Əlaqə Arxiv
news Image
2016.05.05
09:00
| A A A
İşğal edilmiş ərazilərdən ermənilərin kütləvi qaçışı başlanır
İlqar Vəlizadə: “Dağlıq Qarabağ bölgəsində təkcə hərbi, siyasi yox, hətta mənəvi vəziyyət də dəyişib” Sahil İskəndərov: “Bu proses davamlı xarakter daşıyacaq və get-gedə daha da sürətlənəcək”

Ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərindən qaçışı başlayıb. Artıq işğal altında olan Azərbaycanın Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıb. Bunu Talış kəndindəki erməni icmasının əlaqələndiricisi Slava Bayunst da təsdiq edib. Məlumata görə, atəşkəs elan olunandan sonra bütövlükdə 370 erməni Talış kəndindən gedib.

Siyasi təhlilçilərin qənaətincə, proses davamlı olacaq. Mülki əhalinin həmin əraziləri tərk etməsinin eyni zamanda Dağlıq Qarabağ münaqişəsini həllinə də təsiri qaçılmazdır.

Siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, Azərbaycan Ordusu irəli getdikcə ermənilər təşvişə düşüb qaçırlar: "Ancaq hazırda biz öz mövqeyimizdə dayannmışıq. Eyni zamanda qoşuna mülki erməni əhalisini atəşə tutmaması ilə bağlı əmr verilib. Əsas diqqətimiz ermənilərin hərbi hədəflərinə yönəldilib. Ona görə də indiki mövqedə ermənilərin kütləvi şəkildə axınını gözləmək çətindir.

Digər tərəfdən Azərbaycan heç bunu istəmir. Çünki, erməni dünyaya car çəkəcək ki, Azərbaycan Dağlıq Qarabağda etnik təmizləmə işlərinə başlayıb: "Məhz mülki əhali hədəfə almaqla onları yaşadıqları ərazidən qaçmağa məcbur edir". Biz isə proseslərin bu cür inkişafını istəmirik. Ona görə də ehtiyatlı davranırıq. Erməni tərəfi isə Azərbaycanın mülki əhalisini hədəfə alır. Lakin Azərbaycan mülki əhalisi heç bir yerə getmir, öz yurdlarında dayanıblar. Ancaq Ermənistan tərəfində tam fərqli mənzərəni seyr edirik. Bu, o deməkdir ki, Dağlıq Qarabağ bölgəsində təkcə hərbi, siyasi yox, hətta mənəvi vəziyyət də dəyişib. İnsanlar müxtəlif reaksiya verirlər. Azərbaycanda mülki əhali mövqelərində dayanmaqla ordunu dəstəkləyir, Ermənistanda isə vəziyyət tam fərqlidir. Ermənistan əhalisi öz ordusunu dəstəkləmir. Biz ordumuza etibar edirik, onlar isə yox. Çünki, bilirlər ki, ordu hər an qaça bilər. Ona görə də təşvişə düşüb özləri qaçırlar".

Politoloq əlavə etdi ki, son hadisələrdən ermənilərin bir nəticə çıxaracağı inandırıcı görünmür: "Onlarda real düşünmə qabiliyyəti yoxdur. Vəziyyəti olduğu kimi təhlil etmirlər. Nəticədə də yanlış mövqedə dayanırlar. Ermənistan cəmiyyəti çaşıb. Bu çaşqınlıq illər boyu sürən siyasətin nəticəsidir. Onlar ümumiyyətlə, vəziyyətin köklü surətdə dəyişəcəyini gözləmirlər. Nə qədər ki lazımi nəticə çıxarmayacaqlar, o qədər özləri üçün pis olacaq. Yəni, qoşunları qeyri-şərtsiz torpaqları tərk etməlidir".

Digər siyasi şərhçi Sahil İskəndərov bildirir ki, ermənilərin yaşayış məntəqələrini tərk etmə prosesi hələ tam işə düşməyib: "Ermənilərin Azərbaycanın işğal altındakı bəzi yaşayış məntəqələrini tərk etməsi ilk növbədə oralarda indiyədək obrazlı desək, partizan kimi və qeyri-müəyyən statusda yaşamaları olub. Yəni, vaxtı ilə onları bu torpaqlarda məskunlaşmağa səsləyən Ermənistan hakimiyyəti bu ailələrin orada kök salması üçün heç bir addım atmayıb və əslində, bunu edəsi də deyil. Çünki, rəsmi İrəvan həmin ərazilərin gec-tez, sülh və ya hərbi əməliyyatlar yolu ilə Azərbaycana qaytarılacağının yaxşı fərqindədir. Buna əmin olmaq üçün bir neçə gün əvvəl Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyanın Dağlıq Qarabağ ətrafındakı beş rayona Ermənistanın heç bir iddiası olmadığı barədə verdiyi bəyanatı xatırlatmaq kifayətdir.

Digər tərəfdən isə Azərbaycan Ordusunun aprelin əvvəllərində işğalçı qüvvələrə ağır zərbələr endirməsi və böyük bir ərazi üzərində ən azı vizual nəzarəti ələ almağa imkan verən bir neçə strateji yüksəkliyi tutması, həmin ərazilərdə yaşayan ermənilərin hansı təhlükə ilə üz-üzə qaldıqlarını göstərdi. Bu reallıq fonunda isə normal düşüncəli adamın orada qalıb yaşaması nonsensdir. Məhz bu məqamlardan çıxış edərək, birmənalı şəkildə söyləmək olar ki, bu proses davamlı xarakter daşıyacaq və get-gedə daha da sürətlənəcək".

Politoloqun fikrincə, bu hal Dağlıq Qarabağ ətrafında danışıqlar prosesinə müstəsna qaydada və təkbaşına nə isə vəd etməyərək, cərəyan edən hadisələrin ümumi kontekstinə təsir edə biləcək ciddi faktorlardan biri rolunu oynayır: "Sözsüz ki, erməni işğalçı qüvvələri tərəfindən viranə qoyulmuş və xarabazara çevrilmiş ərazilər üstündə yadellilərin müharibə aparmasını elə onların öz soydaşalrı, yəni sadə ermənilər dəstəkləməyəcəklər. Bu baxımdan, ulu ustadımız Dədə Qorqudun bir müdrik kəlamını yada salmaq lap yerinə düşür: "Torpağı əkib-becərmədinsə, onu qorumağa dəyməz. Yox, əgər qorumadınsa, onda əkib-becərməyə dəyməz". İndi gəlin bu müdrik ifadəni Ermənistanın təcavüzkar siyasətinə ekstropolyasiya edək: əgər işğal altındakı Azərbaycan əraziləri xarabazara çevrilibsə, onları tutmağa nə hacət vardı, yox əgər qorumaq fikriniz varsa, niyə əkib-becərmirsiniz və ora köçürdüyünüz erməniləri başlı-başına buraxırsınız? Deməli, hasil olan nəticə budur ki, ermənilərin oraları tərk etməsi danışıqlar prosesində rəsmi İrəvanın mövqelərini xeyli zəiflədir. Bu prosesin dönməz olduğunu yaxşı dərk edən Ermənistan hakimiyyətinin saysız-hesabsız bir-birinə diametral şəkildə zidd bəyanatlar səsləndirməsi də məhz bununla izah olunur".

Sizin Reklam Yeriniz