news Image
2016.05.06
08:00
| A A A
Ermənistanda yeni Dağlıq Qarabağ avantürası
Mais Gülalıyev: “İrəvanın separatçı rejimin müstəqilliyini tanımaq cəhdi müharibəni qaçılmaz edəcək” Qabil Hüseynli: “Bunun baş verməsi danışıqlar prosesinin dayanmasına gətirib çıxaracaq”

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin müstəqilliyinin tanınması məsələsində Ermənistanda ziddiyyətli vəziyyət hökm sürür. Aprelin əvvəlində işğalçı Ermənistan ordusunun cəbhədə aldığı sarsıdıcı məğlubiyyətdən sonra erməni cəmiyyətində bir sıra dairələr separatçı rejimin tanınması məsələsini gündəmə gətirməyə çalışlar. Bunun əksiən çıxanlar da var.

Qeyd edəkki, mayın 5-də Ermənistan hökuməti müxalifətdən olan deputatlar Zauri Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanan, qondarma "DQR"in tanınmasını nəzərdə tutan qanun layihəsinə baxıb.

İclasda Ermənistan XİN-in rəyi qəbul edilib və qanun layihəsi parlamentə göndərilib. XİN-in rəyində deyilir ki, "DQR"in tanınmasına dair qanun layihəsinin qəbul edilməsi Ermənstanla Dağlıq Qarabağ arasında aparılmış müzakirələrin nəticəsidir.

İclasdan sonra layihənin müəlliflərindən olan Zauri Postancyan jurnalistlərə bildirib ki, hökumət bununla "DQR-in tanınması prosedurunu" başladıb.

Növbəti mərhələdə parlament həmin qanun layihəsinə baxmalıdır. İndiyədək iki dəfə parlamentə "DQR"-in tanınması barədə layihə təqdim edilib, ancaq Ermənistanın hakim partiyası layihəni heç müzakirəyə də çıxarmağa cəsarət etməyib. İndi belə görünür ki, İrəvanda bu məsələdə bir qədər irəli getməyi, hökumətin təqdimatı ilə məsələyə parlamentdə baxmağı qərara alıblar. Məlumata görə, "DQR"in  tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.


Aydındır ki, bütün bunlar artıq Ermənistanın sülh danışıqları ilə yola gəlmək niyyətində olmadığıın göstərir. Belə vəziyyət həm də Minsk qrupunun vasitəçilik missiyasına son qoyulması deməkdir. 

Politoloq Mais Gülalıyev bildirdi ki, İrəvanın separatçı rejimin müstəqilliyini tanımaq cəhdi müharibəni qaçılmaz edəcək: "Ermənistanın Dağlıq Qarabağdaki separatçı rejimin müstəqilliyini tanıması proseslərə ciddi şəkildə mənfi təsir edəcək. Bu günə qədər hətta Ermənistanın özü separatçı rejimin müstəqilliyini tanımayıb. Baxmayaraq ki, Dağlıq Qarabağda separatçı hərəkatı Ermənistan başlayıb, bura qoşun yeridib, ərazini maliyyə, texniki, hərbi cəhətdən təmin edir. Ümumiyyətlə, bütün çirkin vasitələrdən yararlanıb ki, Dağlıq Qarabağdakı ermənilər separatçı hərəkatla məşğul olsunlar. Buna baxmayaraq, bu günə qədər İrəvanın özü də həmin saxta rejimin müstəqilliyini tanımayıb. Elə bu addımın özü Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ üzrə danışıqların keçirilməsinə müəyyən ümidlər yaradıb.

İndi Ermənistan belə bir avantürist addıma gedərsə, bu halda Azərbaycanın müharibədən başqa çıxış yolu qalmır. Onsuz da bu günə qədər də  beynəlxalq hüquq pozulub. Bununla belə  separtçı rejimin müstəqilliyinin tanınması o demək olacaq ki, artıq beynəlxalq hüquqla bağlı bütün qırmızı xətlər keçilir. Onda da müharibədən başqa digər çıxış yolu qalmır. Ermənistan danışıqlar stolu arxasına gəlmir, işğalçı qoşunu da çıxarmaq istəmir. Heç bir beynəlxalq hüquqa əməl etmir, regional, beynəlxalq təhlükəsizliyi nəzərə almır. Belə olan halda problemin həlli üçün başqa yollar qalmır. Ermənistan Azərbaycanı müharibəyə təhrik edir. Böyük ehtimalla, Ermənistan ona hesablayıb ki, müharibə başlayarsa, Moskva onun tərəfində dayanacaq və problem bir qədər də genişlənərək Rusiya-Türkiyə müharibəsinə gətirib çıxaracaq. Nəticədə region qarışacaq və bu qarışıqlıqdan istifadə edib, bölgəyə Rusiya qoşunları və yaxud beynəlxalq qüvvələr daxil ola bilər. Beləliklə də, Ermənistan düşünür ki, bu yolla bulanıq suda balıq tuta bilərlər. Onlar prosesləri buna hesablayıblar. Ancaq aprel ayındakı 4 günlük müharibədə Azərbaycan Ordusunun gücünü görəndən sonra Ermənistanın gələcəyə hesablanmış həmin ümidləri puça çıxır. Çünki 4 günlük müharibədə Azərbaycan Ordusunun erməniləri darmadağın etməsi İrəvana bir daha göstərdi ki, onlar birbaşa olaraq ölkəmizlə münaqişəyə girə bilməzlər. Bu səbəbdən də  danışıqların davam etdirilməsi üçün inanmıram ki, Ermənistan separatçı rejimin tanınması yolunu tutsun. Bunu ölkədəki bəzi qüvvələr, bir sıra siyasi təşkilatlar tələb etsə də, inanmıram ki,  İrəvan buna getsin". 

Həmsöhbətimiz qeyd etdi ki, Ermənistanı belə axmaq niyyətdən çəkindirmək üçün ATƏT-in Minsk qrupu real olaraq problemin həllinə nail olmalıdır: "Qurum əsasnaməsinə uyğun olaraq bu günə qədər münaqişənin çözülməsilə bağlı addım atmalı idi. Amma təəssüf ki, hələlik bunu etməyib. Birdəfəlik problemi həll etmək gərəkdir. Münaqişənin dondurulması bütün tərəflərə ziyandır. Ona görə də problemi həll etmək lazımdır. 

Dağlıq Qarabağ ərazisinin Azərbaycandan ayrılaraq müstəqil olması, ya da Ermənistana qatılması məsələsindən birdəfəlik əl çəkmək lazımdır. Ermənistan tərəfi də anlamalıdır ki, bu, mümkün olan məsələ deyil. Belədə onlar nə qədər tez bir müddətdə Azərbaycanla sülh müqaviləsi bağlayıb, qonşuluq münasibətlərini bərpa edib, iqtisadi cəhətdən inteqrasiya etsə, bunun Ermənistan cəmiyyətinin bu günü, gələcəyi üçün də faydası olar. Minsk qrupu da bu istiqamətdə beynəlxalq hüququ, BMT qətnamələrini təmin etməlidir. Ermənistan işğalçı dövlətdir, Azərbaycan torpaqlarını işğal edib. Bu, o qədər aydındır ki, onun üçün ortalıga fakt qoymağa ehtiyac yoxdur. Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri ən adi məntiqdən çıxış edərək Ermənistandan sağlam düşüncəyə riayət etməyi tələb etməlidir.  Birinci növbədə Azərbaycan torpaqları işğaldan azad olmalıdır. Bütün dünya qəbul edir ki, bu işğaldır".

Politoloq Qabil Hüseynlinin fikrincə isə, İrəvanın separtçı rejimi tanımaq yolunu tutması danışıqlar prosesinə son qoya bilər: "Əslində, Ermənistanın separatçı rejimin müstəqilliyini tanıma ehtimalı minimaldır. Hətta deyərdim ki, yox dərəcəsindədir. Amma bu hal baş verərsə, deməli, danışıqlar prosesinin dayandırılmasına gətirib çıxara bilər. Eyni zamanda, həmin an bölgədə tamamilə yeni bir vəziyyət formalaşar. Tanıma aktı  Ermənistanın Azərbaycana müharibə élan etməsi kimi görünür ki, bu da BMT və digər beynəlxalq təşkilatların müzakirə obyektidir. Bütün hallarda tanınma aktının ola biləcəyinə inanmıram".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs