Əlaqə Arxiv
news Image
2016.05.24
09:15
| A A A
Ermənistana qarşı sanksiyalar tətbiq olunması gündəmə gəldi
Tahir Rzayev: “İrəvana qarşı sanksiyalar tətbiq edilməli, terrora dəstək olan bu ölkə bir çox beynəlxalq təşkilatlardan qovulmalıdır”

Aprel döyüşlərində sarsıdıcı məğlubiyyətə uğrayan ermənilər indi də terrorçu və cinayətkarları işğal etdikləri ərazilərə yığmaqla məşğuldur. Belə ki, Ukrayna Ali Radasının deputatı Dmitri Tımçukun Facebook səhifəsində paylaşdığı məlumata görə, 300-ə yaxın Donbas separatçısı Qarabağa göndərilmək üçün QRU-nun bazasında təlim keçir.

Bundan başqa, dəfələrlə məlumat verilib ki, Ermənistan tərəfindən Qarabağda Suriya və digər ölkələrdən gətirilən terrorçular da cəmləşdirilib. Bu günlərdə isə Ermənistan prezidenti Serj Sarkisyan fərman imzalayaraq 8 cinayətkarı əfv edib və onlar həbsxanadan Qarabağa göndəriliblər. Məlumata görə, İrəvandalı "Vardaşen" həbsxanasının bir qrup məhbusu Sarkisyana müraciət edərək əfv olunmalarını xahiş edib və azadlığa buraxılacaqları halda Qarabağda hərbi xidmətə gedəcəklərini bildiriblər.

Beləliklə, açıq şəkildə və həyasızcasına Ermənistan terrorçu və cinayətkarların işğal etdikləri Azərbaycan torpağına toplamaq kampaniyasını həyata keçirir. Bununla İrəvan bir daha beynəlxalq konvensiyalara əhəmiyyət vermədiyini nümayiş etdirir. Hansı ki, Ermənistanın bu addımı dərhal beynəlxalq təşkilatlar tərəfindən qınanılmalı və belə avantüraya gedən İrəvana qarşı tədbirlər görməlidirlər.

Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, terrora dəstək olan Ermənistana beynəlxalq miqyasda sanksiyalar tətbiq olunmalı, bu ölkə üzvü olduğu beynəlxalq təşkilatlardan qovulmalıdır: "Bu gün bildiyiniz kimi, dünyada terrora qarşı ciddi mübarizə aparılır. ABŞ, NATO, Avropa Birliyi başda olmaqla dünya bütün vasitələrlə terrora qarşı mübarizəni gücləndirir.

Ermənistan da Azərbaycana qarşı terror həyata keçirir. Bu ölkə ümumiyyətlə, terrorla məşğuldur. Bu fonda ona qarşı da dünya tərəfindən mübarizə gücləndirilməlidir. Lakin təəssüf ki, beynəlxalq təşkilatlar, super güclər Ermənistanla bağlı ciddi tədbir görmürlər. Erməni terror təşkilatının yaranma tarixi məlumdur. ASALA terror təşkilatı sonradan dünyada yaranan terror təşkilatları, habelə bir bir çox terror hadisələrinin təşkilatçısı olub. ASALA Türkiyə, Avropa, Amerikada ciddi terror aktları həyata keçirib. Hazırda da bu proses davam edir. Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldırıb. Çünki hakimiyyətdə oturanlar elə terrorçulardır. Onların əlləri azərbaycanlıların qanına batıb. Xocalı soyqırımını törədiblər. Ermənistanda hakimiyyətdə minlərlə günahsız insanın qətlinə fərman verən cinayətkarlardır.

Indi də görürük ki, digər ölkələrədn terrorçuları, cinayətkarları Qarabağa toplayırlar. Bu, hakimiyyətdə olan həmin terrorçuların xislətindən irəli gəlir. Ona görə də dünya ölkələri bu gün terrora qarşı qəti mübarizəyə girişibsə, belə bir addım Ermənistana qarşı da atılmalıdır. Ortalıqda həmin terrorçu və cinayətkarların Qarabağa gətirildiyi barədə çoxsaylı təsdiq olunmuş faktlar var. Aprel ayında törədilən təxribat, dinc sakinlərimizin qətlə yetirilməsi, sərhədyanı qəsəbələrin atəşə tutulması, fosforlu bombalardan istifadə etmələri də terrorun tərkib hissəsidir. Dünya birliyi bu mənada Ermənistana qarşı münasibətdə də qətiyyətli addımlara keçməlidir. Xüsusən də ATƏT-in Minsk qrupu bu məsələdə aktiv olmalıdır. Onlar bu istiqamətdə qətiyyətli addım atmasalar, terror tezliklə bütün dünyanı bürüyəcək. Onsuz da artıq terror və cinayətkarlığın geniş vüsət alması halları bir çox ölkələrə sirayət edib. Suriya, Misir, Liviya, İraq, Əfqanıstanda terror və cinayətkarlıq tüğyan edir. Hətta Paris və Brüsseldə də terror hadisəsi törədildi. Bu faktlar bir daha göstərir ki, terrorun qarşısı hər yerdə ciddi şəkildə alınmasa, onlar artmaqda davam edəcəklər. Necə ki, Ermənistan tərəfindən işğal etdikləri torpaqlarımızda bu hərəkətin həyata keçirildiyinin şahidiyik. Bu mənada Ermənistana və digər terror təşkilatlarına dəstək verənlər də bəzi böyük güclərdir. Bir vaxtlar onlar həmin terror təşkilatlarını maliyyələşdirib və fortmalaşdırıblar. Ermənistanın terrorçu və cinayətkarları Qarabağa yığmasına qarşı Minsk qrupu və digər beynəlxalq təşkilatlar İrəvana qarşı ciddi sanksiyalar tətbiq etməlidirlər. Terrora dəstək olan Ermənistan bir çox beynəlxalq təşkilatlardan qovulmalıdır. Həmçinin, beynəlxalq təşkilatlar mövcud olduğu silahlı qüvvələrdən istifadə etməklə Qarabağı Ermənistanın yerləşdirdiyi terrorçu və cinayətkar dəstələrdən təmizləməlidir. Terrora dəstək olan Ermənistana bir çox ölkələrin göndərdiyi maddi yardımlar kəsilməlidir.

ABŞ, NATO Suriyada İŞİD terrorçularını məhv etmək üçün havadan zərbələr endirdiyi kimi, terrora dəstək olan digər ölkələrə, o cümlədən Ermənistana münasibətdə də anoloji addımı atmalıdır. Bu gün Qarabağda terrorçu qruplar formalaşıb orada təlim keçirlərsə, beynəlxalq təşkilatlar qəbul etdikləri qətnamələrdə bunu elan edərək onlara qarşı mübarizə istiqamətində də müəyyən real addımlar, tədbirlər həyata keçirməlidirlər".

Sizin Reklam Yeriniz