Əlaqə Arxiv
news Image
2016.05.21
11:00
| A A A
Ermənistanın nüvə terroru bütün dünya üçün təhdidə çevrilir
Elman Nəsirov: “Ermənistan dövləti mahiyyətcə terrorçu dövlət olduğundan “Metsamor” atom elektrik stansiyasından siyasi terror və şantaj üçün də istifadə edir” Asim Mollazadə: “Beynəlxalq təşkilatlar “Metsamor” təhlükəsindən dünyanı qurtarmalıdırlar”

Ermənistan rəhbərliyi ölkəsindəki atom elektrik stansiyasının yalnız iqtisadi deyil, siyasi baxımdan da əhəmiyyət daşıdığını elan edir. Bildirilir ki, "Metsamor" AES regiondakı bütün dövlətlərin onlarla hesablaşmaları üçün yeganə vasitədir. Bu, o deməkdir ki, Ermənistan sözügedən AES-dən təkcə enerji deyil, digər məqsədlər, o cümlədən hərbi məqsədlər naminə də istifadə etməyi düşünür.

Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, İrəvanın "Metsamor" AES-in təkcə iqtisadi deyil, siyasi əhəmiyyət də kəsb etməsini deməsi, qonşu dövlətlərə təzyiq elementi mənasını daşıyır: "Hesab edirəm ki, Ermənistan dövləti mahiyyətcə terrorçu dövlət olduğundan "Metsamor" atom elektrik stansiyasından da bu məqsədlər, siyasi terror və şantaj məqsədilə üçün də istifadə edir. Onlar bu gün də həmin siyasətə sadiqdirlər. Təsadüfi deyil ki, Ermənistanda müəyyən simalar bu ölkənin atom silahına malik olması ilə bağlı hədələrlə də çıxış edir və Azərbaycanı da bununla hədələyirlər. Bu, o deməkdir ki, "Metsamor" AES əslində, iki istiqamətdə böyük təhlükə mənbəyidir. Həmin stansiya seysmik zonada yerləşdiyindən qəza baş verdiyi təqdirdə onu söndürmək imkanları çox məhduddur. Belə vəziyyətin olması bütün region üçün son dərəcədə böyük təhlükə mənbəyi ola bilər.

Həmin stansiya Türkiyədən cəmi 16 km məsafədə yerləşir. Ermənistan paytaxtından 30 km aralıdadır, İranla məsafəsi 60 km-dır, Azərbaycan və Gürcüstanla olan məsafə isə 120 km-yə qədərdir. Göründüyü kimi stansiya qonşu ölkələrə də yaxın məsafədə yerləşib. Belədə orada baş verəcək qəza artıq regional fəlakət demək olacaq. Hətta bu fəlakət regional səviyyəni də aşa bilər. Ermənistan Cənubi Qafqazda AES olan yeganə ölkədir. Bu nöqteyi-nəzərdən nüvə materiallarının qaçaqmalçılığı, onun mühüm komponentlərinin başqa dövlət və terrorçu təşkilatlara satılması təhlükəsi reallığı, "çirkli bomba"ların hazırlanması baxımından stansiya ciddi təhlükə mənbəyi rolunda çıxış edir. Ermənistan rəhbərliyi buna baxmayaraq, stansiyanı bağlamaqdan imtina edir. Onun guya təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb etdiyini bəyan edir.

Məsələnin bu cür qoyuluşu heç şübhəsiz təzyiq elementi mənası daşıyır. Yəni Ermənistan bildirmək istəyir ki, lazım gələrsə stansiyanın materialları və tullantılarından Azərbaycana qarşı digər məqsədlər üçün də istifadə edə bilər. Əslində bilər yox, artıq bu məqsədlər naminə istifadə də edir. Bunu Ermənistan mətbuatı da yazır. Xüsusən də Azərbaycanın işğal altında olan rayonlarında faktlar qeydə alınıb ki, "Metsamor" AES-in tullantıları həmin ərazilərdə basdırılır. Qəribə hallar da qeydə alınıb. Ermənistan Anaları Hərəkatının üzvləri bəyanatlarında qeyd edib ki, Azərbaycanın işğal altında olan ərazilərində nüvə tullantılarını basdıran erməni əsgərlər müəmmalı şəkildə ölürlər. Həmin əsgərləri Ermənistana aparıb laboratoriyada yoxladıqda onların şüalanmadan öldüyü faktları qeydə alınıb. Maraqlıdır ki, bir çox hallarda həmin əsgərlərin özlərini, habelə geyimlərini də işğal altındakı ərazilərimizdə basdırırlar. Əslində, bu gün Ermənistanda itkin düşmüş əsgərlərin bir çoxu məhz bu aqibəti yaşayıb. Onlar məhz "Metsamor" tullantılarını basdırarkən şüalanmaya məruz qalıb və işğal altındakı ərazilərimizdə basdırılıblar. Bu faktlar hazırda Ermənistan cəmiyyətində şok effekti yaratmaqdadır. Belə olan vəziyyətdə Azərbaycan, Gürcüstan, Türkiyə, İran, hətta Rusiyanın özü həyəcan təbili çalaraq artıq stansiyanın bağlanması istiqamətində real addımlar atmağa başlamalıdırlar. Məsələ MAQATE-də yüksək səviyyədə müzakirə olunmalıdır. BMT-nin Baş Məclisinin müzakirəsinə verilməlidir. Eyni zamanda, ATƏT-in Faktaraşdırıcı Missiyası olduğu kimi, ATƏT-in Parlament Assambleyası, Avropa Şurasında da bir Hesablayıcı Missiya hazırlanaraq əraziyə göndərilsin və məsələ ətrafında müvafiq addımlar atsınlar. Həmçinin, AŞ PA-da məsələ ilə bağlı məruzəçi təyin edilməlidir. Avropa İttifaqı stansiyanın bağlanması təklifini verib, amma Ermənistan buna görə ondan 100 milyon avro pul tələb edib. Bütün bunlar ciddi siqnallardır. Qonşu ölkələrin bu məsələdə son dərəcədə qətiyyətli addımlar atmasının vaxtı gəlib çatıb".

Milli Məclisin deputatı Asim Mollazadə də qeyd etdi ki, Ermənistan "Metsamor" AES məsələsini gündəmə atmaqla dünyanı şantaj etməyi düşünür: "Ermənistanın "Metsamor" AES-dən iqtisadi məqsədlə yanaşı, həm də siyasi məqsədlər naminə yararlanmağa çalışması əslində, bölgəyə, eyni zamanda dünyaya qarşı yönəlik bir şantajdır. Hamıya bəllidir ki, Çernobıl qəzası tək Ukrayna, Rusiya və Belorusu deyil, Avropanın böyük bir ərazisinin də şüalanma ilə zəhərlənməsinə səbəb olub. "Metsamor" da bir növ şantaj üsuludur ki, dünyaya qarşı Ermənistan tərəfindən istifadə olunur. Artıq bir sıra mənbələrdən məlumatlar gəlib ki, Ermənistan "çirkli nüvə bombaları" hazırlamaqla məşğuldur. Bu istiqamətdə bir neçə mənbədən məxfi yolla Ermənistana cinayət yolu ilə əldə edilmiş radioaktiv maddələr gətirilir.

Fikrimcə, "Metsamor"da dünya və bölgə üçün ən böyük təhlükədir. MAQATE və bir sıra digər beynəlxalq təşkilatlarda həmin obyetin bağlanılmasına nail olmaq üçün müvafiq addımlar atılmalıdır. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar mütləq mövcud olan bu təhlükədən dünyanı qurtarmalıdırlar".




Sizin Reklam Yeriniz