Əlaqə Arxiv
news Image
2016.05.03
08:00
| A A A
Cəbhə zonasında düşmən hərbi cinayətlərini davam etdirir
Şahin Cəfərli: “BMT Baş Assambleyasına bununla bağlı qətnamə layihəsi də hazırlayıb təqdim etmək olar” Adıgözəl Məmmədov: “Son hadisələr Ermənistanın təxribatçı tərəf olduğunu bir daha göstərdi”

Cəbhədə vəziyyət gərgin olaraq qalmaqdadır. Ermənilər atəşkəsi pozmaqla yanaşı, mülki əhalini də hədəfə alır. Cəbhədə atəşkəsin pozulmasına görə mülki əhaliyə böyük ziyan dəyib. Diqqət çəkən məqam budur ki, yenə də aidiyyatı beynəlxalq dairələr müşahidəçi mövqeyində dayanıblar. Şablon bəyanatlardan konkret adddımlar keçid yoxdur.

Siyasi analitik Şahin Cəfərli bildirdi ki, ermənilər təmas xətti boyunca mülki yaşayış məntəqələrini atəşə tutmaqla, Azərbaycanda yeni köçkün dalğası yaradaraq sabitliyi pozmaq və xaos yaratmaq məqsədi güdürlər: "Bu, əlbəttə ki, bütün beynəlxalq sənədlərə, konvensiyalara zidd, cinayət xarakterli əməllərdir. Azərbaycanın ən müxtəlif beynəlxalq təşkilatlardakı səfirləri, nümayəndə heyətləri əslində, bu məsələni mümkün olduğu qədər qaldırırlar. AŞPA-nın son sessiyası zamanı da problem gündəmə gətirilib. Lakin bu addımların təbliğati effekt xaricində real nəticəsi olmur. Çünki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olur və digər beynəlxalq qurumlar bu məsələyə müdaxilə etmək istəmirlər.

Minsk qrupunun həmsədrləri isə hər zaman neytral mövqe tutublar və öz mövqelərinə indi də sadiqdirlər. Onlardan işğalçını öz adı ilə çağırmalarını gözləmək artıq əbəsdir. Lakin bu, o demək deyil ki, Azərbaycan ermənilərin mülki əhalini hədəf almasını və yol verdikləri digər beynəlxalq hüquq pozuntularını gündəmə gətirməməlidir. Əksinə, ciddi nəticə verməsə belə, bu hadisələr bütün beynəlxalq platformalarda qaldırılmalı və problemin gündəmdən düşməsinə imkan verilməməlidir. Hesab edirəm ki, BMT Baş Assambleyasına bununla bağlı qətnamə layihəsi də hazırlayıb təqdim etmək olar".

Digər politoloq Adıgözəl Məmmədov bildirdi ki, son hadisələr Ermənistanın təxribatçı tərəf olduğunu bir daha göstərdi: "Azərbaycan proseslərdə təmkinliyini hələlik qoruyub. Azərbaycan Ordusu yalnız hərbi obyektləri hədəf alır. Ancaq bizdən fərqli olaraq, düşmən müharibə qanunları ilə vuruşmur. Azərbaycanın mülki əhalsini, yaşayış məntəqələrini atəşə tutur. Dünya ictimaiyyəti isə buna susacaqsa, Azərbaycan tərəfi də dünya ictimaiyyətinin ona göstərdiyi münasibətə uyğun öz siyasətini formalaşdıracaq".

Politoloq əlavə etdi ki, dünyada nizam-intizamı tənzimləyən beynəlxalq birliklərin bir çox hallarda görüntü xarakteri daşıdığı bir daha aydın oldu: "Əslində isə, dünyanı idarə edən maraqlardır. Təəssüflər olsun ki, bəzən bu maraqlar kriminal maraqlar olur. Yəni, dünyada insan tələfatını hesaba almayan maraqlar kontekstində öz geopolitik maraqlarını həyata keçirən oyunçular var.

Azərbaycan isə hələlik üzərinə düşəni edir. Biz bir daha özümüzün sülhpərvərliyimizi bütün dünyaya göstərmişik. Eyni zamanda bu işdə hər bir vətəndaşın da üzərinə iş və məsuliyyət düşür. Hər bir azərbaycanlı istənilən tədbirdə bu bəlandan danışmalıdır. Bu, bizim vətəndaşlıq borcumuzdur. Ona görə də kimin nə necə reaksiya verməsindən asılı olmayaraq, biz öz işimizi görməliyik. Bu, dövlət səviyyəsində həyata keçirilir. Fərdlər səviyyəsində də həyata keçirilməlidir".

Sizin Reklam Yeriniz