Əlaqə Arxiv
news Image
2016.05.14
10:30
| A A A
Bakı İrəvan üzərində daha bir uğura imza atdı
Mais Səfərli: “Bu hal onu göstərir ki, Ermənistan artıq digər diplomatik cəbhələrdə olduğu kimi, Rusiya cəbhəsində də Azərbaycana uduzmağa başlayıb” Akif Nağı: “Moskva da başa düşür ki, Ermənistanın bu iddiasının heç bir mənası yoxdur, beynəlxalq münasibətlərdə belə iddialar ciddi qəbul olunmur”

Ermənistan Rusiyadan Azərbaycana silah satışının məhdudlaşdırılması ilə bağlı dəfələrlə çağırış etsə də, Moskva silah satışını davam etdirəcəyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edib ki, Moskvanın Azərbaycana silah satmasında hər hansı nüanslar axtarmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, Rusiya beynəlxalq hüquqi əsaslarla digər ölkələrlə hərbi-texniki əməkdaşlığını davam etdirir. Yəni Ermənistanın nə deməsindən, hay-küy qaldırmasından asılı olmayaraq, Moskva Azərbaycana silah satmaqda davam edəcək.

Qeyd edək ki, aprelin əvvəlində cəbhə bölgəsində aldığı ağır zərbələrdən sonra Ermənistanın işğalçı rejimi öz hamisi olan Rusiyanı da Azərbaycana silah satmaqda ittiham etməyə başlayıb. Lakin hələ o zaman Rusiya bəyan etdi ki, silahın kimə satılması məsələsində Ermənistanın hay-küyünə, bu istiqamətdə çağırışlarına ehtiyac duymur. Növbəti dəfə Rusiya XİN rəsmisinin dilindən bəyan etdi ki, Moskvanın Bakıya silah satmasında hansısa nüanslar axtarmağa lüzum yuoxdur. Yəni bir daha Rusiya Ermənistandan öz yerində oturmağı tələb etdi.

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Rusiyanın İrəvanın hay-küyünə rəğmən, Azərbaycana silah satmaqda davam etməsi Ermənistanın diplomatik məğlubiyyəti, onun nüfuzdan düşməsinin nəticəsidir ki, artıq müttəfiqi Moskva da onun belə şıltaqlığından cana doyub: "Ermənistan son zamanlar özünü elə aparır ki, sanki guya Rusiyaya meydan oxumaq istəyir. Rusiya da bundan müəyyən qədər qıcıqlanıb. Əslində, Ermənistan müstəqil dövlət kimi mövcud deyil, Rusiyanın əyaləti rolunda çıxış edən bir məkandır. Ermənistan ancaq Rusiyanın vəsaiti və erməni diasporasından aldıqları paylar hesabına dolanır. Bu yardımlar olmasa, Ermənistan heç yaşaya da bilməz.

Ermənistanın malik olduğu bütün silah və hərbi sursatı da tamamilə Rusiyaya məxsusdur. Rusiya da faktiki olaraq, bu silahı onlara pulla verməyib, sanki hədiyə edib. Ona görə də indi Azərbaycana silah satmasına görə İrəvanın Rusiyaya açıqlanması Moskvanı qıcıqlandırıb. Bu əsasda da Rusiya rəsmiləri müəyyən bəyanatlarla ermənilərə mesaj verirlər ki, yerlərində otursunlar. Rusiya Azərbaycana da silah satmaqda həm də ona görə maraqlıdır ki, bu şimal ölkəsi hazırda iqtisadi cəhətdən ciddi böhran keçirir. Rusiya büdcəsini əsasən neft-qaz hesabına doldururdu. Amma indi həmin məhsulların qiyməti elə həddədir ki, bu hədd Rusiyanı ciddi iqtisadi burulğana salıb. Bu fonda da Moskva itirilmiş maliyyəsinin yerini doldurmaq üçün istənilən ölkəyə, o cümlədən vəsaiti olan Azərbaycana da silah satmağa hazırdır.

Rusiyanın Ermənistanın bu hay-küyünə məhəl qoymayaraq Azərbaycana silah satmaqda davam etməsi bir daha sübut edir ki, Moskva Ermənistanı heç dövlət olaraq tanımır, ona ancaq özünün vassalı olan marionet rejimi kimi baxır. Belədə görürük ki, artıq strateji tərəfdaşı olan Rusiya da Ermənistanın şıltaqlıqları ilə oynamaq istəmir. Bu hal onu göstərir ki, Ermənistan artıq digər diplomatik cəbhələrdə olduğu kimi, Rusiya cəbhəsində də Azərbaycana uduzmağa başlayıb. Artıq Moskva üçün Ermənistan əvvəlki tək ciddi əhəmiyyət kəsb etmir. Rusiyanın Bakıya silah satmaqda davam etməsi həm də Azərbaycan rəhbərliyinin Moskva ilə normal münasibətlər qurmasının, dil tapmasının nəticəsidir ki, bu əsasda da Kreml ölkəmizin mövqeyini dəstəkləyir. Baxmayaraq ki, hazırda Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji baza rolunu oynayır, buna rəğmən, Kreml Azərbaycana da yaxın dost kimi baxır. Bu, Azərbaycan rəhbərliyinin diplomatik uğurudur və apardığı düzgün siyasətinin nəticəsidir".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə isə, əslində, dünyanın hansısa bir bölgəsində münaqişə baş verirsə, silah satan ölkələr hər iki tərəfə silah satmaqla qazanc götürməyə çalışıblar: "Münaqişənin həll olmadan qalmasında da məhz ilk növbədə silah satışı ilə məşğul olan ölkələr maraqlıdır. Bildiyiniz kimi, Rusiya ABŞ-dan sonra dünyada silah satışı üzrə ən çox gəlir qazanan ölkədir. Rusiyanın Azərbaycana silah satması heç də bu ölkənin bizə xüsusi münasibətindən irəli gəlmir, onlar sadəcə, buna bir ticarət predmeti kimi baxırlar. Sadəcə olaraq, Ermənistan öz xislətinə uyğun olaraq Azərbaycanın Moskvadan silah alması ilə bağlı müəyyən səs- küy salmaqla guya Rusiyaya məhz özünün daha yaxın olduğunu göstərmək istəyir. Moskva da başa düşür ki, Ermənistanın bu iddiasının heç bir mənası yoxdur, beynəlxalq münasibətlərdə belə iddialar ciddi qəbul olunmur. Ümumiyyətlə, Ermənistan kimdir ki, Rusiyaya qarşı hansısa bir iddia ilə çıxış etsin?".

Sizin Reklam Yeriniz