Əlaqə Arxiv
news Image
2016.05.03
09:00
| A A A
Cəbhədən Ermənistana verilən sərt mesaj
Aydın Mirzəzadə: “Azərbaycan konfliktin həllində israrlıdır və ona nail olmaq üçün bütün variantlardan yararlanacaq” Elman Məmmədov: “Ermənistan Azərbaycan Prezidentinin dediyi mesajlardan nəticə çıxarmasa, Silahlı Qüvvələrimiz hərbi yolla torpaqlarımızı geri qaytaracaq”

Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Tərtər rayonunda "N" saylı hərbi hissədə hərbçilərlə görüşdə bildirib ki, Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimiz düşmən tərəfdən atəşə tutulub. Prezident qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan konfliktin həllində israrlıdır və ona nail olmaq üçün bütün variantlardan yararlanacaq: "Ermənistanın hansı nəticə çıxaracağı bizim üçün o qədər də əhəmiyyətli deyil. Ermənistana Azərbaycan kifayət qədər çox müddət vəziyyətdən çıxış yolu göstərib. Ermənistan isə daima qeyri-konstruktiv mövqe tutub. Daima cəbhə xəttində Azərbaycana qarşı təxribatlar törədib.

Onlar işğal etdiyi torpaqları ilhaq etməkdən ötrü bütün variantlardan istifadə edir. Bunun nəticəsidir ki, Azərbaycan sonuncu erməni təxribatına cavab olaraq aprelin 2-5-i arası uğurlu hərbi əməliyyatlar keçirdi. Hazırda da bir daha Ermənistana danışıqlar üçün şans veririk. Bu şansdan istifadə edib-etməyəcəkləri isə Azərbaycan üçün əhəmiyyətli deyil. Azərbaycan Dağlıq Qarabağ probleminin həllində israrlıdır və bunun üçün bütün variantlardan istifadə edəcək".

Milli Məclis deputatı Elman Məmmədov da qeyd etdi ki, Ermənistan Azərbaycan Prezidentinin dediyi mesajlardan nəticə çıxarmasa, Silahlı Qüvvələrimiz hərbi yolla torpaqlarımızı geri qaytaracaq: "Prezident İlham Əliyevin əsgərlərlə görüşündə səsləndirdiyi Azərbaycanın mövcud vəziyyətlə heç vaxt barışmayacağı barədə mesajına ermənilər əməl etməsələr, ölkəmiz hərbi və antiterror əməliyyatları vasitəsilə, ordumuzun və daxili qoşunların gücü ilə birlikdə torpaqlarımızı qeyri-qanuni fəaliyyət göstərən müxtəlif cinayətkar hərbi birləşmələr, separatçı qurumlar, o cümlədən işğalçı Ermənistan silahlı qüvvələrindən azad edəcək. Bunun başqa cavabı yoxdur. Cənab Prezident İlham Əliyev bunu dəfələrlə bəyan edib. Hərbi hissədə keçirdiyi son görüşündə də bunu bir daha bəyan etdi. Bu birmənalıdır.

Bu səfərinin ən çox diqqət çəkən tərəfi ondan ibarət oldu ki, cənab Prezident öz ailəsi, ölkənin birinci xanımı ilə birlikdə həyatlarını risq altına alaraq həmin ərazilərə yollanmışdı. Düşmən müxtəlif yollarla hər an bu səfərdən xəbər tuta bilərdi. Cənab Prezidentimiz isə həyatı təhlükəsinə baxmayaraq, düşmənin atəş nöqtəsi altında olan, hər an zərbə endirə biləcəyi ərazilərə getdi. Burada yaşayan ev sahiblərilə görüşdü. Yəni insanlar arasında oldu. Bu da əhali arasında, cəmiyyətdə çox böyük ruh yüksəkliyinin yaranmasına, Prezidentə inamın daha da artmasına, əhalidə ümidin yaranmasına səbəb olur. Yəni, artıq çoxdan məlum olan həqiqət özünü bir daha təsdiq edir ki, Prezidentlə xalqın birliyi Azərbaycanda günü-gündən möhkəmlənir.

Bu səfərin bir mesajı da ondan ibarət oldu ki, cənab Prezident öz həyatının təhlükəsizliyini orada yaşayan əhalidən artıq tutmadığını, onlarla birlikdə düşmənin atəşə tutduğu ərazilərdə olduğunu bəyan etdi. Çünki həmin ərazilər də bizim Azərbaycan torpağıdır və hamımız üçün bu torpağın hər qarışı əzizdir. Bu, cənab Prezident tərəfindən bütün dünyaya verilmiş bir mesaj oldu. Azərbaycan xalqının bir nümayəndəsi kimi bu sözləri böyük ruh yüksəkliyi deyir, fərəhlənirəm, hətta qürurlanıram. Cənab Prezidenti ailəsilə birlikdə o yerlərdə görəndə hesab etdim ki, hər bir azərbaycanlı o hərəkəti etməyə borcludur".

Sizin Reklam Yeriniz