Əlaqə Arxiv
news Image
2016.05.27
09:15
| A A A
Qarabağ erməniləri ilə İrəvan arasında böyük ziddiyyət yaranır
Elşən Manafov: “Buna görədir ki, hazırda Dağlıq Qarabağdan ermənilərin ciddi köç proseslərini müşahidə edirik” Elxan Şahinoğlu: “Qarabağ erməniləri arasında Serj Sarkisyandan narazılıq güclənirsə, bu, artıq onun siyasi karyerasının da sonu olacaq”

Qarabağ ermənilərinin İrəvandan, Serj Sarkisyan iqtidarından narazılığı sürətlə artır. Xüsusən də aprel döyüşlərində İrəvanın ağır məğlubiyyətə düçar olması, Qarabağ erməniləri arasında Sarkisyana olan ümidləri tamamilə heçə endirib. Sosial-iqtisadi vəziyyətin durmadan pisləşməsi də bu prosesə əhəmiyyətli dərəcədə təsir edir.

Qarabağ klanından olan Sarkisyanın Ermənistan daxilində də nüfuzu sıfır səviyyəsindədir. İrəvanda heç zaman Qarabağ klanından olan hər hansı bir şəxsin iqtidarda olmasını qəbul etməyiblər. Həmçinin, Sarkisyanın xaricdəki erməni diasporu arasında da nüfuzu aşağı düşüb. Bir sözlə, Sarkisyandan narazılıq erməni cəmiyyətinin bütün təbəqələrini bürüyüb. Bəs, yaşanan bu ziddiyyət ermənilər arasında daha böyük toqquşmalara gətirib çıxara bilərmi?

Politoloq Elşən Manafovun fikrincə, Ermənistandakı narazılıqlar, ardınca erməni diasporunun Sarkisyandan üz döndərməsi və nəhayət Qarabağ erməniləri arasında da nüfuzdan düşməsi onun iqtidarda qalmaq imkanlarını olduqca məhdudlaşdırıb: "Ermənistanda, o cümlədən Qarabağ erməniləri arasında Sarkisyan rejimindən narazılığın artması bir tərəfdən heç şübhəsiz iqtidarın həyata keçirdiyi uğursuz sosial-iqtisadi siyasətin reallıqları ilə bağlıdır. Digər tərəfdən, təbii ki, keçən ay erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu ilə qarşıdurması zamanı məğlubiyyəti və bu məğlubiyyətin Ermənistan, eləcə də Qarabağ erməniləri arasında doğurduğu sindromla bağlıdır. Yəni, bu məğlubiyyət erməni ordusunun məğlubedilməzliyilə bağlı əsatirləri yoxa çıxardı. Məlum oldu ki, bu ordu ermənilərin təhlükəsizliyini təmin etmək iqtidarında olan qüvvə deyil.

Qarabağdakı separatçı rejim heç bir dövlət, beynəlxalq birliklər tərəfindən tanınmayıb. İkincisi, Qarabağdakı separatçı rejim də bütün hallarda İrəvan və ona havadarlıq edən qüvvələr tərəfindən idarə olunur. Azərbaycan Ordusunun apreldə əldə etdiyi qələbə Qarabağ ermənilərinin təhlükəsizliyilə bağlı ciddi suallar doğurub. Yəqin, buna görədir ki, hazırda Dağlıq Qarabağdan ermənilərin ciddi köç proseslərini müşahidə edirik. Onlar aprel döyüşlərindən sonra anladılar ki, yaxın perspektivdə digər torpaqlarımız da azad olunacaq.

Qarabağ ermənilərinin həm sosial durumlarındakı ağırlıq, həm də indiki şərtlər daxilində gələcəyə olan ümidlərinin olmaması onların Sarkisyan rejimindən narazılığını daha da artırıb. Amma onu da nəzərə alaq ki, Sarkisyan və onun sələfi də məhz Qarabağ dalğası fonunda hakimiyyətə yiyələniblər. Bu mənada Qarabağ ermənilərilə Sarkisyan arasında daha çox bağlılıq mövcud olmuşdu.

Güman edirəm ki, Dağlıq Qarabağ erməniləri tərəfindən göstərilən dəstəkdən də məhrum olduqdan sonra Sarkisyan iqtidarının yaxın perspektivdə iqtidarda qala biləcəyinə dair düşüncələr ciddi sual altında qalacaq. Əslində, bu günə qədər məhz Qarabağ ermənilərinin ciddi ictimai, siyasi, sosial, habelə ABŞ, Fransa, Rusiyadakı erməni diasporu tərəfindən göstərilən dəstəyi Dağlıq Qarabağla bağlı məsələdə onlarda bir əmniyyət yaratmışdı. Amma indi məğlubiyyətin doğurduğu sindrom Qarabağ ermənilərində də Sarkisyana qarşı ciddi nifrət hissi yaradıb. Əslində, iyun ayında prezidentlərin baş tutacaq görüşündən və münaqişənin tənzimlənməsi istiqamətində atıla biləcək növbəti addımlardan asılı olaraq Qarabağ ermənilərin bu ərazilərdən daha sürətli axınla köç etməsinin şahidi olacağıq".

Həmsöhbətimiz onu da vurğuladı ki, separatçı rejimin sosial dayaqlarının laxlaması və Ermənistan hakimiyyətinə olan əvvəlki etimadın tükənməsi münaqişənin həlli üzrə Azərbaycan dövlətinin imkanlarını ölkəmizin maraqları baxımından əhəmiyyətli dərəcədə artırır: "Onsuz da etibar qazanmayan Sarkisyan iqtidarı olan-qalan etibarını da itirir. Son məğlubiyyət Ermənistan ordusunun özündə də ciddi rezonans doğurub. Ermənistan ordusunda da Sarkisyana münasibətdə ciddi narazılıq var. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağ erməniləri arasında Sarkisyana, eləcə də separatçı rejimə olan əvvəlki etibarın zəifləməsi problemin həlli istiqamətində Azərbaycan dövlətinin maraqlarına xidmət edəcək amillər ola bilər".

Politoloq Elxan Şahinoğlu da bu qənaətdədir ki, Qarabağ erməniləri arasında Sarkisyandan narazılıq güclənirsə, bu, artıq onun siyasi karyerasının da sonu olacaq : "2-5 aprel hadisələrindəki məğlubiyyətdən sonra proqnoz vermişdim ki, bu olay Serj Sarkisyanın sonunun başlanğıcı ola bilər. Çünki o, 22 il işğal altında saxladığı torpaqların bir hissəsini itirdi və böyük itkilər verdi. Belədə görürük ki, Sarkisyanın artıq çıxış yolu qalmır. Ona görə də Serj Sarkisyana qarşı müxtəlif istiqamətlərdə, o cümlədən Qarabağ erməniləri arasında narazılıqlar getdikcə daha da gurlaşacaq. Bir qrup Sarkisyanı satqınlıqda ittiham edəcək, ikinci qrup isə əksinə, müharibə əleyhinə çıxış edəcək. Yəni, Sarkisyan hər istiqamətdən təzyiqlə üzləşəcək və üzləşir.

Sabiq prezident Robert Köçəryan da artıq Msokvadan İrəvana qayıdıb, bunun özü də Sarkisyana edilən ciddi təzyiqdir. Belədə görürük ki, Sarkisyanın durumu günü-gündən daha da ağırlaşır. O çalışır ki, parlametin səlahiyyətlərini artırmaqla gələcəkdə baş nazir olaraq iqtidarda qalsın. Artıq bu planlarının üzərindən də xətt çəkilir. Qarabağ ermənilərilə Sarkisyan arasında toqquşmaların güclənməsini ancaq münaqişənin həllinə bu və ya digər dərəcədə təsir göstərə biləcəyilə bağlamaq istəməzdim. Ermənistanda hələ də münaqişənin həllində geri addım atmaq niyyətində olmayan revanşist qüvvələr üstünlük təşkil edir. Köçəryanın yenidən iqtidara gəlməsi ehtimalı da az deyil. Münaqişənin həllilə bağlı Azərbayanın yeganə alternativ yolu təzyiq etməkdən keçir. Bu yolla işğalın onlara baha başa gəldiyini Ermənistana anlatmalıyıq".

Sizin Reklam Yeriniz