Əlaqə Arxiv
news Image
2016.05.17
09:30
| A A A
Bakı-Moskva əməkdaşlığı İrəvanı arxa plana atdı
Elşən Manafov: “Hazırda strateji tərəfdaş olaraq Rusiya Azərbaycanla münasibətdən daha çox mənfəət götürür, nəinki Ermənistanla” Aydın Ağayev: “Sözügedən üçbucaqda, Rusiya-Azərbaycan, Rusiya Ermənistan münasibətlərində yeni bir mərhələ çoxdan başlayıb”

Aprel döyüşlərindəki ağır məğlubiyyət və bu prosesdə İrəvanın Moskvadan narazı qalması fonunda Ermənistanda Rusiya əleyhinə etirazlar artmaqda davam edir. Qeyd edək ki, ekspertlər bu etirazların məhz Serj Sarkisyan hakimiyyəti tərəfindən Rusiyaya təzyiq vasitəsi kimi gündəmə gətirildiyini bildirirlər. Bu isə onu göstərir ki, Ermənistan heç də Rusiya üçün bir çoxlarının düşündüyünün əksinə olaraq, etibarlı tərəfdaş deyil. Ermənilər öz xislətlərinə uyğun olaraq dost hesab etdikləri tərəfdaşlarını istənilən an satmağa belə hazır millətdir.

Azərbaycan isə bütün dövlətlərl olduğu kimi şimal qonşumuz Rusiya ilə də həmişə olduğu kimi dost və tərəfdaşlıq münasibətlərini yüksək səviyyədə saxlamağa qadir bir dövlət olduğunu dəfələrlə əməli fəaliyyətilə sübut edib. Bütün bu baş verənlərin fonunda da Moskva kimin daha etibarlı tərəfdaş olduğunu müşahidə edir.

Bu mənada Rusiya-Azərbaycan, eləcə də Rusiya Ermənistan münasibətlərində yeni bir mərhələnin başlandığını söyləmək olarmı?

Politoloq Elşən Manafov düşünür ki, həqiqətən də aprel döyüşləri Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətlərində yeni bir mərhələni gündəmə gətirdi: "Əlbəttə, aprel döyüşləri Ermənistan cəmiyyətində ciddi ajiotaj və narazılıq doğurdu. Bu narazılığın bir hissəsi də Ermənistanın hamisi rolunda çıxış edən Rusiyaya doğru yönəldi.

Azərbaycanın Rusiyanın ciddi silah partnyoruna çevrilməsi də İrəvanı qıcıqlandırıb. Belə ki, Rusiyanın silah satdığı ölkələr sırasında Azərbaycan ilk beşlikdə yer alır və biz bu ölkədən ən müasir silahları alırıq. Digər tərəfdən, hərbi əməliyyatlar zamanı Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ona hərbi cəhətdən tərəf çıxmaq üçün hansısa bir addım atmadı. Bu amil də Ermənistanda Rusiyaya qarşı narazılıq yaratdı. Heç şübhəsiz, hər şey dəyişib. Siyasət mümkün olanı həyata keçirmək bacarığıdır. Rusiya iqtidarında olanlar da təbii ki, bunu gözəl anlayır. Hazırda strateji tərəfdaş olaraq Rusiya Azərbaycanla münasibətdən daha çox mənfəət götürür, nəinki Ermənistanla. Ermənistan Rusiya üçün həm bir ağır maliyyə yüküdür. Rusiyaya yönəlik bu narazılıq heç şübhəsiz Moskvada Sarkisyan hakimiyyəti üçün problemlər yaradacaq.

Rusiya Ermənistandan təkcə Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyib. Etiraf edək ki, Moskvanın bölgə ilə bağlı strateji maraqları var. Bu maraqlar NATO-nun bölgədə təmsil olunmasının qarşısını almağa yönəlib.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda da Moskvanın Ermənistan ərazisinə xusisi diqqət yetirməsi kifayət qədər anlaşılandır. Gürcüstan NATO ilə münasibətlərini artıq yeni müstəviyə gətirmək istəyir. Perspektivdə Gürcüstanın NATO-ya üzvlük məsələsi yenidən müzakirə obyektidir. Bütün bu fonda Rusiya təbii olaraq çalışacaq ki, nəyin bahasına olursa-olsun, Ermənistanda onun strateji maraqlarına cavab verən iqtidarın hakimiyyətdə qalmasına nail olsun".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə bildirdi ki, Moskva-Bakı, Moskva-İrəvan arasında münasibətlərdə yeni mərhələ artıq başlayıb: "Sözügedən üçbucaqda, Rusiya-Azərbaycan, Rusiya Ermənistan münasibətlərində yeni bir mərhələ çoxdan başlayıb. Artıq çoxdan deyirik ki, Moskvada Azərbaycana münasibətdə çox şeylər dəyişib. Hər iki ölkənin Rusiya ilə münasibətlərdə etibarlılığı müqayisə olunur və Moskvada da bu gerçəkliyi yaxşı başa düşürlər. Bu istiqamətdə konkret nəticələr də meydandadır.

Konkret nəticələr Moskva ilə Bakının siyasi, iqtisadi, hərbi-texniki və digər məsələlərdəki yüksək səviyyəli əməkdaşlığıdır. Ermənistan Rusiya ilə bir iqtisadi və hərbi blokdadır. Ermənistanda Rusiyanın hərbi bazası var. Bunlar hamısı reallıqdır. Belə bir şəraitdə ölkəmizin Rusiya ilə münasibətlərindəki normal proseslər hər iki tərəfdən görülən işlərin nəticəsidir. Ona görə, gerçəkliyi dərk və analiz edərək deyə bilərik ki, bizi qane edən nəticələrin davam etməsi mümkündür və bu davam da edəcək. Rusiyanın Azərbaycan və Ermənistanla münasibətləri məsələsində Dağlıq Qarabağ münaqişəsi çox mühüm və vacib amildir. Rusiyada bu gerçəkliyi yaxşı başa düşsələr də məsələyə bir qədər geniş baxmaq lazımdır.

Rusiya ilə ölkəmiz arasında qurulan münasibətlərin elə Azərbaycanın indiki şərait üçün milli maraqları baxımından alternativi yoxdur. Bu, o demək deyil ki, Rusiyada nə desələr, Azərbaycanda da onu edirlər. Yox. Azərbaycan müəyyən məqamları nəzərə alır, milli maraqlarına uyğun olaraq siyasətini davam etdirir. Rusiya ilə də normal münasibətləri saxlayır. Bu, qarşılıqlı olaraq Rusiyanı da qane edir. Belə bir şəraitdə əsas məsələmizin həllində çalışırıq ki, Rusiyadan daha anlaqlı münasibət olsun.

Tale elə gətirib ki, öz maraqlarımızın təmini üçün bədxahlarımıza münasibətdə ikiqat, bəzəm hətta üçqat zəhmət çəkməliyik. Bu, dünya reallığıdır və ona artıq öyrəşmişik. Eyni çətinliklərlə Qərblə münasibətlərdə də rastlaşırıq. Bu məsələləri nizamlamaq asan deyil.

Rusiya ilə ölkəmiz arasındakı münasibətlərdə yaradılan atmosfer, görülən işlər, nəticələr və bütövlükdə tendensiyalar davam edəcək".

Sizin Reklam Yeriniz