Əlaqə Arxiv
news Image
2016.05.14
09:00
| A A A
Ermənistanın yaratdığı radioaktiv təhlükə böyüyür
Hikmət Hacıyev: “Qeyd olunan məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən müvafiq məlumatlar toplanıb” Elşən Manafov: «Metsamor» AES-in fəaliyyəti yaxın zamanda MAQATE-nin tələbi ilə dayandırılmalıdır”

Son günlər Qərbin tanınmış media orqanlarında Ermənistanın işğal olunmuş ərazilərdə nüvə yanacağı və radioaktiv tullantılar saxlaması haqqında silsilə yazılar yer almaqdadır. "The National İnterest" nəşrində "Dağlıq Qarabağ münaqişəsi dünyanın energetika infrastrukturunun ürəyindədir" başlıqlı məqalədə deyilir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti 3 erməni vətəndaşını həbs etdi: "Həbs olunanlar radioaktiv materialların qaçaqmalçılığında şübhəli bilinirlər. Məlumata əsasən, onların Ermənistana 200 milyon dollar dəyərində uran qaçırdığı güman edilir. İstintaq aydınlaşdırıb ki, onlar əvvəllər "Metsamor" AES-in işçiləri olublar. Bununla təsdiqlənir ki, Ermənistan işğal olunmuş ərazilərdə nüvə yanacağı və radioaktiv tullantılar saxlayır".

Bundan əvvəl isə ABŞ-ın məşhur media orqanı "Washington Times" nəşri də "Ermənistanın "çirkli bomba" hazırlaya bilməsi haqqında xəbərdaredici məqalə yazmışdı. Orada qeyd olunurdu ki, Ermənistandakı nüvə reaktoru bunun üçün potensial radioaktiv material mənbəyidir.

Qeyd edək ki, Ermənistanın qadağan edilmiş silahlardan istifadə etməsi də təsdiqlənib. Analitiklər beynəlxalq qanunverciliyə əsasən, Ermənistana qarşı sanksiyaları qaçılmaz olduğunu deyirlər. Artıq təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə "Stop Metsamor" kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqger "change.org" saytında Metsamor AES-in bağlanmasını tələb edən "Stop Metsamor!" petisiyası üzrə imza toplanmasına start verib. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Mövqe"yə bildirdi ki, qeyd olunan məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən müvafiq məlumatlar toplanıb: "Məlumatlar Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən beynəlxalq təşkilatlara, xüsusən də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAGATE) təqdim olunub. Düzdür, hələlik real nəticələr yoxdur. Ancaq bununla əlaqədar danışıqlar və müzakirələr davam etdirilir".

Politoloq Elşən Manafov bildirir ki, Ermənistan son vaxtlar beynəlxalq birliyin bir subyekti olaraq üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobud şəkildə pozmaqdadır. "Güman ki, Ermənistandakı atom stansiyasındakı nüvə tullantılarında problemlər var. Ermənistan bu amillərdən hansısa formada bəhrələnə bilər. Bütün hallarda Ermənistanın hərəkətlərinin arxasında şantajdan başqa nəsə yoxdur. Çünki, Ermənistan nüvə silahını istehsal edə biləcək dövlətlər siyahısına aid edilmir. Lakin bununla belə beynəlxalq hüquq və normaların kobud şəkildə pozulması baxımından Ermənistana münasibətdə müvafiq sanksiyalar tətbiq oluna bilər və tətbiq olunmalıdır. Bunun üçün Azərbaycan tərəfi ilk olaraq MAQATE və BMT-1ə müraciət etməlidir. Çünki, Ermənistandakı "Metsamor" AES-in istismara tam yararlı olmaması ilə bağlı istər MAQATE, istərsə də digər təşkilatların mənfi rəyləri var.

Stansiyanın fəaliyyəti Cənubi Qafqaz və ətraf bölgələrə təhlükə təşkil edir. Nəzərə alaq ki, Ermənistan həm də seysmik zonada yerləşir. Orada tez-tez tektonik hadisələr baş verir. Stansiyanın özü isə indiki vəziyyətdə bu durumun öhdəsindən gələcək təsir bağışlamır. Bu baxımdan "Metsamor" AES-in fəaliyyəti yaxın zamanda MAQATE-nin tələbi ilə dayandırılmalıdır. Çünki, bu stansiya təkcə Ermənistana, Azərbaycana yox, bütövlükdə regionda ciddi problem yaşda bilər. İlk növbədə Azərbaycan dövləti bu stansiyanın yararlı olmaması ilə bağlı məsələri müvafiq təşkilatların nəzərinə çatdırmaqla stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul olunmasına nail ola bilər. Amma təəssüflər olsun ki, indiyə qədər Ermənistanın siyasətinə havadarlıq edən məlum dövlətlərin məlum dairələri bu stansiyanın fəaliyyəti ilə bağlı nüanslara göz yumurlar".

Sizin Reklam Yeriniz