news Image
2016.05.05
08:00
| A A A
Qarabağ danışıqlarında yeni vəziyyət yaranır
Araz Aslanlı: “1997-ci ildə tərəflərə təklif olunan mərhələli həlli Levon Ter-Petrosyan qəbul etmişdi” Qabil Hüseynli: “Petrosyan vaxtı ilə sülh yaradılması prosesinə tərəfdar idi”

Aprel döyüşlərindən sonra Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın fəallaşdığı hiss olunur. Belə ki, ötən ayın 9-da Ermənistan prezidenti Serj Sarkisyan Levon Ter-Petrosyanla bir araya gəldi. Görüşdə Dağlıq Qarabağdakı hazırki vəziyyət müzakirə olundu. Mayın 2-də isə Levon Ter-Petrosyan Dağlıq Qarabağa getdi. Xankəndində o, Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşdü.

Xatırladaq ki, eks prezident Qarabağ münaqişəsinin mərhələli şəklində həllinin tərəfdarı olub. "Dördgünlük müharibə"dən sonra "Lavrov planı" olaraq gündəmə gələn təkliflərə əsasən, ilkin mərhələdə erməni hərbi birləşmələr Dağlıq Qarabağ ətrafında 7 rayondan 5-ni boşaldır, sonrakı mərhələdə iki rayonun qaytarılması prosesi gedir. Bu baxımdan bir sıra siyasilər Levon Ter-Petrosyanın aktivləşməsini mərhələli həll planın işə düşəcəyindən xəbər verdiyini deyirlər.

Onu qeyd edək ki, bu arada "İrs" partiyasından olan deputat Zarui Postancyan da oxşar açıqlama ilə çıxış edib. O bildirib ki, Serj Sarkisyan Rusiyanın təklifinə əsasən ətraf rayonları qaytarmağa hazırdır: "Sadəcə olaraq, ictimai rəyi buna kökləmək siyasəti aparılır. Bu proses yaxın gələcəkdə başa çatdırılacaq, daha sonra ərazilər boşaldılacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi, politoloq Araz Aslanlı hesab edir ki, Petrosyanın fəallaşmasını sırf mərhələli həll ilə əlaqələndirmək düzgün olmaz: "Ancaq bu da ola bilər. Çünki, 1997-ci ildə tərəflərə təklif olunan planlardan mərhələli həlli Levon Ter-Petrosyan qəbul etmək istəyirdi, hətta qəbul etmişdi. Sadəcə olaraq, Ermənistanda fərqli proseslər baş verdi, ona görə də mərhələli həll reallaşmadı. Yəqin ki, prsosesləri bu şəkildə idarə edən Ermənistanın özü deyildi. Kənar amilərin də rolu var idi. Amma indiki vəziyyətdə Petrosyanın fəallaşması iki məsələ ilə bağlı ola bilər. Birincisi, son proseselərdə Ermənistanın Rusiyadan gözləntiləri reallaşmadı. Gözləntilər reallaşmadığı üçün Rusiyaya qarşı reaksiyalar artdı. Reaksiyaların fonunda Rusiyadan uzaq bir şəxs – Petrosyan cəmiyyətdə mövqe qazandı. Bununla bəlkə də Rusiyaya mesaj vermək istəyirlər ki, son hadisələrdə Rusiyanın tutduğu mövqedən narazılıq var.

Uzunmüddətli narazılıq cəbhə hadisələrindən sonra yaranmayıb. Rusiyanın Azərbaycana silah satması, Rusiyanın Ermənistana verdiyi qazın qiyməti, elektrik enerjisi ilə bağlı kimi məsələlərə görə Kremlə qarşı ittihamlar səslənir. Aprel döyüşlərindən sonra isə etirazlar daha da radikallaşdı. Petrosyanın həm Dağlıq Qarabağa səfərini, həm də Sarksiyanla görüşməsini bu kontekstdə dəyərləndirmək olar. Yəni, Ermənistan Rusiyaya mesaj vermək istəyir ki, daxildə səni qəbul etməyən qüvvələr var, proseslər sənin nəzarətində qalmaya bilər. Digər variant isə Rusiyanın da mərhələli həll paketinin olmasıdır. Hansı ki, bunu Azərbaycan xarici işlər naziri də dedi. Ancaq Rusiyanın təqdim etdiyi mərhələli həll klassik mənada başa düşdüyümüz mərhələli həll deyil. Əgər belə olsa idi, Elmar Məmmədyarov "aysberqin görünən və görünməyən tərəfləri var", deməzdi. Ancaq klassik mərhələli həlldə bütün məqamlar görünən idi. Nazirin dediyindən belə çıxır ki, artıq fərqli yanaşma var. Ola bilsin ki, təklif edilən planda Qarabağda yaşayan erməniləri də prosesdən razı salmaq üçün istifadə olunur. Yəni, Rusiyanın təklifi varsa, Ermənistan ictimaiyyətinin bütün təbəqələrini razı salmaq lazımdır. Çünki, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Ermənistan BMT-nin qətnaməsinin icrasını qəbul edirdi. Lakin iddia irəli sürürdü ki, işğal edilmiş ərazilərdə yaşayan ermənilər bunu qəbul etməyəcək. Yəni, mərhələli həllə Ermənistandakı bütün təbəqələr razı olmalıdır".

Digər siyasi şərhçi Qabil Hüseynli də hesab edir ki, hazırda mərhələli həll planı gündəmdədir. "Paket varinatının heç bir tərəf hazır deyil. Paket variantı bütün problemlərin bir neçə gün ərzində həlliin ehtiva edir. Petrosyan da vaxtı ilə sülh yaradılması prosesinə tərəfdar idi. Ancaq indi fərqli danışmağa başlayıb. Sarkisyanı müdafiə etməkdədir. Millətçilik ideyaları yenidən oyanıb. Bu baxımdan onun bizə müsbət tərəfi ondan ibarətdir ki, danışıqların, sülh yaradılması prosesinin tərəfdarı, müharibənin əleyhinədir. Bu mənada Sarkisyana pozitiv təsir göstərə bilər.

Artıq Ermənistan mediası Ermənistanın danışıqlar prosesinə qayıtdığını yazır. Ümumiyyətlə, hazırda regionda mürəkkəb hadisələr gedir. ABŞ Gürcüstan ilə irimiqyaslı hərbi-təlim keçirmək istəyir. Eyni zamanda Rusiya Dağlıq Qarabağa sülhməramlı qoşun adı altında qoşun yeritmək istəyir. Yəni, hadisələr getdikcə qızışır. Odur ki, sülh danışıqlarına müəyyən şərait yaransa da, bu, aldadıcı ola bilər. Çünki, Qərb Rusiyanın Cənubi Qafqazda irəliləməsinin dayandırılması istiqamətində səylər göstərir. Bunun özü müsbət haldır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs