news Image
2012.04.18
14:09
| A A A
Çingiz Qənizadə özü haqqında yazılanları araşdırdı
Bəzi mətbu orqanlarda deputat barədə yazılanlar yalan çıxdı

Milli Məclisin deputatı Çingiz Qənizadə barədə son vaxtlar bəzi şəxslər tərəfindən mətbuat orqanlarında yazılan qərəzli məqalələr araşdırılıb və həqiqətə uyğun olmadığı məlum olub. Deputatın mətbuat xidmətindən verilən məlumata görə, 12 aprel 2012-ci il tarixində mətbuatda gedən "80 yaşlı YAP üzvü deputatı ittiham etdi" başlıqlı yazıda göstərilir ki, İmişli şəhəri, A.Şadlinski küçəsi, 3 saylı evin sakini, 80 yaşlı Dəmirov Sahib Xasay oğlu deputat Çingiz Qənizadəni 13 mart 2012-ci il tarixində evinin qəzalı olması ilə bağlı keçirdiyi aclıq aksiyasına kölgə salmaqda ittiham edir.

Deputat Çingiz Qənizadə 13.04.2012 tarixində İmişli rayonunun Qızılkənd kəndində seçiciləri ilə keçirilən növbəti görüşündən sonra rayon mərkəzində yaşayan Sahib Dəmirovun evinə qonaq gedib, mətbuatda gedən yazılarla bağlı vətəndaşla söhbət edib. Ağsaqqalla çay süfrəsi arxasında söhbət zamanı məlum olub ki, Dəmirov Sahib Xasay oğlu əslində heç aclıq aksiyası keçirməyib. O bildirib ki, onu aclıq aksiyası keçirməyə təhrik etsələr də, buna razılaşmayıb. Mətbuatda gedən yazılardan tam xəbərsiz olduğunu və onun adından istifadə edərək yazıldığını söyləyən Sahib Dəmirov millət vəkili ilə şəkil də çəkdirib. Qeyd edək ki, Kür və Araz sahillərindən on kilometrlərlə uzaqda yerləşən və təbii olaraq Kür və Arazın daşmasından zərər görməsi mümkün olmayan İmişli şəhəri, Ç.Qənizadənin seçilmiş olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsində yerləşmir. Belə olan halda isə Dəmirov Sahib Xasay oğlunun Ç.Qənizadənin seçicisi olmadığı aydın olur.

Deputat Qarabağ veteranı və əlili kimi təqdim olunan Şahbazov Elman Nəriman oğlu ilə bağlı da araşdırma aparıb. Ç.Qənizadənin əldə etdiyi rəsmi sənədlərdə Qarabağ müharibəsi əlili kimi göstərilən E.N.Şahbazovun əslində, ümumi xəstəliyə görə (mülki) əlil olduğu məlum olub. Bunu "Qarabağ əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi, Dövlət Sosial Müdafiə Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbələri tərəfindən verilən arayışlar da (surətləri əlavə olunur) təsdiq edir.

Onu da qeyd edək ki, Şahbazov Elman Nəriman oğlunun da Ç.Qənizadənin seçicisi olmadığı müəyyən olunub. Həmçinin mətbuata ötürülən həmin yazıların "Kür" Vətəndaş Cəmiyyəti ilə əlaqələri olan adamlar tərəfindən rayonda təşkil olunduğu da təsdiqini tapıb. Millət vəkili artıq şəxsiyyətləri müəyyənləşdirilmiş bu vətəndaşlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs