news Image
2016.05.17
08:00
| A A A
Qəbələdən ermənilərə verilən sərt mesaj
Oqtay Sadıqzadə: “Cənab nazir rəsmi Bakının mövqeyini bildirir” Üzeyir Cəfərov: “Ermənilər nazirin bu fikirlərindən ciddi nəticə çıxarmalıdır”

Xəbər verildiyi kimi, mayın 15-də Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü keçirildi. Tədbir çərçivəsində üçtərəfli məsələlər müzakirə edilib. Görüşdə Ermənistan qoşunlarının mülki əhalini atəşə tutması ilə bağlı sualı cavablandıran Azərbaycan müdafiə nazir Zakir Həsənov bildirib ki, gələcəkdə də bu təxribatların qarşısı alınacaq və düşmənə daha ağır zərbə vurulacaq.

Şərhçilər nazirin "düşmənə daha ağır zərbə vurulacaq" fikrini sıradan bir ifadə hesab etmirlər. Məsələn, siyasi şərhçi Oqtay Sadıqzadə hesab edir ki, nazirin bu fikirlərinin arxasında rəsmi Bakının Qarabağ problemini gələcəkdə də siyasi vasitə ilə mümkün olmasa, hərbi yolla həlletmə iradəsi dayanır: "Bunu Nazirlər Kabinetinin bir üzvünün fikri kimi yox, rəsmi dövlət kursunun ayrılmaz hissəsi kimi qiymətləndirmək lazımdır. Cənab nazir rəsmi Bakının mövqeyini bildirir. İstənilən vasitə ilə münaqişənin həllində Azərbaycan dövlətinin konkret və birmənalı iradə ortaya qoyuduğunu dünya ictimaiyyətinin növbəti dəfə nəzərinə çatdırdı".

Politoloq cəbhədəki vəziyyətə toxundu: "Hazırda cəbhədə nisbi sakitlik yaranıb. Mövqe döyüşləri getməsə də, gərginlik davam edir. Əlbəttə ki, bu üçtərəfli görüş Qafqaz formatıdır. Belə formada xairici işlər nazirlərinin görüşləri də olur. Bunlar artıq hərbi-diplomatik alyansın konturları sayıla bilər. Sənədlər yenilənir, əməkdaşlıq genişlənir. Lakin Rusiya faktorunu unutmamalıyıq, onu qıcıqlandırmamalıyıq. Ümid edirəm ki, üçətrəfli formatın əsas konturlarını qoruyub saxlamaq mümkün olacaq. Bu ittifaqın ilkin işartılarını daha yüksək mərhələyə yüksəltmək mümkün olacaq".

Oqtay Sadıqzadə onu da əlavə etdi ki, prezidentlərin Vyana görüşü ilə əlaqədar cəbhədə nisbi sakitlik müşahidə ediləcək: "Ancaq görüşdən konkret irəliləyiş gözləməyə dəyməz. Erməni cəmiyyətinin də öz prezidentlərinə böyük mənfi təpkisi var. Vyana görüşünü konkret olaraq dönüş görüşü kimi proqnozlaşdırmaq qeyri-mümkündür".

Hərbiçi-ekspert Üzeyir Cəfərov ilk olaraq onu qeyd etdi ki, Azərbaycanı sevməyən qüvvələrin gözü Qəbələdə idi: "Orada səsləndirilən fikirlər xüsusi maraq doğurur. Xüsusi ilə Zakir Həsənovun səsləndirdiyi fikir ermənilərə mesaj idi ki, heç bir halda torpaqların işğalı ilə barışmayacağıq. Ona görə bundan sonra da düşmənə sarsıdıcı zərbələr vurulacaq.

Nəzərə alaq ki, Qəbələdə çox önəmli qərarlar verildi. Həm Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi təlimləri, o cümlədən Türkiyə ilə Azərbaycanın bundan sonra iş birliyi müzakirə edildi. Eyni zamanda Gürcüstan müdafiə naziri Azərbaycan hərbiçilərini NATO-nun təlimlərinə dəvət etdi. Vaxt yetişdikcə onların nəticələrini görəcəyik. Azərbaycan müdafiə naziri də fürsətdən istifadə edib düşmənə bəzi fikirlərini çatdırdı. Ermənilər nazirin bu fikirlərindən ciddi nəticə çıxarmalıdır. Azərbaycan Silahlı Qüvvələri hazırdır. Qarşıya qoyulan tapşırığı istənilən vaxt yerinə yetirmək əzmindədir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs