Əlaqə Arxiv
news Image
2016.05.04
09:37
| A A A
Ermənistana beynəlxalq miqyasda Qarabağ təzyiqləri başlanıb
Aydın Ağayev: “Proses başlayıb, bunu artıq görməmək mümkün deyil”

ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında növbəti dəfə telefon danışıqları baş tutub. Telefon söhbətinin gedişində tərəflər Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər.

Ümumiyyətlə, aprelin əvvəllərindən başlayaraq ABŞ-la Rusiya arasında Qarabağ münaqişəsilə bağlı danışıqlar intensivləşib. Azərbaycan Prezidenti İlham Əliyev də cəbhə bölgəsində olarkən bildirdi ki, artıq həmsədrlər tərəfindən də Ermənistana təzyiqlər var.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, artıq bu istiqamətdə müəyyən dəyişikliklər var: "Bunu artıq regionda, Ermənistanda və məsələdə maraqlı olan digər paytaxtlarda da bilirlər. Bu barədə hər gün danışılır, yazılır, şərhlər verilir. Ermənistana təzyiq artmalıdır və bu təzyiq başlayır. Bunun zahiri əlamətləri görünməsə də, təhlilçilər hiss edirlər. Amma bu, o demək deyil ki, ermənilər dərhal mövqelərindən çəkiləcəklər. İstənilən halda proses başlayıb. Bunu görməmək mümkün deyil.

Amerika ilə Rusiya arasında olan məsləhətləşmələrə gəldikdə, bu lazımlıdır. Rusiyanın fəallığı bütün deyilənlərə rəğmən artmalıdır. Moskva burada xarici qüvvələr arasında əsas oyunçudur. Digər iki tərəf isə bu münaqişədə Rusiyanın malik olduğu imkanların heç yarısına da malik deyil.

Yəni, Rusiya fəalığı artırsa, həqiqətən də müəyyən yeni proseslərin şahidi ola bilərik. Əvvəllər münaqişə ilə bağlı dolğun məlumatı olmayan xarici ekspertlər, məsləhətçilərə də artıq məlumdur ki, erməninin Azərbaycana aid olan ərazilərdə nə işi var? Bunu onlar necə ört-basdır edə, bəraət qazandıra bilərlər?

Aprel əməliyyatları göstərdi ki, regionda nə baş verir, kimdir işğalçı. Münaqişə ətrafında hansısa yolun tapılması prosesi dayanmayacaq, bu prosesi artıq saxlamaq olmayacaq. Azərbaycan haqq işini davam etdirəcək və bunu da daha ciddi şəkildə tələb edir. Ordu və iqtisadiyyatı ilə bağlı siyasətində Azərbaycan cəmiyyəti və xalqının məsələyə münasibətində hər şey ona köklənib ki, nəhayət, məsələdə haqq-ədalət bərpa olunsun. Haqq-ədalətin bərpa olunması isə Azərbaycanın pozulmuş ərazi bütövlüyünün təmin olunmasından keçir. Bunun detallarını da qoy cürbəcür adlarla təklif olunan planlarda nəzərə alsınlar".

Politoloq Elşən Manafov qeyd etdi ki, həmsədr ölkələr münaqişənin yenidən alovlanmasını istəmirsə, problemin həlli üçün optimal, səmərəli və impulsiv addımlar atmalıdırlar: "Prezidentin bəyanatı göstərir ki, ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlər arasında ciddi danışıqlar gedir. Bildiyiniz kimi, ABŞ və Rusiyanın bölgədə maraqları kifayət qədər fərqlidir və toqquşur. Lakin hər iki tərəf Azərbaycan Ordusunun keçən ayın əvvəllərində apardığı uğurlu hərbi əməliyyatlardan sonra anladı ki, status-kvonun uzun müddət bu kontekstdə qalması münaqişənin heç də "dondurulmuş" konflikt olması anlamında qəbul oluna bilməz.

Status-kvonun dəyişdirilməsi isə təbii ki, Ermənistanın bir dövlət kimi perspektivdə varlığını ciddi şübhə altında qoya bilər. Digər tərəfdən, hərbi əməliyyatların bərpa olunması bölgədə xüsusən Qərbin maraqlarına cavab verməyən bir situasiyanın yaranmasına səbəb olar. Çünki Azərbaycanın münaqişəyə cəlb olunması onun Qərbin enerji təhlükəsizliyində oynadığı rola mənfi kontekstdə təsir göstərər. Həmçinin, TAP, TANAP layihələrilə bağlı danışıqlarda müəyyən razılıqların əldə edilməsi də Qərbi bu kontekstdə daha fərqli münasibət sərgiləməyə vadar edir. Sadəcə olaraq, indi ABŞ prezident seçkiləri ərəfəsindədir. Təbii ki, bu fonda da ABŞ-dakı hər iki siyasi partiyanın diqqət mərkəzində dayanan başlıca məsələ daxili ictimai-siyasi durumdur. Bununla belə, ABŞ bölgədə marağına cavab verməyən bir mərkəzin yaranmasında da maraqlı deyil. Bütün hallarda məhz Rusiya prezidentinin hər iki tərəfin dövlət başçılarına məlum zəngindən sonra tərəflər atəşkəsin qorunması ilə bağlı öhdəliklərə əməl edəcəklərini bəyan etdilər. Azərbaycan tərəfinin mövqeyi kifayət qədər fərqli oldu. Azərbaycan tərəfi bəyan etdi ki, Ermənistana bundan sonra vaxt qazanmaq deyil, düşünmək üçün və nəhayət qeyri-konstriktiv mövqeyindən imtina etməklə bağlı vaxt verə bilərik. Bu bəyanat ciddi idi və görünür Rusiya xarici işlər naziri Sergey Lavrovun hər iki ölkə paytaxtına səfər edib danışıqlar aparması da Rusiyanın vəziyyətin gerçəkdən dəyişə bilməsilə bağlı marağından irəli gəlir.

Bütün hallarda Azərbaycan verdiyi bəyanatlara sadiqdir. Dağlıq Qarabağdan olan erməni soylu Azərbaycan vətəndaşlarının bundan sonda da hüquqi, demokratik, tolerant ölkəmizdə tam təhlikəsiz şəraitdə yaşamalarının qarantı olaraq çıxış edirik. Tərəflər Azərbaycanın mövqeyini bilirlər. Onlar bundan sonra da hərbi əməliyyatların bərpasını istəmirlərsə, danışıqlara impulsiv xarakter verməli və nəhayət vəziyyətin mövcud durumdan çıxması üçün daha konkret, səmərəli, optimal addımlar atılmalıdır".

Sizin Reklam Yeriniz