news Image
2016.05.27
09:22
| A A A
Bakı Moskva və Ankaranı barışdıracaq
Hasan Oktay: “Türkiyə-Rusiya münasibətləri bu yol ilə düzələrsə, həm Azərbaycan, həm də Qazaxıstan bölgədə daha vacib gücə çevriləcəklər” Elnur Soltan: “Hər iki dövlət Azərbaycan üçün əhəmiyyətlidir”

Türkiyənin yeni baş naziri Binəli Yıldırım Rusiya ilə münasibətlərin düzəlməsinin tərəfdarı olduğunu bildirib. O, Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasının yeni hökumətin proqramında əsas bəndlərdən biri olduğunu deyib. Əlavə edib ki, hökumət dialoq yolu ilə Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində səyləri davam etdirəcək.

Diqqət çəkən odur ki, ümumiyyətlə, Rusiya təyyarəsinin vurulmasından sonra münasibətlərin yenidən normallaşmasında Türkiyə maraqlı tərəf kimi çıxış edir. Lakin hələlik iki ölkə arasındakı gərginlik birtərəfli qaydada gərgin olaraq qalmaqdadır. Artıq bu məsələdə vasitəçi qismində çıxış etməyə hazır olan dövlətlər də var. Burada ən real namizəd kimi Azərbaycanın adı göstərilir. Elə Azərbaycan tərəfi də bunda maraqlıdır və dəfələrlə buna hazır olduğunu bəyan edib.

"Sputnik-Azərbaycan"a müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da qeyd edib ki, Azərbaycan Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasına çalışır. Eyni zamanda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da "The Business Year 2016" jurnalına müsahibəsində Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib ki, həm Türkiyə, həm də Rusiya ilə əməkdaşlığın demək olar, bütün sahələrində münasibətlər dinamik şəkildə inkişaf edir: "Azərbaycan hər iki ölkə ilə münasibətlərin genişləndirilməsində maraqlıdır".

Bir sıra siyasi şərhçilər də bunu istisna etmirlər. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay "Mövqe"yə bildirdi ki, aprel ayının əvvəlində baş verən əməliyyatlardan sonra Azərbaycan bölgədə güvən qazanıb: "Bu güvən bölgədə barışın memarı olaraq Azərbaycanın diplomatiyası ilə daha da qüvvələtlənə bilər. Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın prosesi Qazaxıstan ilə birlikdə üzərilərinə götürərək idarə etməsi mümkündür. Türkiyə-Rusiya münasibətləri bu yol ilə düzələrsə, həm Azərbaycan, həm də Qazaxıstan bölgədə daha vacib gücə çevriləcəklər. Rusiya-Türkiyə münasibətlərində Azərbaycan ilə Qazaxıstan bunu bacara bilər".

Politoloq Elnur Soltan bildirdi ki, Türkiyə hazırda taktiki mənada udan statusa malikdir: "Adətən də elə tərəflər barışığa daha yaxın olurlar. Əgər Rusiya Türkiyənin təyyarəsini vursa idi, o zaman onlar barışığa hazır olduqlarını bəyan edəcəkdilər. Ona görə də yeni baş nazirin belə bir fikirlər ifadə etməsi gözləniləndir.

Türkiyənin indiki baş naziri prezident Rəcəb Tayyip Ərdoğana Əhməd Davudoğlundan daha yaxın adamdır. Yəni, Ərdoğanın iradəsinin ifadəçisidir. Bu mənada onun ifadələri əslində, Ərdoğanın fikirləri kimi görülməlidir. Çox yaxşı hadisədir. Ərdoğanın fikrinin ifadəsi olduğu üçün Türkiyədə ən yüksək səviyyədə qərarın verildiyini göstərir. Niyyət məlumdur, Türkiyə bunu istəyir. Ancaq bu niyyətin arxasında olan addımları atmaq istəyirmi? Bu, çox məsələləri müəyyən edəcək.

Türkiyə kompensasiya üçün nəsə etməlidir. Bu da siyasi iradə tələb edir. Ərdoğan buna hazırdımı? Çünki, Türkiyədə əsas məsələ prezident sistemindən super prezidentlik sisteminə keçiddir. Rusiya ilə münasibətlər əgər super prezidentlik sisteminə keçiddə əhəmiyətli faktodursa, o da həll ediləcək".

Politoloq hesab edir ki, bu məsələdə Azərbaycanın adının moderator kimi hallanması xoş hadisədir: "Azərbaycan yüksələn bir dövlətdir. Azərbaycanın müəyyən mənada Türkiyə ilə münasibətləri üstündür. Amma Azərbaycan və Rusiya prezidentləri arasında da yaxın münasibət var. Elə Azərbaycanın özü də bu işdə maraqlıdır. Çünki, hər iki dövlət Azərbaycan üçün əhəmiyyətlidir. Onların arasında gərginliyin müəyyən zərbəsini hiss edə bilərik. Amma bütün hallarda siyasi iradə həmin ölkələrdən gəlməlidir. O gəlməsə, Azərbaycan öz-özünə prosesə qoşulmayacaq.

Əgər Ərdoğan həqiqətən də Rusiya ilə münasibətləri düzəltmək istəyirsə, ən uğurlu varinatlardan biri Azərbaycandır. Xüsusən ona görə ki, İlham Əliyev ilə Vladimir Putin arasında xoş münasibət var. Bu bağlantı bizi potensial moderatora çevirir. Azərbaycanın adının belə iki dövlət arasında moderator kimi hallanması özlüyündə uğurdur. Qlobal piar mənasında xoş hadisədir".

Rusiyalı politoloq Sergey Markov da bildirir ki, Rusiya və Türkiyə rəhbərliyi Azərbaycan və Qazaxıstana onlar arasında vasitəçi olmaq imkanı verməlidirlər.

Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərində ən böyük problem etibarın bərpa edilməsidir: "Vasitəçilər də məhz etibarın olmadığı vaxt lazımdır. Azərbaycan və Qazaxıstan həm Türkiyə, həm də Rusiyaya yaxın ölkələrdir. Hər iki prezident - həm İlham Əliyev, həm də Nursultan Nazarbayev güclü liderdir. Onlar bu missiyanı reallaşdırmağı bacaracaqlar. Ankara və Moskva onların təşəbbüslərini ciddi qəbul etməlidir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs