news Image
2016.05.05
09:15
| A A A
Düşmən ölkədə Qarabağ isterikası
Elman Nəsirov: “Ermənistanın danışıqlardan imtina etməsi alternativ variantın aktuallığını artıracaq” Elşən Mustafayev: “Ermənistanın təxribatları danışıqlar prosesinin nəticəsinin olmamasına xidmət edir”

Aprelin əvvəlindən Azərbaycan Ordusunun ciddi zərbələrinə tuş gələn erməni işğalçıları son günlər cəbhə xəttində daha çox təxribat törətməyə başlayıblar. Onlar əsasən də mülki əhalinin məskunlaşdığı əraziləri atəşə tuturlar. Halbuki aprel döyüşlərindən sonra Moskvada atəşkəs haqqında razılıq əldə olundu. Lakin görünən odur ki, həmin razılığa baxmayaraq, Ermənistan bir tərəfdən danışıqlardan boyun qaçırır, digər tərəfdən isə təxribatçı hərəkətlərini davam etdirirlər.

Görəsən, cəbhədə düşmən təxribatı davam etdiyi halda bu vəziyyət Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlar prosesinə necə təsir edəcək? Ermənilərin bu hərəkətini danışıqlara zərbə saymaq olarmı və ona qarşı hansı addımlar atılmalıdır?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, Ermənistanın danışıqlardan imtina etməsi alternativ variantın aktuallığını artıracaq: "Əslində, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdiyi aprel ayının 2-dən 5-nə kimi olan 4 günlük döyüşlərin gedişatında ordumuzun gücü, potensialı nümayiş olundu. Bundan sonra isə münaqişənin tənzimlənməsi məsələsində yeni mərhələ başlayır. Yeni mərhələnin xüsusiyyəti də ondan ibarətdir ki, Azərbaycan tərəfi danışıqlara hazır olduğunu bəyan edib. Danışıqlara hazır olmaq isə o deməkdir ki, Azərbaycanın konkret hədəfləri, fəaliyyət planı var. Ermənistan isə danışıqlardan imtina edib. Amma hesab edirəm ki, indiki halda danışıqlardan imtina və ona hazır olmamağın özü onunla bağlıdır ki, Ermənistanın yeni situasiyada mövqeyi formalaşmayıb. O, özünü köhnə qaydada apara bilmir, çünki aprel reallığı ilə qaydalar dəyişib. Təzə qaydalar isə Ermənistanda formalaşmayıb ki, aprel məğlubiyyətindən sonra hansı formada davranış həyata keçirməyi müəyyənləşdirsin.

Ermənistan onun fərqindədir ki, münaqişənin tənzimlənməsilə bağlı beynəlxalq birliyin əleyhinə gedə bilməz. Əks halda, təklənmiş vəziyyətə düşəcək. Çünki indiki reallıqda bütün dünya münaqişənin yalnız sülh yolu ilə tənzimlənməsini tələb edir. Danışıqlardan imtina isə praktik olaraq, ona alternativi, müharibəni aktuallaşdıra bilər. Bütün dünya, ATƏT-in Minsk qrupu isə bunun əleyhinədir. Ona görə Ermənistanda yaxşı bilirlər ki, bu vəziyyətdə onlar istər-istəməz geri çəkilməlidirlər. Lakin geri çəkilmənin özü ilə bağlı da Ermənistanda mövqe formalaşmayıb.

Formalaşmaya maneə olan amillərdən biri Ermənistanda siyasi hakimiyyətlə hərbi elita arasında ciddi ziddiyyətlərin olması ilə bağlıdır. Serj Sarkisyanın 3 generalı işdən qovmasına erməni generaliteti mənfi reaksiya verib. Onlar hesab edir ki, problem heç də ayrı-ayrı generallarda deyil, ölkədəki Sarkisyanın korrupsioner rejimindədir. Yəni, yaranmış problemin səbəbi rejimin özü ilə bağlıdır. Habelə siyasi hakimiyyət daxilində də ixtilaflar yaşanmaqdadır. Ermənistan Prezidenti danışıqlardan imitna etdiyi halda, xarici işlər naziri situasiyanı daha dəqiq analiz edərək danışıqlara getməyin vacibliyini bildirir. Deməli, prezidentlə XİN rəhbəri məsələyə fərqli yanaşırlar. Başqa bir tərəfdən, İrəvan hakimiyyəti ilə Dağlıq Qarabağdakı qondarma rejim arasında da ixtilaflar yaşanır. İrəvanda hakimiyyətdə olan Qarabağ klanı ilə yerli ermənilər arasında da ciddi ziddiyyətlər mövcuddur. Bütün bunların fonunda ən güclü amil ondan ibarətdir ki, erməni xalqı daha heç bir halda Sarkisyan rejimini müdafiə etmir. Belə bir vəziyyət əsnasında Ermənistan rəhbərliyi yeni situasiyaya faktiki olaraq uyğunlaşa bilməyib. Ona görə də yaranmış pauzanı cəbhə xəttində təxribat törətməklə doldurmağa çalışırlar. Bu təxribatlar fonunda da çalışırlar ki, yeni bir mövqeni ortaya qoya bilsinlər. Sarkisyanın keçmiş prezident Levon Ter-Petrosyanla görüşməsi, ikincinin qondarma "respublikaya" səfər edərək məsləhətləşmələr aparması da bu məqsədə xidmət edir ki, nəhayət yeni situasiyada Ermənistanın konkret bir mövqeyi olsun və axına qarşı üzmüş vəziyyətdə qalmasınlar. İndiki mərhələdə Rusiyanın başı 9 may qələbə gününü qeyd etməyə qarışıb. Mayın 9-dan sonra isə istisna deyil ki, Ermənistan prezidenti Moskvaya dəvət edilsin və burada məsləhətləşmələr aparsın. Burada artıq danışıqlara getməyin vacib olduğu və bunun alternativinin olmadığı ona başa salına bilər. Belə olan təqdirdə mayın sonlarına yaxın Ermənistanın danışıqlara hazır olduğuna dair müəyyən siqnallar eşidə bilərik. Sadəcə, gözləmək lazımdır. Əks halda, Ermənistan danışıqlardan imtina edərsə, alternativ variant aktuallaşacaq. 4 günlük döyüşlər də göstərdi ki, Ermənistan heç bir halda müharibəyə hazır deyil, bu ölkədə ordu və siyasi hakimiyyət son dərəcədə zəif bir durumdadır".

Politoloq Elşən Mustafayev düşünür ki, erməni tərəfinin atəşkəsdən sonra da təxribatlardan əl çəkməməsi onun danışıqlar prosesini uzatmağa çalışmasına xidmət edir: "4 günlik müharibə ilə Azərbaycan Ordusu bir sıra ərazilərimizi düşməndən azad etdi. Son olaraq Rusiyanın təkidi və Ermənistanın istəyilə atəşkəsə gedildi. Amma sonda danışıqlara gedilməli və problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu isə Ermənistanı qane etmir.

Ermənistanın təxribatları danışıqlar prosesinin nəticəsinin olmamasına xidmət edir. Bütün bu proseslərin sonunda da bölgədə sakitlik olmadan danışıqların baş tuta bilməyəcəyi düşüncəsini ortaya atmaqla, əraziyə sülhməramlıların yeridilməsinə çalışırlar".




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs