Əlaqə Arxiv
news Image
2016.05.17
07:00
| A A A
“Metsamor” AES Qafqazın saatlı bombasına çevrilir
Elman Məmmədov: “Metsamor” atom elektrik stansiyasının yaratdığı real və ciddi bir təhlükənin qarşısını almaq üçün beynəlxalq qurumlar təxirəsalınmaz tədbirlərə əl atmalıdırlar” Adil Qəribov: “Metsamor”un yaratdığı təhlükəni önləmək üçün təkcə Azərbaycanın deyil, Ermənistana qonşu olan digər dövlətlərin də birgə səy göstərməsi lazımdır”

Ermənistanda yerləşən "Metsamor" atom elektrik stansiyası seysmik cəhətdən aktiv zonada yerləşir. Yəni, Ermənistan ərazisi, əlalxüsus da sözügedən atom elektrik stansiyasının yerləşdiyi ərazi tez-tez təbii fəlakətlərin, zəlzələnin baş verdiyi nöqtələrdəndir. Başqa bir tərəfdən, həmin stansiya təhlükəsizlik tələblərinə də artıq çoxdandır ki, cavab vermir. Stansiya olduqca köhnədir, istifadəyə yararlılıq müddəti çoxdan başa çatıb. Bu isə o deməkdir ki, hər hansı bir təbii fəlakət baş verdiyi halda, stansiya bölgə üçün ciddi fəsadlarla müşayiət olunan təhlükələr yarada bilər.

Ermənistan rəhbərliyi isə açıq şəkildə görünür ki, "Metsamor"un təhlükə risqinin ciddi olmasına baxmayaraq, vaxtı keçmiş obyektin istismarını davam etdirmək niyyətindədir. Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, sözügedən atom elektrik stansiyasının yaratdığı təhlükənin önlənməsi üçün beynəlxalq təşkilatların onun bağlanması istiqamətində təxirəsalınmaz tədbirlər görməsi vacibdir: "Metsamor" atom elektrik stansiyasının yaratdığı real və ciddi bir təhlükənin qarşısını almaq üçün beynəlxalq qurumlar təxirəsalınmaz tədbirlərə əl atmalıdırlar. Bu təxirəsalınmaz tədbirlər də həmin stansiyanın fəaliyyətinin daytandırılmasına yönəldilməlidir. Ermənistanın yerləşdiyi ərazi seysmik cəhətdən fəal ərazidir. Həmin atom elektrik stansiyası da öz istismar müddətini başa vurub. Ermənistanın iqtisadi imkansızlığı və əzifliyi səbəbindən həmin stansiyaya lazım olan səviyyədə xidmət də göstərilmir. Yəni stansiyanın təhlükəsiz işləməsi üçün lazım olan işləri görməyə Ermənistanın imkanı yoxdur. Bunu MAQATE və başqa beynəlxalq qurumlar da gözəl bilir.

Həmin stansiya təkcə Ermənistan üçün təhlükə deyil. Bütün region üçün ciddi təhlükə mənbəyidir. Ona görə də obyektin fəaliyyəti dayandırılmalıdır. Məsələnin digər tərəfi isə stansiyanın təhlükəsizlik tədbirlərinə cavab vermədiyini təkcə Azərbaycanın bilməsilə bağlı deyil. Dünyanın güc mərkəzləri, böyük dövlətləri də bilir ki, Ermənistan deyilən bir qurum terror təşkilatları və terrorçularla əlaqədə, iş birliyindədir. Ermənistan rəhbərliyi özləri də terrorçu, hərbi cinayətkar, canilər olmaqla bərabər, eyni zamanda dünyada məşhur olan terror təşkilatları, terrorçularla iş birliyindədirlər. Ermənistan həmin stansiyadan enerji mənbəyi kimi istifadə etməkdən öncə, nəzarətin azalması fonunda müxtəlif radioaktiv maddələrin alınması, qaçaqmalçılığı ilə məşğul olurlar. Daha təhlükəli məqam budur. Bu, təkcə Azərbayanı narahat etmir, eyni zamanda dünyanın terrorla mübarizə aparan mərkəz və dövlətlərini də narahat etməlidir ki, həmin radioaktiv maddələr terror təşkilatlarının əlinə keçə bilər. Çünki ermənilər pul qazanmaq üçün heç nədən çəkinmədən istənilən vasitəyə əl atır. Məsələnin üçüncü tərəfi ondan ibarətdir ki, sərsəmələrinə baxmayaraq, Ermənistanda atom bombası yoxdur. Ancaq onlar radioaktiv maddə və tullantılardan dolayı yolla silah qismində istifadə edə, müxtəlif silahlara həmin tullantıları əlavə edə bilərlər.

Azərbaycan artıq uzun müddətdir ən yüksək səviyyədə həmin stansiyaya nəzarəti gücləndirmək, fəaliyyətinin dayandırılması, nüvə tullantılarının istifadəsi məsələsində daima müvafiq qurumlar qarşısında məsələ qaldırıb və qaldırır. Amma hələlik bunların bir nəticəsi yoxdur. Məhz belə qurumların laqeydliyi regionda ciddi təhlükələrə gətirib çıxara bilər".

"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribov isə qeyd etdi ki, "Mersamor"un bağlanmasına nail olmaq üçün ən azından Ermənistana qonşu dövlətlərin birgə səy göstərməsi vacibdir: "2014-cü ildə "Metsamor" atom elektrik stansiyasının vaxtının uzadılması üzrə rəsmi müraciət olunub. Beynəlxalq agentliyin ekspertləri həmin il gələrək onu yoxlayıb. Onların sonradan verdiyi hesabatda göstərilib ki, Ermənistan hansı işləri aparmalıdır ki, 2016-cı ildən sonra da stansiyanın vaxtı uzadıla bilsin.

Həmin işlərin icrası üçün Ermənistan müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan külli miqdarda kredit götürüb və guya indi rekonstruksiya işlərini həyata keçirir. Stansiyanın yaratdığı təhlükə əsasən ondan ibarətdir ki, reaktor 1976-cı ildən tikilməyə başlayıb, 1982-ci ildə istifadəyə verilib. Layihə köhnəlmiş ikinci nəsil reaktorudur. Hansı ki, bu nəsil reaktorların dünyanın hər yerində fəaliyyəti dayandırılıb. Xüsusən də "Fukuşima" qəzasından sonra aparılan bütün sammitlərin yeganə müzakirə predmeti o olub ki, vaxtı keçmiş reaktorların təbii kataklizmlərə duruş gətirə bilməməsi nəzərə alınaraq fəaliyyəti dayandırılsın.

Azərbaycan 2002-ci ildə "Metsamor"un yaratdığı təhlükə ilə bağlı beynəlxalq qurumlara müraciət edib. Bundan başqa hər il Azərbaycan nümayəndə heyəti anoloji tələblə MAQATE qarşısında çıxış edir. Burada sübut olunub ki, reaktor köhnədir və seysmik zəlzələ zonasındadır. 2014-cü ildə Azərbaycan Prezidenti MAQATE-nin Vyanadakı mənzil qərargahına səfər edərək qurumun baş katibilə söhbəti zamanı da məsələni qaldırıb. Qurumun Seul, Vaşinqton sammitlərində də məsələ gündəmə gətirilib. Yəni, Azərbaycan bir dövlət olaraq bütün mümkün variantlardan rəsmi şəkildə istifadə edərək stansiyanın bəşəriyyət üçün törədəcəyi təhlükə barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Amma Ermənistan bu obyektdən bərk-bərk yapışıb. Onlar elan edirlər ki, enerji təminatı üçün bu reaktorun işləməsi lazımdır. Amma qeyri- rəsmi olaraq bu obyekt ermənilər üçün nüvə obyektidir və ona görə də İrəvan təhlükə mənbəyi olsa da, stansiyanı bağlamaq niyyətində deyil.

Təəssüf ki, 2016-cı ildən sonra da stansiyanın vaxtının uzadılması haqqında qərar artıq hazırdır. Buna yol verməmək üçün Ermənistana qonşu dövlətlərin birgə səy göstərməsi lazımdır. Əfsuslar olsun ki, bu günə qədər məsələ ancaq Azərbaycan dövləti tərəfindən rəsmi şəkildə qaldırılıb. Digər qonşu dövlətlər tərəfindən isə rəsmi şəkildə stansiyanın fəaliyyətinə etiraz çıxışları olmayıb. Baxmayaraq ki, həmin stansiya Türkiyə və İrana daha yaxın məsafədədir, bu iki ölkə tərəfindən məsələ ətrafında rəsmi müraciətlər olmayıb. Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. Ona görə bizim çıxışımızı beynəlxalq qurumda bir qədər qərəzli də hesab edə bilərlər. Amma Türkiyə, İran və digər ölkələrin də bu barədə fikirləri olsa, fikrimcə, MAQATE və digər qurumlar məsələyə daha ciddi yanaşıb düzgün qərar verə bilərlər".

Sizin Reklam Yeriniz