Əlaqə Arxiv
news Image
2016.05.13
08:00
| A A A
Mülki vətəndaşlara qarşı qadağan edilmiş silahların tətbiqi ermənilərə baha başa gələcək
Zahid Oruc: «Onlar müharibəni qadağan edilmiş vasitələrlə aparırlar» Asim Mollazadə: “Kimyəvi silahların istifadə məsələsində Ermənistanın cinayətləri göz qarşısındadır”

Məlumdur ki, ermənilərin dinc əhaliyə qarşı beynəlxalq protokol və konvensiyalarla qadağan olunmuş silahdan istifadə edirlər. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatına əsasən, Tərtər rayonunda partlamamış döyüş sursatlarının axtarışı və zərərsizləşdirilməsi zamanı partlamamış fosforlu hərbi sursatlar aşkarlanıb. Artıq ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerə və hərbi attaşelərə Ermənistan silahlı qüvvələrinin Tərtərin Əskipara kəndinə kimyəvi tərkibli top mərmisi atması barədə məlumat verilib. Analitiklər bu fonda beynəlxalq qurumları Ermənistana qarşı təzyiqləri artırmağa səsləyirlər.

Millət vəkili Zahid Oruc bildirdi ki, əslində, 4 günlük müharibədən sonra siyasi bəyanatlar səviyyəsində biz bu silahların mövcud olması haqqında məlumatlanmışdıq: "Keçmiş baş nazir Qrant Baqratyan insanları əmin etməyə çalışmıdı ki, bunların nüvə silahı var. Daha sonra Şuşanın işğalında "əmək" sahibi olan və "komandos" ləqəbi ilə tanınan erməni Arkadi Ter-Tadevosyan adlı şəxsin dilindən "çirkli bombalar"ın olması haqqında məlumatlar dövriyyəyə daxil olmuşdu. Belə görünürdü ki, Ermənistan tərəfi səngərdə əsgəri məğlubiyyətini terror qruplarının əməllərində özünü göstərən tendensiyalarla aradan qaldırmaq istəyir. Yəni, kütləvi qırğın silahlarını ələ keçirmək, radioaktiv tərkiblə zəniginləşdirilmiş bombaları Azərbaycan tərəfinə atmaqla yenidən Xocalı faciəsinə bərabər soyqrımları törətmək niyyətindədir. Bunu onlar gizlətmirdilər.

Əslində, indiki silahlar sübut edir ki, onlar informsiya müharibəsi olmayıb. Yəni, Azərbaycan cəmiyyətini qorxutmaq niyyəti ilə hansısa cəfəng arqumentlərə istinad edilməyib. Reallıqda ya "Metsamor" AES üzərindən müxtəlif radioaktiv maddələrə batırılmış texnologiyalar Ermənistanda mövcud olub. Yaxud da Sovet dövründən onların hərbi arsenalında qalmış texnologiya hesabına nəyəsə cəhd edirlər. Partlamayan mərmilər sübut edir ki, onların mühüm bir qismi köhnədir. Düşünürlər ki, Azərbaycanın yaxın ərazilərinin ekoloji sisteminə, insanlara epidemik xarakter daşıyan ciddi fəsadlar törədə bilərlər. Yəni, onlar müharibəni qadağan edilmiş vasitələrlə aparırlar. Azərbaycan tərəfi də öz növbəsində fəal addımlar atmaqdadır. Buradakı diplomatik korpusun təmsilçiləri artıq neçənci dəfədir ki, cəbhə bölgələrinə aparılır. Hansı ki, bu, ötən illərin praktikasında olmayıb.

İkinci tərəfdən, ermənilər Bakını vurmaq, yaxud hansısa su hövzələrinə zərbə endirmək təhdidi ilə Azərbaycanda böyük qırğınlar hesabına müharibənin taleyini həll edəcəyini bildirirlər. Bu da buradakı bütün beynəlxalq qurumların qurduğu qurğular, transmilli layihələr, o cümlədən hər bir səfirliklərin həyatı təhlükə qarşısında qaldığı anlamına gəlir. Biz həmin silahları Qərb dairələrinə göstərməklə onlardan rəhm ummuruq. Onların həyatına, region üçün təhlükə ola biləcək məsələlərdən bəhs edirik. Ona görə də beynəlxalq qurumların reaksiyaları bizim üçün önəmlidir. Biz reaksiya gözləyirik. Amma Azərbaycan əsgərinin vurduğu zərbələr hər bir beynəlxalq qurumun bəyanatından daha təsirli, daha önəmlidir. Erməni tərəfinin qarşısında sadəcə, bəyanatlarla çıxmalı deyilik. Eyni zamanda aprel ayında dəyişmiş reallığı nəzərə almalıyıq".

Digər millət vəkili Asim Mollazadə bildirir ki, ortada qəribə vəziyyət yaranıb: "Bu gün beynəlxalq ictimaiyyət nüvə təhlükəsizliyi ilə bağlı tədbirlər, konfranslar keçirir, müzakirələr aparır. Bir sıra ölkələr məhz nüvə silahını yaratmağa görə BMT TŞ-nin sanksiyaları ilə üzləşiblər, ciddi təzyiqlər görürlər. Lakin nədənsə, Ermənistana gəldikdə beynəlxalq hüquq normaları pozulmasına adi yanaşılır, onun "şıltaqlıqlarına" göz yumulur.

Əslində, bütün beyənxalq təşkilatlar bu işdə ciddi araşdırmalar aparmalıdırlar. Biz bu araşdırmaları BMT, Aİ və ATƏT-dən gözləyirik. Kimyəvi silahların istifadə məsələsində Ermənistanın cinayətləri göz qarşısındadır. Bunun üçün biz beynəlxalq təşkilatlardan özlərinin dəyərlərinin müdafiəsinə qalxmasını gözləyirik".

Sizin Reklam Yeriniz