Əlaqə Arxiv
news Image
2016.05.18
07:00
| A A A
Vyana görüşündə Ermənistan daha zəif duruma düşdü
Elman Nəsirov: “Ermənistanın atəşkəsi pozmayacağına inam bəsləmək sadəlövhlük olardı” Elxan Şahinoğlu: “Ermənistan danışıqları əvvəlkitək uzadacaqsa, Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativi qalmayacaq”

Xəbər verildiyi kimi, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin görüşlə bağlı bəyanatlarından isə bu nəticəyə gəlmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün danışıqlarda yeni mərhələ başlanır. Bəyanatda həmsədr ölkələr tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişinə hörmət etməyə çağırıblar. Bəyanatda o da qeyd edilir ki, prezidentlər atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Ancaq tarix göstərir ki, ermənilərin əldə edilmiş yeni razılaşmaya riayət edəcəkləri hələ də ciddi sual altındadır. Bu fonda isə bəzi siyasilər cəbəhədə vəziyyətin aprel döyüşlərindən də ağır ola biləcəyinə işarə edirlər. Millət vəkili Elman Nəsirov bildirdi ki, Vyana danışıqları ilə bağlı artıq ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib: "Hər iki dövlətin prezidentləri atəşkəsin qorunub saxlanılmasına sadiq olacaqlarını bildiriblər. Eyni zamanda belə bir razılaşma əldə edilib ki, təmas xəttində baş verən insidentlərin müəyyən edilməsi prosesi başa çatdırılsın. Bu razılaşmanın mahiyyəti ondan ibarətdir ki, atəşkəsin pozulmasında kimin təqsirkar olduğu araşdırılsın.

Ancaq indiyə qədər proseslərin təhlili, Ermənistanın tutduğu təxribatçı davranış belə inam hasil edir ki, Ermənistanın atəşkəsi pozmayacağına inam bəsləmək sadəlövhlük olardı. Ermənistan yalnz müəyyən zaman çərçivəsində təxribatçı fəaliyyətini yumşalda bilər. Lakin münaqişənin həllində konkret zaman gəldikdə dərhal köhnə mövqeyinə qayıdaraq yeni təxribatlara əl atacaq. Bu reallıq fonunda atəşkəsin əməl edilməsi ilə bağlı razılaşmanı Ermənistan yerinə yetirməyəcək. Müəyyən zaman üçün Ermənistan onlara əməl edə bilər. Yəni, atəşkəsin qorunmasına heç kim təminat vermir. Bunun üçün heç bir təminat yoxdur. Belə olan təqdirdə məsuliyyət Ermənistanın, ona himayədarlıq edən tərəflərin üzərində qalacaq. Eyni zamanda, ATƏT-in Minsk qrupunun üzərinə düşəcək. Çünki, Ermənistana münasibətdə qurum ünvansız bəyanatlar verir. Beynəlxalq hüquq çərçivəsində qarşı tərəfin davranışını təmin edə bilmir. Ermənistan Vyana razılaşması fonunda da atəşkəs rejimini pozmaqda davam edəcəksə, gərginliyin aprel döyüşlərindən daha mürəkkəb ssenari üzrə inkişaf etməyəcəyinə heç kəs təminat vemir. Hətta münaqişənin müharibəyə çevrilməsi qaçılmaz ola bilər".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun fikrincə, Vyana görüşü heç nə ilə fərqlənmədi: "ATƏT-in Minsk qrupu həmsədrlərinin ortaq bəyanatı münaqişənin həlliylə bağlı əsas məsələnin mahiyyətindən çox, yenə detallarla boldur. Şeytan isə bildiyiniz kimi detallarda gizlənib. Bu detallardan bəziləri qəbuledilməzdir. Birinci detal: "Münaqişə hərbi yolla həll edilə bilməz". Bal kimi də həll edilə bilər. Ermənistan danışıqları əvvəlkitək uzadacaqsa, Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativi qalmayacaq.

Biz işğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daima təzyiq altında saxlamasaq, İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaldarmı? Boşaltsaydı, bunu 22 ildə edərdi. Ona görə də Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da geri çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur, ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur".

Politoloq əlavə etdi ki, bütün hallarda Vyana görüşü bizə lazım idi: "Çünki, bu cəbhə bölgəsində aprel uğurumuzdan sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Bütün dünya gördü ki, Azərbaycan əbədiyyətə qədər nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları boşaltmaq əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq əgər Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa, növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki, münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı dövlət başçısı İlham Əliyevin dediyi kimi imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır".

Sizin Reklam Yeriniz