news Image
2016.05.31
13:33
| A A A
Türkiyədə Azərbaycan hərbçilərinin də iştirakı ilə beynəlxalq hərbi təlimlər başlayıb

Türkiyə Silahlı Qüvvələri tərəfindən bu il ilk dəfə təşkil olunan beynəlxalq miqyaslı "Efes" real atəş təlimlərinə İzmir vilayətinin Səfərihisar rayonunun Doğanbəy mövqeyində start verilib.  

Movqe.az-ın  verdiyi məlumata görə, təlimlərdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı və Qatar hərbçiləri iştirak edir. 900-ü xarici ölkə hərbçiləri olmaqla, ümumilikdə 7 min 500 hərbçinin qatıldığı təlimlərdə ilk dəfə konvensional (adi silahlardan istifadə olunan) müharibə ilə yanaşı, kibermüharibə və psixoloji savaş taktikalarını, terrorla mübarizəni əhatə edən hibrid müharibə taktikaları da sınaqdan çıxarılacaq.   

 

Mayın 30-da yerli vaxtla saat 20:30-22:10 arasında keçirilən axşam və gecə təlimlərini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Türkiyənin müdafiə naziri Fikri İşıq, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, eləcə də Ukrayna, Səudiyyə Ərəbistanı, Qatar Baş Qərargah rəisləri, Polşa Baş Qərargah rəisinin müavini, Pakistan və Yaponiya quru qoşunlarının komandanları da daxil olmaqla, 79 ölkədən 255 rəsmi nümayəndə izləyib. 

 

Təlimlər sualtı müdafiə və sualtı hücum kommando birliklərinin dənizdən desant çıxarması, xüsusi təyinatlı qüvvələrin isə havadan desant atması ilə başlayıb. Türkiyə, Azərbaycan, Pakistan, Polşa, Qatar və Səudiyyə Ərəbistanı əsgərləri dənizdən nəzərdə tutulan quru ərazisinə sızma hərəkatı həyata keçiriblər. Dənizdəki minalar tapılaraq zərərsizləşdirilib. Xüsusi təyinatlıların kəşfiyyatından sonra dənizdən quruya top atəşləri açılıb, sonra F-16 təyyarələri və "Kobra" helikopterləri hədəfləri bombalayıb. Yerə endirilən desant qüvvələrinə qarşı düşmənin hücumuna uzaqvuran artilleriya ilə müdaxilə edilib, düşmən tanklarını təmsil edən qırmızı nöqtələr raketlərlə vurulub. Düşmənin hava qüvvələrinin müttəfiq qüvvələri atəş altına almasından sonra hava hücumundan müdafiə sistemləri fəaliyyətə başlayıb. Türkiyənin yerli "Atak" helikopterləri təlimdə real raketlərdən istifadə edib.

 

Təlimlərin ssenarisinə əsasən "Arnland" və "Torrike" şərti adı olan ölkələr arasında müharibə sınaqdan çıxarılıb. "Torrike" tərəfindən "Arnland"a məxsus ada işğal olunur və bu dövlət BMT-yə müraciət edir.  BMT-nin qərarına uyğun olaraq Türkiyənin liderliyində Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı, Qatar qüvvələrindən ibarət dost ölkələrin hərbi qruplaşması təşkil olunur. Dost qüvvələr Torrike"nin ələ keçirdiyi adanı işğaldan azad edir.

 

Təlimlərin bu gün keçiriləcək gündüz hissəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırm da izləyəcək./apa/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs