Əlaqə Arxiv
news Image
2016.05.04
17:00
| A A A
Elmar Məmmədyarov: Azərbaycan Aİ ilə münasibətlərində praqmatizmin sadiq tərəfdarı olub

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərində praqmatizmin sadiq tərəfdarı olub. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Praqada Vişeqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.


Nazir qeyd edib ki, Azərbaycan bu formatda ənənəvi illik görüşlərə böyük əhəmiyyət verir: "Vişeqrad Qrupu ilə əməkdaşlığın uğuru bu ölkələrlə ikitərəfli əlaqələrimizin əlamətdar göstəricilərinə əsaslanır. Biz birgə maraqlarımızı əks etdirən məsələlərə dair yüksək səviyyəli siyasi dialoqun inkişafını davam etdiririk. Xatırlatmaq istərdim ki, Azərbaycan Macarıstan və bu yaxınlarda Çex Respublikası ilə strateji tərəfdaşlıq qurub. 2015-cı ilin sentyabr ayında Çex Respublikası Prezidentinin və 2016-cı ilin mart ayında Macarıstanın Baş nazirinin Azərbaycana rəsmi səfərləri ikitərəfli münasibətlərin gündəliyinin inkişafına təkan verdi. Aİ üzv ölkələri arasında strateji tərəfdaşların sayının artması bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır".


E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Riqa Şərq Tərəfdaşlığı sammitində Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Sazişi layihəsini təqdim edib: "Biz əminik ki, bu saziş ikitərəfli əlaqələri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma rolunu oynayacaq. Bu yaxınlarda sözügedən saziş layihəsi üzrə birgə məsləhətləşmələri yekunlaşdırmışıq və hazırda danışıqların tezliklə başlamasını səbirsizliklə gözləyirik. V4 ölkələri Aİ kontekstində də bizim mühüm tərəfdaşımızdır və əminik ki, bizim önəmli Vışeqrad tərəfdaşlarımız Aİ Xarici Əlaqələr Şurası tərəfindən danışıqların aparılması üçün mandatın qəbul edilməsini təşviq edəcəklər".


XİN rəhbəri bildirib ki, Aİ qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar, həmçinin Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq: "Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti (AQS) Aİ ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırılması məqsədilə yenilənmiş AQS-də nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır".


Nazir əlavə edib ki, Azərbaycan özünün Avropa İttifaqı ilə münasibətlərində praqmatizmin sadiq tərəfdarı olub: "Bu yanaşma Azərbaycanın atdığı ən son addımlarda, xüsusən ikitərəfli əməkdaşlığın bərpasına yönəlmiş mövcud siyasi dialoq mexanizmində öz əksini tapır".

Sizin Reklam Yeriniz