news Image
2016.05.18
09:15
| A A A
Radikal müxalif partiyalar siyasi səhnədən silinir
Elçin Mirzəbəyli: «Təsadüf nəticəsində önə çıxmış bir qrup insan müsavatçılıq ideyasının dağılması üçün əlindən gələni etdi» Mais Səfərli : “Seçkilərdə uduza-uduza ictimai dəstəkdən məhrum olublar”

Radikal müxalifət düşərgəsində yer alan partiyalarda istefalar davam edir. Son günlər Müsavat Partiyasında baş verənləri buna misal kimi göstərmək olar. Məlumdur ki, bu partyianın fəallarından olan Tural Abbaslı Müsavatdan istefa verib. O, istefasını Müsavatın sonuncu qurultayından sonra yaranan vəziyyətlə əlaqələndirib.

Bildirib ki, qurultaydan sonra partiyada aparılan siyasətin, müsavatçılıq ideologiyası ilə üst-üstə düşmədiyi, partiyadaxili mühitin müsbətə doğru dəyişdirilməsi üçün lazımi istək və iradənin olmadığının qənaətinə gəlib: "Enerjimin daxili çəkişmələrə və intriqalara sərf etməyin faydasız olduğunu düşünərək, partiya ilə yolumu ayırmaq qərarına gəldim". Məlumat üçün bildirək ki, istefalar yalnız Müsavat Partiyası ilə bitmir. Digər radikal müxalifət partiyalarda vəziyyət daha betərdir. Siyasilər müxalif düşərgədəki bu "yarpaq tökümü"nü müxtəlif səbəblərlə izah edirlər. Partiyadaxilində demokratiyanın olmaması isə əsas səbəb kimi göstərilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli hesab edir ki, radikal düşərgədən qopmaların bir neçə səbəbləri var: "Birinci səbəb Müsavat rəhbərliyində təmsil olunan şəxslərin müsavatçılıq platformalarından kənara çıxmaları və öz ideyalarına arxa çevirmələridir. Müsavatçılıq həmrəylik, milli birlik anlamına gəlir. Amma İsa Qəmbərin, Arif Hacılının rəhbərlik etdiyi dövrdə bu partiyanın siyasi kursunda bundan əsər-əlamət olmayıb. Hər zaman qarşıdurmaya, nifaqa cəhd göstəriblər. Azərbaycanda siyasi qarşıdurmaların törədilməsinə zəmin yaradıblar.

Vaxtı ilə Müsavat Partiyası Azərbaycanda müxalifət diplomlu bir partiya idi. Kimin müxalifətçi olub-olmadığını onlar müəyyənləşdirirdilər. Zaman keçdi və bu gün artıq özlərinin bir siyasi partiya kimi olub-olmadıqları da bəlli deyil. Azərbaycanın ilk respublikasının qurulmasında müstəsna rol oynayan bir siyasi təşkilatın adını mənimsəyərək gözdən salmağa cəhd göstərdilər. Halbuki, müsavatçılıq İsa Qəmbərin, Arif Hacılının təbliğ etdiyi bir siyasi təşkilat deyil. Bu, Rəsulzadənin yox, İsa Qəmbərin, Arif Hacılının Müsavatı olub. İkinci səbəb isə illər boyu bu siyasi təşkilata rəhbərlik edən insanların müxtəlif oyunların içərisində yer alması və bəzən milli maraqların əleyhinə çıxış etmələri, bu kursun da bəzi hallarda partiyanın aşağı dairələrində qəbul edilməməsi, yürüdülən siyasət nəticəsinə uğursuzluğun əldə olunmasıdır ki, insanları seçim etmək məcburiyyətində qoyub. Arif Hacılı rəhbərliyə gəldikdə sonra partiyanı hansı istiqamətə yönəldəcəyini bilmir. Bu adam idarəçilik təcrübəsinə malik deyil. Sədr seçildikdən sonra partiyadaxili qaydaları dəfələrlə kobud şəkildə pozub. Bu baxımdan da haqlı iradlar və haqlı qopmalar baş verir. Təəssüf ki, təsadüf nəticəsində önə çıxmış bir qrup insan müsavatçılıq ideyasının dağılması üçün əlindən gələni etdi. Təəssüflər olsun ki, milli azadlıq hərəkatı özü ilə bərabər istiqlal mücadiləsinin əhəmiyyətli hissəsini gətirmişdisə, özü ilə bərabər çör-çöp də gətirdi".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Azərbaycanın müstəqilliyi ərəfəsində yaranmış həmin partiyalar artıq 20 ildən çoxdur müxalifət düşərgəsindədirlər: "Bu illər ərzində onlar heç normal partiyadaxili islahatlar apara, cəmiyyətə normal mesajlar verə bilmədilər. Seçkilərdə uduza-uduza ictimai dəstəkdən məhrum olublar. Bu, həmin partiyalarda fəaliyyət göstərən insalara da təsir edib.

Partiyaların qurucularının böyük əksəriyyəti oranı tərk ediblər. Artıq partiyada qalmış qurucuları barmaqla saymaq olar. Bunun səbəbini də partiyaların özündə axtarmaq lazımdır. Çünki, o partiyalarda inkişaf olmayıb. Sanki, 1990-cı ildə donub qalıblar və yeni şəraitə uyğunlaşa bilmirlər. Yeni şəraitə uyğunlaşmaq üçün isə ilk növbədə partiya daxilində islahatlar aparılmalıdır. Partiyaların bu günə düşmələrinin səbəbi ayrı-ayrı şəxslərin maraqlarına xidmət etmələridir. O partiyalarda demokratiya olmayıb. Yuxarı üzvlər nə qərar qəbul edibsə, siravi üzvlər də onunla razılşıb. Bu isə ora gələn insanlarda məyusluq yaradır və oranı tərk edirlər.

Digər tərəfdən həmin partiyalar nəzəriyyələrdə göstərilən kimi fəaliyyət göstərə bilmirlər. Onların işi-peşəsi ancaq Prezidentin fəaliyyətinə qara yaxmaqdan ibarətdir. Ancaq həqiqətdə Azərbaycan Prezidentinin fəaliyyəti çox effektivdir. Bunu cəmiyyət də görür və dəyərləndirir. Bütün sorğuların nəticələri Prezident İlham Əliyevin xeyrinə olub. Yəni, radikal müzalifət partiyaları normal fəaliyyət göstərməlidirlər. Cəmiyyətə özlərinin, alternativ proqramlarını qoymalıdırlar. Amma bunun şahidi olmuruq. Belə olan təqdirdə radikal müxalifətdən qopmalar var və olacaq. Əslində, özləri də dərk edirlər ki, fiaskoya uğrayıblar. Onların yenidən dirçəlməsinə də ümidlər yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs