news Image
2016.05.05
07:00
| A A A
Azərbaycan-Rusiya hərbi əməkdaşlığı ilə Ermənistana vurulan böyük zərbə
Elman Məmmədov: “Azərbaycanın Rusiya və digər ölkələrdən ən müasir silahları alması Ermənistanın canına qorxu və vəlvələ salıb, onları narahat etməyə başlayıb” Üzeyir Cəfərov: “Azərbaycanın aldığı müasir silahlar Ermənistana bir mesaj olmalıdır ki, ölkəmiz torpaqların azad edilməsi məsələsində çox qətiyyətlidir və heç kimə güzəştə getmək fikrində deyil”

Azərbaycana Rusiyadan alınmış hərbi döyüş texnikasının gətirilməsi davam edir. Bu da Bakı ilə Moskva arasında əldə olunmuş razılığa əsasən həyata keçirilir. Həmin razılaşmaya əsasən, Azərbaycana BMP-3-ün bazası əsasında hazırlanmış "Vena" adlı 120 mm-lik özüyeriyən artilleriya qurğuları və BTR-80-in bazası əsasında yenilənmiş və ən müasir döyüş avadanlıqları ilə təchiz olunmuş BTR-82A maşınları göndərilir.

Beləliklə, Ermənistanın narazılığına baxmayaraq, Rusiya Azərbaycana hərbi texnika satışını davam etdirir. Nəticədə Azərbaycan ordusu silah və hərbi texnika baxımından daha da güclənir. Bəs, bu vəziyyət Ermənistan üçün nə deməkdir? Bunu düşmən mövqelərinə növbəti zərbə hesab etmək olarmı?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycanın Rusiyadan ən müasir silahları gətirməsi Ermənistanın qorxuya, vəlvələyə düşməsi deməkdir: "Azərbaycan öz imkanları daxilində təkcə Rusiyadan deyil, dünyanın silah istehsal edən digər ölkələrindən də müasir, yüksək göztəricilərə malik silahlar alır. Mövcud vəziyyət bunu bizə diqtə edir. İlk növbədə ona görə ki, dövlət olaraq həmişə təhlükəsizliyimizin qayğısına qalmalıyıq. Dövlətimizin təhlükəsizliyini təmin etmək, bizə qarşı hər cür təxribatlara cavab vermək qabiliyyətində olmaq üçün ordumuzu ən müasir silahlarla silahlandırmalıyıq. Bu, bizim konstitusion borcumuzdur, bunu etməliyik. Digər tərəfdən, Azərbaycan müharibə vəziyyətindədir. Ermənistan torpaqlarımızı işğal edib və danışıqlarda da konstruktiv mövqeyə gəlmək istəmir. Ona görə də ordumuz hər an işğalçının istənilən təxribatına cavab vermək, torpaqlarımızı işğaldan azad etmək üçün ən yüksək döyüş qabiliyyətinə malik olmalıdır. Bu mənada başqa göstəricilərlə bərabər, silah-sursat təminatı qarşıda duran başlıca məsələlərdən biridir.

Müasir silahlara sahib olmaqla heç kimi hədələmirik, amma öz təhlükəsizliyimizi qorumaq üçün buna gedirik. Təbii ki, Azərbaycanın Rusiya və digər ölkələrdən ən müasir silahları alması Ermənistanın canına əməlli-başlı qorxu və vəlvələ salıb. Azərbaycanın bu sahədə də işğalçını həddən artıq üstələməsi İrəvanı narahat edir. Çünki onlar bizim torpaqları işğal edib və bilirlər ki, Azərbaycan Ordusu bu silahlardan istifadə etməklə tezliklə onları ərazilərimizdən süpürüb atacaq. Bakının Rusiyadan müasir silahlar almaqda davam etməsi həm də o deməkdir ki, Ermənistanın etirazına baxmayaraq, Moskva Azərbaycana silah satmaqda davam edir. Deməli, artıq Moskvada da erməniləri eşitməməyə başlayıb. Belədə, görürük ki, Ermənistan artıq Rusiya üçün o qədər də ciddi əhəmiyyət kəsb etmir".

Hərbçi-ekspert Üzeyir Cəfərovun fikrincə, Azərbaycanın müasir silahlarla təmin olunması Ermənistan üçün tezliklə işğal etdiyi torpaqlarımızdan qovulub çıxarılması demək olacaq: "Azərbaycanın öz hərbi gücünü möhkəmləndirməsi istiqamətində atdığı bütün addımlar düşmənə mesaj olmalıdır ki, ölkəmiz torpaqlarını azad etməkdə qətiyyətlidir. Ermənistanın siyasi və hərbi rəhbərliyi öz vətəndaşlarının həyatını düşünürsə, doğru və düzgün qərara gələrək işğal etdikləri torpaqlarımızdan çıxmalıdırlar. Əks halda proseslər dərinləşəcək ki, bu da Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək. Amma görünən odur ki, Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkməyib. Azərbaycan da bu fonda öz ordusunu ən müasir silah və hərbi texnika ilə təmin etməkdə davam edir. Bu prosesdə də məqsəd ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etsin.

Sözsüz ki, Azərbaycanın Rusiya və digər ölkələrdən ən müasir silahlar alması Ermənistanı qıcıqlandırır, onları hay-küy qoparmağa vadar edir. Bunlara əhəmiyyət vermək lazım deyil, öz düşünülmüş addımlarımızı atmaqda davam etməliyik. Torpaqlarımız azad olunduqdan sonra Ermənistan özünü yaxşı aparsa. hətta o müasir silahlardan onlara hədiyyə kimi təklif də edə bilərik. Əgər onlar mehriban qonşuluq prinsiplərinə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşsalar. Amma görünən odur ki, Ermənistan hələ də oyuncaq olaraq başqaları tərəfindən oynadılmaqda davam edir. Azərbaycanın aldığı müasir silahlar Ermənistana bir mesaj olmalıdır ki, ölkəmiz torpaqların azad edilməsi məsələsində çox qətiyyətlidir və heç kimə güzəştə getmək fikrində də deyil. Bu istiqamətdə Azərbaycan lazım gələn hər işi edəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs