Əlaqə Arxiv
news Image
2016.05.13
18:30
| A A A
Ermənistan XİN rəhbəri fransalı həmkarı ilə Qarabağ münaqişəsini müzakirə edib

Fransada işgüzar səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Fransa xarici işlər naziri Jan Mark Eyro ilə görüşüb.

Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında gücdən istifadənin qəbul edilməz olduğunu vurğulayıb, habelə danışıqlar prosesinə alternativ olmadığını bildirib.

Nazirlər həmçinin 1994-1995-ci illərdə atəşkəs haqqında əldə olunan razılaşmaların mühüm əhəmiyyət daşıdığını önə çəkiblər. Bu kontekstdə onlar atəşkəs rejiminin pozulmasının və insidentlərin araşdırılması mexanizminin yaradılmasının aktuallığını qeyd ediblər.

E. Nalbandyan, həmçinin, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin sabitləşdirilməsi və sülh prosesinin bərpa edilməsi istiqamətində addımlar müzakirə olunub. Tərəflər həmsədrlərin Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün keçirilməsi ilə bağlı təklifinin əsas məqsədinin 1994-cü il razılaşmasının möhkəmləndirilməsi olduğunu vurğulayıblar.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Sizin Reklam Yeriniz