Əlaqə Arxiv
news Image
2016.06.01
09:00
| A A A
Azərbaycana qarşı bitməyən ikili standartlar
Elman Məmmədov: “Azərbaycan Prezidenti özünün müəyyən etdiyi düzgün siyasətlə dövlətimizi inkişaf etdirir, onu qoruyur, irəli aparır ki, bu da bəzilərinin xoşuna gəlmir” Mais Səfərli: “Azərbaycan mövcud olan demokratik münasibətlər, insan haqlarının qorunması sahəsində hazırda Avropa ölkələrindən də irəlidədir”

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul zamani Prezident İlham Əliyev bildirdi ki, həm MDB məkanında, Avropada, Yaxın Şərqdə, həm də bizim qonşuluğumuzda çox təhlükəli proseslər gedir: "Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb. Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır".

Bəs nədən, Azərbaycana, onun liderinə qarşı yürüdülən ikili standartlara nədən hələ də son qoyulmur? Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, bəzi xarici ölkələr tərəfindən dövlətimizə münasibətdə ikili standartların hökm sürməsi onların Azərbaycanın müstəqil siyasət yürütməsindən qıcıqlanmalarından, bunu həzm edə bilməmələrindən qaynaqlanır: "Demokratiyadan danışan bəzi dövlətlərin vəziyyətini qarşı-qarşıya qoymaq üçün televiziya proqramlarını izləmək belə kifayətdir. Demokratiya, insan haqarından danışan dövlətlərdə insanların, dinc nümayişçilərin başına hansı oyunlar açdıqları, miqrantlara, müsəlmanlara qarşı hansı hərəkətlər etdiklərini hamımız görürük. Demokratiya, insan haqları oyunu əslində, bəzi dövlətlərin əlində uzun illərdir müxtəlif dövlətlər və siyasi liderlərə təzyiq göstərmək, onlardan nəsə qoparmaq, öz mənafelərini təmin etmək üçün ortaya atdıqları bir vasitədir.

Azərbaycana qarşı onların bu münasibəti də təbii ki, məlumdur. Böyük dövlətlər əslində, heç zaman özlərindən kiçik dövlətlərə bərabər hüquqlu dövlətlər kimi yanaşmayıb, özlərinə ağa kimi baxırlar. Hesab edirlər ki, kiçik dölətlər müstəqil siyasət yürüdə və müstəqil yaşaya bilməz və onların diqtəsilə oturub durmalıdırlar. Ancaq bu, səhv mövqedir. Digər tərəfdən, həmin dövlətlər müsəlman ölkələrini həmişə hazırda Yaxın Şərqdə yaşanan proseslər içində görmək istəyirlər. Yəni, buradakı qazanı da onlar özləri qaynadıb, oradakı müharibələri də özləri yaradıblar. Belədə, Qərb kefi nə istəyir onu da edir, təki, ölən, qırılan müsəlman, dağılan da müsəlman ölkəsi olsun. Bu qüvvələr Azərbaycana da həmin prizmadan yanaşır. Buna nail olmadıqda isə başlayırlar ölkəmizə qara yaxmağa, daxildən və xaricdən müəyyən qurum və təşkilatların vasitəsilə Azərbaycana qarşı şər, böhtan kampaniyası aparırlar. Onlar möhkəm daxili stabilliyə, müstəqil siyasətə malik, heç bir bloka qoşulmayan, inkişaf edən müsəlman dövlətini görmək istəmir. Onların nəzərində müsəlman ölkəsi İraq, Suriya, Liviya, Əfqanıstanda olduğu kimi olmalıdır.

Azərbaycan Prezidenti özünün müəyyən etdiyi düzgün siyasətlə dövlətimizi inkişaf etdirir, onu qoruyur, irəli aparır. Bu amil də bəzilərinin xoşuna gəlmir, onları qıcıqlandırır. Azərbaycan bir dəfə bəyan edib, bu gün də cənab Prezident ulu öndərin dövlətçilik istiqamətində qoyduğu yolu uğurla davam etdirərək bəyan edir ki, heç bir bloka qoşulmur, hamı ilə, qonşular və qeyri-qonşularla səmimi əməkdaşlıq, tərəfdaşlıq etmək siyasətini yürüdür, işğalçıdan başqa digərlərilə xoş münasibətlərimizi saxlayır, heç kimin daxili işlərinə qarışmır, heç kimə də öz daxili işlərimizə qarışmağa imkan vermərik. Öz siyasətimizi, öz yolumuzu özümüz müəyyən edirik. Kənar dövlətin, hər hansı bir qurumun daxili işlərimizə qarışmaq səlahiyyəti yoxdur və buna da imkan verməyəcəyik. Bu səbəbdən də bəziləri ölkəmizə qarşı belə qərəzli siyasət yürüdür, ikili standartlarını davam etdirirlər.

Azərbaycan düzgün yoldadır, iqtisadiyyatımız, ordumuz güclənir. Bu güc və inkişafımızla, müxtəlif mədəniyyət və dinlərin birgə yaşayışı ilə əslində onlar bizdən nümunə götürməlidirlər. Biz heç zaman bəzi dövlətlərin pis əməllərindən nümunə olaraq götürməyəcəyik".

Yurddaş Partiyasının sədri Mais Səfərli də vurğuladı ki, Azərbaycanın müstəqil şəkildə inkişafı Qərbu qorxuya saldığından onlar ikili standartlardan əl çəkmirlər: "Paradoksal bir situasiya yaranıb. Azərbaycanı demokratiyanın zəif olmasında, insan haqlarını pozmaqda günahlandıran, bu istiqamətdə ölkəmizə irad tutan dövlətlər özləri həmin kriteriyalar baxımından çox biabırçı durumdadırlar. Son günlər Fransada üsyan xarakterli etirazlar baş qaldırıb. Fransa və Qərbin digər dövlətlərinin idarəetmə sistemində ciddi boşluqlar yaranıb.

Artıq Avropa Birliyinin özü çat verməkdədir. Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi məsələsi gündəmdədir. Bu dövlətlərin inkişafında böyük əngəllər var, onlar artıq islahat apara bilmir. Qərbdə bu fonda insanların həyat səviyyəsi də getdikcə aşağı düşür. Avropa Birliyi ölkələrində işsizlik böyük rəqəmlərlə ölçülür. Bu səbəbdən həmin ölkələrdə insanlar etiraz aksiyaları təşkil edirlər. Lakin demokratiyadan dəm vuran Qərb hökumətləri həmin etirazları ciddi təpkilə qarşılayırlar. Fransada insanları kütləvi şəkildə amansızcasına döyürürlər.

Azərbaycan Prezidenti də son çıxışında Avropadakı vəziyyəti obyektiv şəkildə dəyərləndirib. Azərbaycandakı inkişaf, stabillik Qərbdə qıcıq doğurur. Yerləşdiyimiz geosiyasi məkanda stabillik əldə etmək çətin məsələdir. Amma Prezident İlham Əliyev həmin stabillyi böyük uğurla qoruyub saxlayıb və bunun üçün də əlindən gələn hər şeyi edib. Azərbaycanda stabillik təkcə güc strukturları hesabına qorunmur, bu, həm də ölkədə keçirilən siyasi, iqtisadi, sosial islahatların, demokratik inkişafın nəticəsidir. Bu istiqamətdə də Azərbaycan böyük uğurlara imza atıb. Azərbaycan mövcud olan demokratik münasibətlər, insan haqlarının qorunması sahəsində hazırda Avropa ölkələrindən də irəlidədir. İndi Avropada deqradasiya, Azərbaycanda isə əksinə inkişaf prosesləri gedir. Qərb özündə olan həmin prosesləri pərdələmək, ört-basdır etmək üçün Azərbaycan kimi müsəlman ölkələrinə qarşı ikili münasibət sərgiləyir. Amma onların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz yolu ilə gedir".

Sizin Reklam Yeriniz