Əlaqə Arxiv
news Image
2016.05.18
09:00
| A A A
Qarabağ münaqişəsinin həlli «ölü nöqtə»dən tərpənir?!
Mais Gülalıyev: “Ümid etmək lazımdır ki, Vyana görüşündən sonra Qarabağ münaqişəsi artıq həqiqətən danışıqlar vasitəsilə həllini tapacaq” Elşən Mustafayev: “Prosesin hərbi müstəviyə keçəcəyi qaçılmaz ola bilər

Uzun fasilədən və aprel olaylarından sonra nəhayət Vyanada vasitəçilərin səyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Görüşün yekunları barədə mətbuata məlumat verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, gələn ay Qarabağ məsələsinin yekun həlli istiqamətində danışıqlara başlanılacaq.

Vyana görüşünə qədər cəbhədə vəziyyət gərgin olaraq qalırdı. Aprel ayının əvvəlində Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra münaqişə ətrafında yeni vəziyyət yarandı. Artıq Minsk qrupunun həmsədr ölkələri də anladılar ki, mövcud status-kvo şəraitində danışıqlarda hər hansı bir irəliləyişdən danışmaq yersizdir. Ona görə də danışıqlara real nəticələr gətirəcək yeni impuls verilməlidir. Bu olmadan proses yenə də əvvəlki gərgin məcraya qayıda bilər. Bu mənada prosesin gələcək inkişafı Vyana görüşü və ondan irəli gələn nəticələrin reallaşmasından asılı olacaq.

Politoloq Mais Gülalıyev ümid edir ki, artıq Dağlıq Qarabağ münaqiçəsi danışıqlar vasitəsilə öz həllini tapacaq: "Ümid etmək lazımdır ki, Vyana görüşündən sonra Qarabağ münaqişəsi artıq həqiqətən danışıqlar vasitəsilə həllini tapacaq. Adətən, ümid sonda ölür. Ona görə prosesin belə olacağına ümid etmək və danışıqları davam etdirmək lazımdır. Hətta ən pis danışıqlar belə müharibədən yaxşıdır. Nə qədər mümkündürsə, danışıqlar genişlənməli, hərtərəfli olmalı, prosesə maraqlı tərəflər cəlb edilməlidir. Mümkün qədər danışıqlara daha prioritet yer verilməlidir. Ancaq yaxın vaxtlarla münaqişənin tam şəkildə öz həllini tapacağına inanmıram.

Həll deyəndə hətta Rusiya xarici işlər naziri Lavrovun özü belə nəyi nəzərdə tutduğunu tam olaraq açıqlamır. Baxmayaraq ki, Rusiyanın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən ibarətdir. Rusiya nümayindələri İrəvanda da, Bakıda da həllin vacibliyini vurğulayır. Amma bu zaman nəyi nəzərdə tutduqlarını tam şəkildə açıqlamırlar. Danışıqlar aparılmalıdır. Əlbəttə ki, ilk mərhələdə 5+2 formatında rayonların geri qaytarılıması mümkündür. İnanıram ki, Ermənistan tərəfə müəyyən qədər təzyiq göstərilsə. bu formata nail olmaq mümkündür. Nə qədər mümkündürsə, bu münaqişə ilə bağlı Rusiyanın mövqeyini Azərbaycan tərəfə yaxınlaşdırmaq gərəkdir ki, onlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı r ifadəni dilə gətirsinlər".

Politoloq Elşən Mustafayev isə əksinə, Vyana görüşündən sonra da konfliktin ancaq danışıqlar yolu ilə həll edilə biləcəyinə əmin deyil: "Düşünmürəm ki, Vyana görüşündən sonra münaqişə artıq ancaq danışıqlar vasitəsilə həllini tapacaq. 4 günlük əməliyyatlardan sonra Rusiyanın vasitəçiliyi ilə elan edilən atəşkəsdən sonra məhz Moskvanın vasitəçiliyilə problemin həlli məsələsi gündəmdədir. Ancaq Vyanada torpaqların qaytarılması istiqamətində ciddi söhbətlərin getdiyinin şahidi olmadım. Daha doğrusu, bu istiqamətdə söhbət aparılsa da belə, hər hansı bir ortaq məxrəcə gəlinmədi. Yalnız bu deyildi ki, gələcək görüşlərdə tərəflər qarşılıqlı güzəştlərə gedilməsilə bağlı ilkin razılığa gələcəklər.

Hərənin öz həqiqəti var və öz həqiqətlərində də möhkəm durublar. İyunda danışıqların davam etdirilməsi nəzərdə tutulub, hesab edirəm ki, həmin danışıqlarda sıradan biri olacaq. Moskva və İrəvan danışıqların müddətsiz davam etməsində maraqlıdır. Hazırda Ermənistan hər hansı bir güzəştə getməyə hazır deyil. Belədə prosesin bu cür davam edəcəyi fonunda gec-tez hərbi yolla məsələnin həlli qaçılmaz olacaq. İkinci bir tərəfdən, Azərbaycan prosesin irəliləməsini məhz Rusiyadan tələb etməlidir. Çünki məhz Rusiya danışıqlar prosesinin uğurlu olacağına zəmanət verib. Məhz Rusiyanın təkidi ilə Azərbaycan aprel hadisələrindən sonra atəşkəsə razılıq verdi. Bütün bunlara əsasən düşünürəm ki, gələcəkdə də münaqişənin hərbi yolla həlli məsələsi qaçılmaz olacaq. Azərbaycan sülh danışıqlarında maraqlı olduğunu bəyan etməsinə baxmayaraq, hərbi ritorikadan da əl çəkməməlidir. Çünki, prosesin hərbi müstəviyə keçəcəyi qaçılmaz ola bilər".

Sizin Reklam Yeriniz