news Image
2016.05.25
08:00
| A A A
Ermənistan beynəxlaq miqyasda təcrid vəziyyətinə düşəcək
“Liviya, Suriya və Rusiyaya qarşı tətbiq olunan sanksiyaları Ermənistana münasibətdə də tətbiq etmək olar”

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı bir daha Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gündəmə gətirib. O bildirib ki, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır Azərbaycanın 20 faiz ərazisi işğal altındadır: "Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırımı törədib. Ermənistan Silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb".

Azərbaycan Prezidenti bildirib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib: "Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. Həmin vaxt Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib. Azərbaycan silahlı qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir. Ermənistan bu qətnamələri yerinə yetirməlidir, ya da ona qarşı sanksiyalar tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Politoloq Elşən Manafov müasir geopolitik maraqlar fonunda işğalçı Ermənsitana qarşı beynəlxalq qurumların hansısa bir sanksiya tətbiq edəcəyinin mürəkkəb olduğunu düşünür: "Azərbaycan Prezidenti dəfələrlə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməli olduğu istiqamətində çağırışlar edir. Vyana görüşündən sonra da Prezidentin növbəti dəfə Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı təklifi geosiyasi reallıqlar və keçən ay təmas xəttində baş verən hadisələr, ordumuzun əldə etdiyi uğurlar baxımından tamamilə anlaşılandır. Amma məsələ ondadır ki, indiyə kimi nə ATƏT-in Minsk qrupu, nə beynəlxalq birlik Ermənistana qarşı belə bir sanksiyaların tətbiq edilməsi mövqeyindən çıxış etməyib. İlham Əliyevin mövqeyində tamamilə mövcud reallıqlara cavab verən məqam ondan ibarətdir ki, BMT bu günə qədər münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu fonda BMT zəhmət çəkib həmin qətnamələrin yerinə yetirilməsi istiqamətində konkret addımlar atsa, münaqişənin yaxın perspektivdə həll olunması istiqamətində kifayət qədər ciddi və sanballı irəliləyişlər müşahidə edəcəyik.

Amma görürük ki, BMT də qəbul etdiyi qətnamələrin icrası istiqamətində hər hansı bir real addım atmır. Çünki BMT-nin özü də beynəlxalq güclərin əlində onıarın geopolitik maraqlarını həyata keçirmək üçün bir alətə çevrilib. Azərbaycan Prezidenti Türkiyədə keçirilən humanitar forumda tamamilə doğru olaraq vurğuladı ki, əslində, ayrı-ayrı ölkələrə münasibətdə BMT-nin qəbul etdiyi qətnamələrin bir saat, maksimum bir gün sonra icrasına başlanıldığı halda, 20 ildən artıqdır Ermənistana münasibətdə 4 qətnamə qəbul olunsa da, onların yerinə yetirilməsi yolunda qurumun hansısa addımlar atdığını müşahidə etmirik. Azərbaycan hətta BMT Təhlükəsizlik Şurasının 2 il müddətinə daimi üzvü olarkən də münaqişə ətrafında qaldırdığı məsələlərə qurumda ciddi münasibət göstərilmədi.

Bütün bunlar onu göstərir ki, əvvəla BMT-nin özündə ciddi struktur islahatları aparılmasına ciddi ehtiyac var. BMT Təhlükəsizlik Şurasında 5 mövcud dövlətlə yanaşı, digərlərinin də təmsil olunmasına ciddi ehtiyac yaranıb. BMT-nin maliyyəsinin əsas hissəsini indi ABŞ ödəyir. Ona görə də BMT əksər hallarda güc mərkəzlərinin əlində onların geopolitik maraqlarının təmin edilməsi yolunda bir vasitə olaraq çıxış edir. Bu mənada qurumun Azərbaycan Ermənistan münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində hər hansı bir ciddi mövqe sərgiləməməsi də beynəlxalq güclərin geopolitik maraqlarından irəli gəlir.

Reallıqda Ermənistan təcavüzkar dövlət elan olunsa, təbii ki, beynəlxalq hüququn imkan verdiyi bütün sanksiyalar ona qarşı tətbiq olunacaq. Yəni Liviya, Suriya və Rusiyaya qarşı tətbiq olunan sanksiyaları Ermənistana münasibətdə də tətbiq etmək olar. Amma sanksiyaların tətbiq olunması üçün beynəlxalq güclər, BMT Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər onun lehinə səs verməlidirlər. Məsələ də burasındadır ki, o dövlətlər həmin sanksiyalara səs verəcəklərmi? Hətta NATO kimi mötəbər təşkilat bu günə qədər münaqişənin tənzimlənməsilə bağlı israrla mandatın ATƏT-in Minsk qrupuna verildiyini bəyan edir və bundan kənarda bir addım belə atmaq istəmirlər. Sadəcə olaraq, dəfələrlə bildirildiyi kimi, müasir dünyada məhz Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə ikili standartlar hökm sürür və bu da daha çox xristian təəssübkeşliyilə bağlı olan amillərdən irəli gəlir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs