news Image
2012.11.21
10:58
| A A A
"Milyarderlər ittifaqı"nın bəzi üzvlərinin radikal mövqeyi maraqlı mətləblərdən xəbər verir
Elman Nəsirli: "Təşkilatda olan bir çoxları məhz Moskvanın istəyinə uyğun olaraq ölkəmiz əleyhinə fəaliyyətə başlayırlar" Kamil Seyidov: "Kimsə düşünürsə ki, müxtəlif vasitələrlə Azərbaycana təzyiq edə biləcək, bu, səhv fikirdir"

Moskvada azərbaycanlı iş adamlarının yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ), yaxud da digər adı "milyarderlər ittifaqı" olan qurumun bəzi təmsilçilərinin son zamanlar ölkəmizə qarşı aqressiv mövqe tutduğu sezilməkdədir. Həmin təşkilatın bu təmsilçilərinin tədricən Azərbaycana qarşı radikallaşdığı hiss olunur. Artıq mətbuatdakı çıxışlardan da görünür ki, ÜATİ-nin rəhbəri Söyün Sadıqov, kinorejisor Rüstəm İbrahimbəyov Azərbaycan əleyhinə fəaliyyətə başlayıblar.

Belə ki, onlar son zamanlar sərgilədikləri çıxışlarında ölkəmizin maraqlarına cavab verməyən fikirlər səsləndirməkdədirlər.

Politoloq Elman Nəsirlinin fikrincə, Rusiyadakı bir sıra soydaşlarımızın son dövrlər ölkəmizə qarşı getdikcə radikallaşması Moskvanın fəaliyyətinin nəticəsidir: "Hələ Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı yarananda həmin qurumun Moskvanın diqtəsilə oturub duracaqlarını bəyan etmişdilər. Moskva isə son zamanlar təzyiq vasitəsilə danışmağa daha çox meyllənib. Son zamanlar Kreml Dağıstanla sərhədə çoxsaylı silahlı qüvvələrini cəmləşdirib. Digər tərəfdən, Azərbaycanın da olduğu Avrasiya İttifaqının yaradılmasına çalışır ki, burada da Moskva aparıcı militarist mövqe sərgiləmək niyyətindədir. Rusiya həmçinin Qəbələ RLS məsələsində Bakının mövqeyinin qəbul edilməməsinə çalışır. Bütün bunlara nail olmaq, Azərbaycanı özünə tabe etdirmək üçün də Rusiya hər cür təzyiq vasitəsinə əl atır. Buradan aydındır ki, Moskvanın Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasında da başlıca məqsədi Bakıya təzyiq etməkdir. Təşkilatda olan bir çoxları da məhz Moskvanın istəyinə uyğun olaraq ölkəmiz əleyhinə fəaliyyətə başlayırlar. Həmin qurum Azərbaycan Diaspor Komitəsilə məsləhətləşmədən özfəaliyyətlə məşğuldur. Ona görə də onların arxasında müəyyən ciddi qüvvələr dayanır. Bu da Rusiyanın bir təzyiq vasitəsidir".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov isə qeyd etdi ki, Rusiyadakı bəzi soydaşlarımızın ölkəmiz əleyhinə fəaliyyətə başlaması sonda Rusiyanın öz başında çatlayacaq: "Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı kimi tanınan təşkilatın yaradılması ətrafında müxtəlif fikirlər səslənir, müxtəlif versiyalar irəli sürülür. Əslində, bu məsələnin kökündə Rusiyanın Qafqazda gedən proseslərə təsirini artırmaq cəhdi durur. Bu məhz belə də qəbul olunmalıdır. Bilirsiniz ki, Gürcüstandakı parlament seçkilərində Moskvameylli milyarder Bidzina İvanişvili qalib gəldi, ardınca o, prezident seçkilərində iştirak edəcəyini bəyan edib. Bütün bunların hamısı Moskvanın Qafqazda reallaşdırmaq istədiyi eksperimentlərinin baş tutduğunu güman etməyə azdan çoxdan əsas verir. Məsələnin bu və ya digər şəkildə Azərbaycanda da təkrarlana biləcəyi ehtimalları da Rusiyadakı müəyyən dairələr tərəfindən irəli sürülməkdədir. Amma bir şeyi unutmaq lazım deyil ki, Azərbaycandakı proseslərlə gürcü milyarderin ölkəsində qələbə çalmasını müqayisə etmək olmaz. Çünki Azərbaycan son 5-7 ildə iqtisadiyyatını sürətlə inkişaf etdirərək güclü potensiala malik olub. Bakının qonşularından fərqli olaraq özünün müstəqil siyasəti var. O, maliyyə və maddi baxımından da böyük imkanlar qazanıb. Ona görə də kimsə düşünürsə ki, müxtəlif vasitələrlə Azərbaycana təzyiq edə biləcəklər, bu səhv fikirdir. Düzdür, hələlik ÜATİ öz məram və məqsədini açıq şəkildə bəyan etmir. Söyün Sadıqovun, Rüstəm İbrahimbəyovun müəyyən fikirləri yer alıb. Buna əsasən onların gələcəkdə fəaliyyətlərinin hansı istiqamətdə olacağı haqda müəyfən düşüncələr formalaşır. Ancaq Azərbaycan zəif ölkələrdən deyil ki, bu gün Gürcüstanda gedən proseslər ölkəmizdə də təkrarlana bilsin. Son dövrlər Rusiyada yaşayan müəyyən azərbaycanlılar vasitəsilə ölkəmizə qarşı bəzi fikirlərin səslənməsi əslində Moskva üçün yaxşı heç nə vəd etmir. Moskva rəhbərliyi unutmamalıdır ki, burada hazırda 100-ə yaxın etnik xalqların nümayəndələri yaşayır. Rusiya orada yaşayan azərbaycanlılardan istifadə etməklə ölkəmizdə öz marağına uyğun nəyəsə nail olmaq istəyirsə, bu hərəkət bumeranq şəklində Rusiyanın özünə dəyə bilər. Söz yox ki, Rusiya vaxtilə itirilmiş mövqeyini bərpa etmək istəyir. Amma Azərbaycan inamla özünün müstəqil xarici siyasətini yürüdür. Belədə hansısa bir təşkilatın yaradılması, kiminsə ölkəmiz əleyhinə fəaliyyətə başlaması ilə onlar hər hansı bir uğura imza ata bilməyəcəklər".