news Image
2016.05.19
09:15
| A A A
Kreml Qarabağ konfliktinə daha çox diqqət etməyə başlayır
Hatəm Cabbarlı: “Ermənistan hakimiyyəti və ictimai rəyi çaşqınlıq içərisindədir” Araz Aslanlı : “Əsas amil Azərbaycanın hərbi, siyasi, iqtisadi imkanlarını və diplomatik manevr qabiliyyətini artırmasıdır”

Cəbhədə vəziyyətin gərginləşəndən sonra Qarabağ məsələsində daha çox Rusiyanın aktivləşdiyi açıqca hiss edilir. Dövlət Təhlükəsizlik Şurasının son iclasında da usiya prezidenti Vladimir Putin Rusiya-ASEAN sammiti öncəsi Dövlət Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Bir sıra siyasilər Rusiyanın aktivləşməsinin konkret nəticəyə hesablandığını deyirlər. Lakin fikir birmənalı qarşılanmır.

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirir ki, cari ilin 2-5 aprel tarixində Ermənistanın atəşkəsi pozaraq geniş miqyaslı hərbi əməliyyatlara başlamasının qarşısının alınması, Azərbaycan Ordusunun əks hücumu ilə Serj Sarkisyanın dediyi kimi 800 hektar ərazinin erməni işğalından azad etməsi tərəflər arasında yeni siyasi və hərbi vəziyyətin yaranması ilə nəticələndi: "Ermənistan hakimiyyəti və ictimai rəyi çaşqınlıq içərisindədir. Belə bir nəticəni əsla gözləmirdilər.

Ermənistan daxili siyasi həyatında bütün daşlar yerindən oynadı. Sadəcə, müxalif partiyaların iqtidara yönəlik təzyiqləri artmadı, iqtidar içərisində də ciddi narazılıqlar ortaya çıxdı. Hadisələrdən dərhal sonra Sarkisyan tərəflərin görüşə başlaması üçün üç şərtinin olduğunu bildirdi: insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi; ünvanlı bəyanatlar; Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət. Bu şərtlər təmin edilmədiyi müddətdə görüşün baş tutmayacağını bildirən Sarkisyan aradan bir ay keçməmiş Minsk qrupunun vasitəçiliyi ilə Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdü.

Görüşün sonunda verilən bəyanatlardan belə məlum olur ki, sadəcə, birinci şərt müzakirələrdə yer alıb. Bu texniki və olduqca qarmaqarışıq bir şərtdir. Bu prosesin necə tənzimlənəcəyi mexanizmi yoxdur. Siyasi şərtlər olan ikinci və üçüncü şərtləri isə qəbul edilməyib. Tərəflərin bir araya gəlməsi Minsk qrupu vasitəçiliyi ilə baş tutsa da, görünən odur ki, bu zaman Rusiya daha aktiv rol oynayıb. Protokolda Rusiya XİN rəhbəri Serqey Lavrovun Sarkisyanın yanında oturması bütün siyasi mənzərəni ortaya qoyur".

Politoloq əlavə etdi ki, Rusiya prezidenti Vladimir Putin də Dövlət Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini müzakirə etdi: "Bu prosesdə Rusiyanın əlbəttə, özünəməxsus yeri var. Amma son 25 ilə nəzər saldıqda Rusiyanın problemin nizama salınmasından daha çox, problemin davam etməsini istəyən bir siyasət həyata keçirdiyini müşahidə etmək mümkündür. Minsk qrupunun digər həmsədr ölkələrinin də məsələ ilə bağlı fərqli siyasət həyata keçirdiyini iddia etmək olmaz. Rusiyanın maraqları belədir:

-problem davam etdiyi müddətdə Rusiya tərəflərə təzyiq edə bilir;

-problemdə udan və uduzan tərəf olmamalıdır, bu münaqişənin siyasi və hərbi xarakterinə və mahiyyətinə tərsdir;

-münaqişə Rusiya üçün silah ticarətinin maksimim gəlir əldə etdiyi sahədir. Bunu Rusiya dövlət rəsmisi də etiraf edir;

Rusiya münaqişənin ədalətli həllini istəmir. İstəsəydi, bunu son 25 ildə həll edərdi. Rusiya status-kvonun saxlanılmasına çalışır. Bu, onun mənafeləri ilə üst-üstə düşür. Hələlik nə Rusiyadan, nə də digər həmsədr dövlətlərdən konkret addım gözləmək mümkün deyil. Vyana görüşündən ciddi nəticə əldə edilmədi. Bu, aprel hadisələrindən sonra tərəflər arasında az da olsa, etimadın təmin edilməsinə yönəlik bir görüşmə idi. Bundan sonrakı görüşmələrdən müəyyən məsələlərdə razılığa gəlmək ehtimalı ola bilər".

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siyasi analitik Araz Aslanlı bildirdi ki, Qarabağ problemi Rusiya üçün vacib məsələlərdən biridir: "İstər regional, istərsə də, Azərbaycan, Ermənistan, hətta Türkiyə ilə münasibətləri baxımından xüsusi əhəmiyyət daşıyır. Əvvəllər də Rusiya Təhlükəsizlik Şurasında Qarabağ problemi müzakirə edilib. Adətən, Qarabağla bağlı fövqəladə proses baş verdikdə, ya da əhəmiyyətli müzakirələr gözlənilən zaman Rusiya Təhlükəsizlik Şurasının iclaslarında Qarbağ problemi müzakirə edilib.

Aprel ayının əvvəlində də müzakirə olunmuşdu. Odur ki, indiki halda müzakirəni təbii qarşımalaq lazımdır. Rusiya üçün Qarabağ problemi ilə bağlı narazılıqlarından biri münaqişənin alovlanmasıdırsa, biri də proseslərin tam onun istədiyi kimi getməməsidir. Əsas amil Azərbaycanın hərbi, siyasi, iqtisadi imkanlarını və diplomatik manevr qabiliyyətini artırmasıdır. Bu prosesdə Azərbaycanın əldə etdiyi imkanlar Rusiyanın istəkləri ilə tam üst-üstə düşmür. Bunlar həm Ermənistanı, həm də Rusiyanı narahat edir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs