Əlaqə Arxiv
news Image
2012.11.15
14:35
| A A A
"Cekson-Venik düzəlişi" tarixə qovuşa bilər
Elman Abdullayev: "Cekson-Venik düzəlişi" Azərbaycan və ABŞ arasındakı ikitərəfli münasibətlərin ruhuna uyğun olmayan bir qərardır"

Hələ keçmiş SSRİ dönəmindən Azərbaycana qarşı da qüvvədə olan "Cekson-Venik düzəlişi" nəhayət ləğv oluna bilər. Bu düzəlişin ləğvinə ABŞ-ın özündə də maraq əhəmiyyətli dərəcədə artıb. Məsələ burasındadır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası sözügedən düzəlişin ləğvi ilə bağlı qanun layihəsi hazrılayıb. Xatırladaq ki, 1974-cü ildə yəhudi əsilli konqresmenlər Cekson və Venik tərəfindən irəli sürülən və qəbul olunan düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağa yasaq qoyurdu. SSRİ dağılsa da, "Cekson-Venik düzəlişi" sonradan keçmiş sovet respublikalarına tətbiq olunmağa başladı. Halbuki, artıq nə SSRİ var idi, nə də yəhudilərin mühacirətinə qoyulan qadağalar qüvvədə idi. Buna baxmayaraq, konqres düzəlişi elə-belə ləğv etmək fikrində olmadığını göstərdi. Hətta ABŞ-ın sabiq prezidenti Corc Buş bu düzəlişin ləğvi məqsədilə dəfələrlə konqresə müraciət edib, ancaq Ağ Ev sahibinin istəyi yerinə yetirilməyib. Xatırladaq ki, bir çox amerikalı konqresmenlər sözügedən düzəlişin Azərbaycana qarşı ləğvinin tərəfdarıdır. İndi isə belə hesab edilir ki, Azərbaycan üçün "Cekson-Venik düzəlişi"nin ləğvi Amerika tərəfinin ölkəmizə qarşı ədalətli addımı olacaq.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məsələ ilə bağlı Mövqe. Az-a bildirib: "Birincisi təbii ki, "Cekson-Venik düzəlişi" ədalətsiz qərardır. Bu, Azərbaycan və ABŞ arasındakı ikitərəfli münasibətlərin ruhuna uyğun olmayan bir qərardır. Çünki ABŞ və Azərbaycan strateji partnyorlardır, tərəfdaşlardır. Beynəlxalq proseslərdə, kampaniyalarda, beynəlxalq sülhməramlı əməliyyatlarda bir çox hallarda bir yerdə iştirak edir. Bir yerdə terrorizmə qarşı mübarizə aparır. Strateji əməkdaşlıq həyata keçirilir. Belə bir halda bu cür qərarın olması birmənalı şəkildə ədalətsizdir. Biz hesab edirik ki, bu məsələ öz həllini tapacaq. Hər il 907-ci düzəliş dondurulur. Amma ən azından bu cür hallar aradan qaldırılmalıdır. Azərbaycan elə bir regionda yerləşir ki, elə bir lider rolunu oynayır ki, daim ABŞ-ın diqqət mərkəzindədir. Bu baxımdan məsələ tezliklə aradan qaldırılsa, ikitərəfli münasibətləri daha da fəal bir fazaya gətirib çıxardacaq. Biz istəyərdik ki, bu məsələ öz həllini tapsın."

Bəs yuxarıda qeyd olunan qanun layihəsi qəbul edilməyəcəyi təqdirdə Azərbaycan onun ləğvi istiqamətində hansı addımlar atacaq?

Elman Abdullayev bildirdi ki, bu məsələ ilə bağlı ABŞ Konqresinə heç kim təzyiq edə bilməz: "Birincisi, bu, ABŞ qanunvericiliyi səviyyəsində qəbul edilmiş bir qərardır. ABŞ qanunvericilərinə heç kim təzyiq edə bilməz. Bu, onların daxili siyasi sistemi əsasında qəbul edilmiş bir qərardır. Amma biz bu qərarı ədalətsiz sayırıq. Hesab edirik ki, ABŞ qanunvericiləri Azərbaycanın ABŞ üçün geostrateji əhəmiyyətini nəzərə alaraq bu cür halların aradan qaldırılması üçün bütün səylərini səfərbər etməlidirlər. Çünki Azərbaycan ABŞ üçün olduqca əhəmiyyətli rol oynayan bir ölkədir. Azərbaycan nəinki regionun lideridir, hətta regionun mütləq əksəriyyətini təşkil edən iqtisadi güc Azərbaycana aiddir. Azərbaycan əhəmiyyətli tranzit ölkəsidir. Bu məsələ artıq illərdir ki uzanır. Amma bunun belə davam etməsi nə ABŞ-ın, nə də Azərbaycanın strateji əməkdaşlığına cavab verir."

Sizin Reklam Yeriniz