news Image
2012.11.12
17:48
| A A A
Bahar Muradova müxalifətə uğur arzuladı
“O iddiaların heç bir reallığı və həqiqəti əks etdirmir...” "Hakim partiya tərəfindən seçkilərarası fəaliyyət dövrü məhz növbəti seçkilərə hazırlıq dövrü kimi qəbul olunur".
Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Bahar Muradova hakim partiyanın qarşıdan gələn 2013-cü ilin prezident seçkilərinə hazırlığa qeyri-rəsmi olsa belə, start verib-verməməsi məsələsinə münasibətini bildirərkən söyləyib.
Bahar Muradova deyib ki, Yeni Azərbaycan Partiyasının bütün strukturları, seçkili orqanlarda təmsil olunan nümayəndələri, o cümlədən partiyanın rəhbəri, ölkə prezidenti fəaliyyətini o səviyyədə qurur ki, onun hər günü, hər anı, hər dəqiqəsi növbəti seçkilərə hazırlıq xarakteri daşıyır. Vitse-spikerin sözlərinə görə, bu məsələ onların üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi anlamını da özündə ehtiva edir: "Bizdə hansısa qeyri-adi keçid, qeyri-adi hazırlığa start praktikası olmayıb. Bunlar çox rahat, biri digərini əvəz edən vəzifələr kimi qarşımızda dayanır. Yəni xüsusi belə bir rejimə keçid yoxdur, çünki istənilən anda bizim bütün qurumlarımız bütün vəzifələri yerinə yetirməyə hazırdırlar. Bu baxımdan seçki bitəndən sonrakı dövr bizdə növbəti seçkiyə hazırlıq dövrü kimi qəbul olunur".
Bahar Muradova eyni zamanda, son zamanlar 2013-cü il seçkiləri ilə bağlı hakim partiya və iqtidar daxilində fikir ayrılıqlarının, təlatümlərin olması haqda müxalifət düşərgəsində, həmin qüvvələrə yaxın olan müxalif mediada səsləndirilən iddialara da toxunub: "O iddiaların heç bir reallığı və həqiqəti əks etdirmir. Hakim komanda 2013-cü il seçkilərinə də monolit bir qüvvə şəklində gedir və gedəcək".
YAP icraçı katibinin müavini müxalifətə də mesaj göndərib: "Bizim də istədiyimiz odur ki, Azərbaycanda elə bir mühit mövcud olsun ki, hətta, 3-5 adam tərəfindən dəstəklənməyən adam belə özünü ehtimali şəkildə prezidentlikdə görsün. Yəni, bunun üçün hansısa bir məhdudiyyət hiss etməsin. Bu, çox yaxşıdır ki, hətta, cüzi imkanı olmayan adamlar belə özlərini bu vəzifəni yerinə yetirməyə hazır bilirlər və bu cəhddə bulunurlar. Bulunsunlar, yeganə hakimiyyət xalqadır və xalq da bu məsələdə mövqeyini bildirəcək ki, kim Azərbaycanı irəliyə aparmaq imkanlarına malikdir, kimə etimad göstərmək lazımdır, kim bu vəzifələri yerinə yetirə bilər. Bunu isə xalq dəfələrlə bildirib, deyib və mən inanıram ki, qarşıdakı seçkidə də deyəcək, bildirəcək. Müxalifət düşərgəsinə isə öz fəaliyyətlərində, öz işlərində uğurlar arzulayıram..."