətli Rusiya cəmiyyətinin konsolidasiyasında rolunu müzakirə etmək olub.

Görüş "Azərros" Federal Milli Mədəni Muxtariyyəti, Rusiya-Azərbaycan Təşkilatları İttifaqının və Rusiya Erməni İttifaqının təşəbbüsü ilə təşkil olunub. 

Görüşdə "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, "Azərbaycan Konqresi" qəzetinin baş redaktoru Rüstəm Arifcanov, "Tribuna" qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun adı siyahıda olsa da, o,

görüşə qatılmayıb.

Ermənistan tərəfdən görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, "Armeniya i mir" jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Smbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları iştirak edib. 


Sizin Reklam Yeriniz