Əlaqə Arxiv
news Image
2016.05.21
09:30
| A A A
Rusiyanın Ermənistana Qarabağ təzyiqləri…
Tofiq Abbasov: “Qarabağ problemində dönüş yaratmaq, həll yolunu yaxınlaşdırmaq üçün əvəzedilməz tələb var” Rasim Ağayev: “Azərbaycanın mövqeyi bütün aparıcı qüvvələr tərəfindən qəbul olunur”

Xəbər verildiyi kimi, mayın 20-də Rusiyanın baş naziri Dmitri Medvedyev Ermənistanın paytaxtı İrəvana gedib. O, Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirakı ilə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib. İclasın gedişatında inteqrasiyanın qarşılıqlı təsirləri barədə məsələlər müzakirə edilib.

Həmçinin toplantıda təşkilata daxil olan ölkələrin neft və neft məhsullarının vahid bazarının yaradılması müzakirə olunub. Eyni zamanda Qarabağ məsələsinə də toxunulub. Rusiyanın baş naziri Dağlıq Qarabağda sülhün qorunmasının və bu məsələnin yekun nizamlanmasına nail olmağın vacibliyini bəyan edib. Bildirib ki, Rusiya buna yardım etməyə davam edəcək. D.Medvedyev qeyd edib ki, Rusiya Dağlıq Qarabağda hadisələrin inkişafını narahatlıqla izləyib və gücü çatdığı qədər mövcud vəziyyətin həllinə kömək edib və əldə edilmiş atəşkəsin qorunması vacibdir. O, regionda daha möhkəm sülhə doğru addımları və Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanmasının vacibliyini qeyd edib: "Rusiya bu mürəkkəb münaqişənin həllinə kömək edib və edəcək".

Ümumiyyətlə, proseslərin analizi onu deməyə əsas verir ki, son aylar Rusiya Qarabağ münaqişəsinin həllində ən çox aktivləşən tərəf kimi görünməkdədir. Ekspertlər bu siyasətin arxasında Ermənistana təzyiq planının olduğunu düşünürlər.

Politoloq Tofiq Abbasov bildirir ki, ümumiyyətlə, Qarabağ problemində dönüş yaratmaq, həll yolunu yaxınlaşdırmaq üçün əvəzedilməz tələb var: "Bu da Ermənistan qoşunlarının bölgədən çıxarılmasıdır. Aydındır ki, əgər söhbət mübahisəli ərazilərdən gedirsə, üstünlük orada qoşun saxlayanın tərəfində olur. Həmin tərəf öz istəyini diqtə edə bilər. Torpaqlar isə əzəli Azərbaycan torpaqları olduğu üçün Ermənistan oranı müvəqqəti işğal etdiyi anlamına gəlir. Amma sülh prosesini təmin etmək üçün güc amilinin ixtisarı tələb olunur. Əgər Ermənistan oradan qoşunlarını çıxardarsa, sülh prosesinə təkan veriləcək. Lakin bölgəyə sülhməramlı qoşunların gətirilməsini də istisna etmək olmaz. Çünki, Ermənistan qoşunlarını orada saxlamaq istəsə, Azərbaycan da müvafiq addımlar atmağa məcbur olacaq. Bu halda hətta genişmiqyaslı əməliyyatların şahidi ola bilərik. Odur ki, prosesdə Rusiya fəallaşıb.

Rusiya Ermənistanı Azərbaycan ilə danışmağa sövq edəcək. Çünki, Azərbaycanın mövqeyi bəllidir. Biz ərazi bütövlüyümüzü müzakirə etmirik. O, mütləq olmalıdır. Sadəcə, Ermənistan qoşunlarını oradan çıxartmalıdır. Əgər mərhələli plan işə düşəcəksə, Ermənistan qoşunları Qarabağı tərk etməlidir. Ondan sonra danışıqlar masasında prinsiplər müəyyən edilə bilər. Çox güman ki, Rusiya bu məsələdə Ermənistana təzyiq göstərməli olacaq. Burada başqa variant görünmür. Təzyiqin təzahürlərindən biri də məhz sülhməramlıların bölgəyə yerləşdirilməsi ola bilər. Buna da Azərbaycan və Ermənistan razılıq verməlidirlər".

Digər siyasi şərhçi Rasim Ağayevin sözlərinə görə, Rusiya indiki çətin məqamda nəcib siyasət yürüdür: "Onun əsas strategiyası keçmiş sovet məkanında yeni birlik yaratmaqdır. Hansı ki, həmin qurumun ümumi şəkli bəllidir. Vladmir Putin vəziyyətdən istifadə edib Medvedyevi Ermənistana göndərib. Sözsüz ki, orada Ermənistanın liderləri ilə lazımı söhbətin aparılması mümkündür. Ancaq prosesləri qabaqlamaq olmaz. Söhbət erməniləri Qarabağdan çıxarmaqdan getmir.

Söhbət odur ki, elə bir münasibət vəziyyət yaranamlıdır ki, hər iki tərəf öz maraqlarını əldə edə bilsin. Bu da Ermənistan üçün çox çətindir. Ermənistanda siyasi qüvvələr hesab edirlər ki, Serj Sarkisyanın bu məsələdə çətin vəziyyətə düşəcək. Yəni, elə bir yol tapmalıdır ki, həm Putini, həm Azərbaycanı qane etsin, həm də hakimiyyəti qoruya bilsin. Bunun da üçünü bir yerdə etmək Ermənistan üçün asan olmayacaq. Ona görə də Medvedyevin İrəvana getməsi yaxşı amildir. Bu da Ermənistanı ağıllandırmaq üçün rəsmi Moskvanın bir üsuludur. Əslində, hazırda vəziyyət Azərbaycanın xeyrinədir. Artıq Azərbaycanın mövqeyi bütün aparıcı qüvvələr tərəfindən qəbul olunur".

Sizin Reklam Yeriniz