Əlaqə Arxiv
news Image
2016.05.13
07:00
| A A A
Qadağan olunmuş silahlardan istifadə etməklə Ermənistan yeni hərbi cinayətlərə yol verir
Azər Həsrət: “Qadağan olunmuş silahlardan istifadəyə görə, dünya ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb edə, ona qarşı sanksiyalar tətbiq edə bilər” Əliməmməd Nuriyev: “Baş vermiş olay Ermənistana qarşı bəzi sanksiyaların tətbiqinə gətirib çıxara bilər”

Ermənilərin dinc əhaliyə qarşı beynəlxalq protokol və konvensiyalarla qadağan olunmuş silahdan istifadə etmələri dəqiq sübuta yetirildi. Məlumat verildiyi kimi Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatına əsasən, Tərtər rayonunda partlamamış döyüş sursatlarının axtarışı və zərərsizləşdirilməsi zamanı partlamamış fosforlu hərbi sursatlar aşkarlanıb. Bu mərmilər də həmin ərazidə yaşayan dinc əhaliyə atılıb.

Baş vermiş olayla Azərbaycanda akkreditasiya olunmuş hərbi attaşelər də tanış olublar. Belə ki, onlar sözügedən əraziyə baş çəkiblər. 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerə baş çəkiblər. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da Ermənistanın qadağan olunmuş silahdan istifadə etmə faktını və İrəvanın nüvə silahının yaradılması haqqında bəyanatını şərh edərkən bildirib ki, buna yol vermək olmaz. Ortada olan faktlar da bir daha göstərir ki, Ermənistan heç bir fəaliyyətini, hətta müharibə aparmaq qaydalarını belə beynəlxalq norma və prinsiplərə uyğun aparmır.

Siyasi şərhçi Azər Həsrət bildirdi ki, qadağan olunmuş silahlardan istifadəyə görə, dünya ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb edə, ona qarşı sanksiyalar tətbiq edə bilər: "Ermənistanın qadağan olunmuş silahlara əl atması bu ölkənin gücsüz və zəif olduğunu bir daha təsdiqləyir. Adətən, güclü tərəf heç zaman qadağan olunmuş silahlara əl atmır. Çünki onun qadağan olunmamış mövcud silah-sursatı da müharibəni uğurla aparmağa imkan verir. Lakin Ermənistanın belə imkanı olmadığından o, Azərbaycanda qorxu yaratmaq, qarmaqarışıqlıq salmaq üçün qadağan olunmuş silahdan, fosforlu mərmilərdən istifadə edir. Əmin mərmilər dinc əhaliyə də böyük ziyan verə bilir. Ermənistanın belə silahlardan istifadə etməsinə dünyanın yetərincə reaksiya verməməsi illərdir əziyyət çəkdiyimiz ikili standartlarla bağlıdır. Azərbaycana münasibətdə əksər hallarda belə ikili standartlardan yararlanmağa çalışıblar. İndiki halda ortalıqda konkret fakt var. Azərbaycan hökuməti hətta xarici ölkələrin Bakıdakı səfirliklərin hərbi attaşelərini həmin əraziyə apararaq fosforlu mərmini onlara göstərib. Bu halda dünya ictimaiyyəti, xüsusən də dünyanı idarə edən güclər sərt bəyanatlarla çıxış etməli, Ermənistana qarşı müəyyən addımlar atmaq üçün hərəkətə keçməli idilər. Bu cür silahların istifadəsini qadağan edən beynəlxalq sənədlər mövcuddur. Həmin sənədlər çərçivəsində bu silahdan istifadə edən ölkəyə qarşı atılacaq addımlar nəzərdə tutulur. Belə addımlar sırasında bir dövlət kimi Ermənistanın məsuliyyətə cəlb edilməsi, ona qarşı konkret sanksiyaların tətbiqi yolları haqqında düşünmək olar. Lakin ikili standartlar mövcud olduğundan bu addımların yaxın vaxtlarda atılacağı şübhəlidir. Amma Ermənistan belə əməlini davam etdirərsə, əminəm ki, dünya ictimaiyyəti sadəcə, fakt qarşısında qalıb Ermənistana qarşı tədbirlərin görülməsi istiqamətində hərəkətə keçəcək".

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd etdi ki, Ermənistanın sözügedən fəaliyyəti terror hərəkətidir: "Ermənistan tərəfindən kimyəvi mərmilərin tətbiqilə bağlı məlumatlar yayılıb. Azərbaycanın Tərtər rayonu ərazisinə belə mərmilərin atıldığı barədə faktlar da ortalıqdadır. Şübhəsiz ki, Azərbaycan tərəfi bütün səviyyələrdə bu məsələni beynəlxalq təşkilatlar, həmsədr ölkələri qarşısında qaldırmalıdır, artıq qaldırılıb da.

Ayrı-ayrı silah növləri var ki, onların müharibə zamanı tətbiqi qadağandır. Bu müqavilələrdən gələn öhdəliklərin yerinə yetirilməməsi meydanda olduğundan Azərbaycan məsələ ilə bağlı bütün beynəlxalq təşkilatları məlumatlandırmalıdır. Bu hal əraziyə faktaraşdırıcı missiyanın gəlməsinə də imkan verər. Artıq bununla bağlı Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar da öz mülahizələrini söyləməyə başlayıb. Baş vermiş olay Ermənistana qarşı bəzi sanksiyaların tətbiqinə də gətirib çıxara bilər. Avropada belə bir fikir genişlənir ki, Ermənistan nüvə komponentinə malik silahlarla terror hədəsi həyata keçirməyə çalışır. Belədə Ermənistanın bu hərəkəti kimyəvi terrorun tətbiqi kimi də qəbul edilə bilər. Ermənistan nüvə terrorunu dövlət səviyyəsində həyata keçirir. Bununla özünün terrorçu dövlət olduğunu bir daha göstərmiş olur. Sadəcə olaraq, bu məsələləri zamanında çatdırmalıyıq. Təcili olaraq Minsk qrupu və BMT-nin müvafiq qrupunun Azərbaycana gələrək araşdırmalara başlaması vacibdir. Ermənistanın bu hərəkəti təkcə Cənubi Qafqaz deyil, bütün region üçün ciddi təhdiddir. Belə silahlar digər terrorçu qrupların da əlinə keçə bilər. O baxımdan beynəlxalq ictimaiyyət məsələ ətrafında ciddi adımlar atmalıdır".




Sizin Reklam Yeriniz