Əlaqə Arxiv
news Image
2012.11.16
12:16
| A A A
Radikal müxaliflər barədə şok faktlar üzə çıxır
Tahir Kərimli: “Radikal müxalifət onsuz da həmişə nökərçilik funksiyasını üzərinə götürməyə hazırdır” Seymur Həsənli: “Radikal müxalifət partiyalarından biri 3 il müddətində ABŞ-ın bir fondundan maliyyə alıb”

Məlumdur ki, artıq gələn ildən etibarən Azərbaycanda siyasi partiyalar dövlət büdcəsindən maliyyələşəcək. Amma deysən, radikal müxalifət son bu xüsusda  səbr etməyi özünə rəva bilmir. Onlar xaricdən maliyyə və siyasi dəstəklər almaq üçün də böyük can-fəşanlıq göstərirlər.

Xaricdən belə dəstək verənlərin əksəriyyəti isə hətta Azərbaycana hərtərəfli əks mövqedə duranlardır. Təbii ki, radikal müxalifətin bu istəkləri isə həm xalq, həm də siyasilər tərəfindən qəbuledilməz hal kimi dəyərləndirilir.

Vəhdət Partiyasını sədri Tahir Kərimli qeyd edir ki, müxalif siyasi partiyaların hansısa xarici qüvvələrə ümid bəsləməsi Azərbaycanın Konstitusiyasına, qanunlarına ziddir: "Biz isə ənənəvi olaraq görürük ki, radikal müxalifət bəzən hansısa səfirlərdən, Qərb dövlətlərinin diplomatlarından siyasi dəstək umurlar. Çünki, müxalifət xalq içərisində özünün dayaqlarını itirib. Ona görə də indi də istəyir ki, xaricdə nə hadisə baş verirsə, oradan faydalansın. İndi demək olar ki, bütün müxalifət qərbyönlüdür. Ancaq Rusiyada Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı yaranan kimi dərhal bəyanatlar verirlər ki, onlarla əməkdaşlıq etməyə hazırıq. Bəs bu konnektur münasibətlərdə idealogiya, əqidə harada qaldı? Görünür, onlar hətta on illərlə bəyan etdikləri şifahi ideallarına belə hörmət etmirlər. Fikirləşmirlər ki, illərlə biz əqidədən, idealogiyadan danışmışıq. Bəs nə tez pullu adamlara meyl göstərildi? Ona görə ki, radikal müxalifət özü heç nə edə bilmir. Çalışırlar ki, xaricdə yaradılmış qüvvənin "çətir"i altında bunlara pay ayrılsın, kömək olunsun, stimullaşdırılsın. Ona görə də bu hərəkətlərini mənəvi cəhətdən bir simasızlıq, kəmfürsətçilik adlandırardım".

Partiya sədrinin sözlərinə görə, radikal müxalifət onsuz da həmişə nökərçilik funksiyasını üzərinə götürməyə hazırdır: "Yəni, radikal müxalifət özü aparıcı xəttini qoya bilmir. Ona görə də qarşılıqlı bir umacağı var. Amma müxalifətin umduğu qədər yardım edilməyəcək".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Seymur Həsənli bildirir ki, hansısa müxalifət qüvvəsinin, partiyasının xarici dövlətin kurasiyasında olması, onun sifarişlərini yerinə yetirməsi və onunla əməkdaşlıq etməsi gələcəkdə həmin dövlətin təhlükə altına düşməsi şansını artırır: "Çünki, müxalifət partiyası hakimiyyət uğrunda mübarizə aparır. Gələcəkdə də həmin partiyanın hakimiyyətə gəlməsi himayəsində olduğu əcnəbi fikrin hakimiyyətə gəlməsi deməkdir. Odur ki, bu kimi halların qarşısı alınmalıdır. Təəssüflər olsun ki, bu gün bir sıra özünü müxalifət kimi təqdim edən partiyalar "Qafqaz müxalifəti" adı altında gah Almaniya, gah Gürcüstan, gah şimal qonşumuz, gah da Qərb təşkilatları ilə əməkdaşlıq edirlər. Hətta bizdə belə bir məlumat var ki, bizim radikal müxalifət partiyalarımızdan biri 3 il müddətində ABŞ-ın müəyyən fondundan maliyyə alıb. Sonra məlum olub ki, həmin fond ermənilərin Luxean Fondudur. Bu kimi hərəkətlər çox ayıbdır və dövlətə, millətə, vətənə olan bir xəyanətdir".

Sədr müavininin sözlərinə görə, radikal müxalifətin yürütdüyü siyasəti incələdikdə görə bilərik ki, onlar yalnız iqtidara düşmən kəsilməyiblər: "Onlar həm də Azərbaycan dövlətçiliyinə düşmən kəsiliblər. Guya onlar demokratiyanı gətirmək istəyirlər. Amma bu, yalnış olan fikirdir. Demokratiya xaricdən gəlmir, hər bir xalqın milli təfəkküründə olur. Bu da Azərbaycanda var. 20 illik bir dövlətin təbii ki, problemləri olacaq. Amma onları da daxilimizdə həll etməliyik. Xaricdən maliyyə almaqla, əməkdaşlıq etməklə bu problemlər həll olunası deyil. Xaric də dövlətə təzyiqi elə məhz həmin müxalif partiyaları vasitəsilə edir. Lakin müxalifətin xarici maraqlara xidmət etməsi həm çox qaranlıq, həm də qaranlıq olduğu qədər aydın məsələdir".

Sizin Reklam Yeriniz