Əlaqə Arxiv
news Image
2012.11.30
11:43
| A A A
ATƏT Qarabağ müharibəsindən narahatdır

Avropa münaqişənin yenidən alovlanacağından ehtiyat edir

Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətin təhlili konfliktin hərbi müstəvidə çözülməsi ehtimalını  artırır. Hətta ATƏT özü də yaranmış durumdan ciddi narahatlıq ifadə etməkdədir.  ATƏT-in baş katibi Lamberto Zannyer də bu xüsusda nikbin mövqe nümayiş etdirmir: "Biz son zamanlar vəziyyətin getdikcə çətinləşdiyini görürük. Belə ki, mühit yaxşılaşmır. Zənnimcə, vəziyyəti diplomatik səviyyədə möhkəmlətmək lazımdır.

Mən öz tərəfimdən hər iki tərəflə danışıqlar aparan həmsədrlərin səylərini dəstəkləmək üçün əlimdən gələni edirəm. Bununla yanaşı mən tərəflərlə ünsiyyət saxlayıram.

Biz yerlərdə daha pozitiv dinamika yaradacaq bir sıra tədbir təklif etmək istərdik. Bunlar etimadın artırılması, baş vermiş insidentlərin araşdırılması, parlament və adamlar arasında təmaslar kimi addımları nəzərdə tutur. Yəni biz daha geniş mənzərəyə baxırıq. Lakin son məqamda bu, tərəflərin mövqeyi, ilk növbədə onların məsuliyyətidir. Biz sadəcə olaraq, iki tərəf arasında vasitəçiyik. Təkliflərlə bağlı tərəflər ortaq məxrəcə gələ bilmirlər. Hazırda tərəflərlə yeni idealar müzakirə olunur. Həmsədrlər bu idealara münasibəti öyrənmək, bloklanmış prosesi hərəkətə gətirmək və onun dinc həlli yollarını tapmaq məqsədilə bölgəyə səfər edirlər. Zənnimcə, sülh prosesi kənara qoyulmamalıdır. Bu çətindir və həmişə də çətin proses olub".

ATƏT təmsilçisi Dağlıq Qarabağdakı aeroport haqqında da maraqlı açıqlama verib. Bununla bağıl BBS-yə açıqlamasında o qeyd edib: "Aeroprtun açılması həssas məsələdir. Bu məsələ qeyri-sabitlik, insidentlər yarada bilər və sözsüz ki, mühiti yaxşılaşdırmayacaq. Mən bu məsələdə Minsk qrupu həmsədrləri ilə tam razılaşır və onları tam dəstəkləyirəm. Vəziyyətdən çıxış yolu tərəflərin çözümə cəlb olunmasından keçir. Və bizi əmin ediblər ki, bu istiqamətdə atılacaq hər-hansı addım daha çox problem və gərginlik yaratmayacaq".

Avropa İttifaqı da münaqişədən ciddi narahatlıq ifadə edir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort qeyd edir ki, müharibələrin qarşısının alınması təmsil etdiyi təşkilatın əsas proritetlərindən biridir. O vurğulayıb ki, müharibə hər bir region üçün acı nəticələr gətirir. O vurğulayıb ki, status-kvonun davam etməsi qəbuledilməzdir. İnsanlar müharibəyə deyil, sülhə hazırlanmalıdır. F.Lefort bildirib ki, münaqişə dövlətlərin ərazi bütövlüyünü və bütün insanların hüquqlarını təmin etməklə həll edilməlidir. Onun sözlərinə görə, Aİ hər iki tərəfi ATƏT Minsk qrupu çərçivəsində əldə olunan razılıqları və həmçinin öhdəlikləri yerinə yetirməyə çağırır.

F.Lefort Aİ-nın ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək veməyə hazır olduğunu vurğulayıb.  Lakin Ermənistan ATƏT-in təklif etdiyi həll variantları ilə razılaşmır və Minsk qrupu da buna görə ona heç bir təzyiq göstərmir. Bu səbəbdən Azərbaycanda belə fikirlər səslənir ki, ATƏT-in Minsk qrupunda həmsədrlik dəyişilməlidir və başqa-başqa ölkələrə verilməlidir. Yaxud, ümumiyyətlə, ATƏT-in həmsədrliyi işinə xitam verilməlidir və bu proses BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır.

YAP icra katibinin müavini Siyavuş Novruzov bunula bağlı bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansı tərəfdə olduğu bəllidir:    "ATƏT-in həmsədrlərindən olan Rusiyanın bu gün Ermənistanda hərbi bazaları var. Rusiya Ermənistanı silahla təmin edir. Onlar demək olar, Ermənistanın bilavasitə müdafiəçisidir". ABŞ, Fransa və Rusiyanın subyektiv və ikili standarta əsaslanan yanaşmalarını əsas gətirən deputatın fikrincə, həmsədrlik instituna xitam verilməli və məsələyə BMT TŞ-da baxılmalıdır: "Fransaya baxdıqda, keçmiş prezident Nikola Sarkozi Ermənistanda çıxışında bir fikir işlədib ki, Fransa Ermənistanın bacısıdır. Yəni bu cür düşünən ölkə və yaxud Fransada soyqırımın tanınması ilə əlaqədar kim əleyhinə fikir söyləyirsə, onu cinayət məsuliyyətinə cəlb etmək kimi qərar qəbul olunduğu halda, ATƏT-in həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə ədalətli köməklik göstərə bilər?! ABŞ-da da böyük erməni diasporu var. Hətta Azərbaycana bir səfirin təyin olunmasında belə, ermənilər imkan vermədilər, Obama öz səlahiyyətindın istifadə edərək yalnız bir il müddətinə səfir təyin etdi. Amma həmin səfirin Konqresdə namizədliyi keçmədi. Erməni lobbisinin Konqresə bu cür təsiri olduğu halda, ATƏT-in Minsk qrupundakı amerikalı həmsədrə də böyük təsiri olacaq. Bu baxımdan, ya bu həmsədrlik dəyişilməlidir və başqa-başqa ölkələrə verilməlidir. Yaxud, ümumiyyətlə ATƏT-in həmsədrliyi işinə xitam verilməlidir və bu proses BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır".

Səməd CƏFƏROV 

Sizin Reklam Yeriniz