Əlaqə Arxiv
news Image
2016.06.02
10:30
| A A A
Azərbaycan Ordusu erməniləri daha çox qorxuya salır
Aydın Ağayev: “Hər bir halda köməyin hardan gəlməsindən asılı olmayaraq, Ermənistan rəhbərliyi real vəziyyətlə hesablaşmalı olacaq” Elşən Manafov: “Ermənistan danışıqların baş tutacağı təqdirdə Kazan prinsipləri fonunda ciddi güzəştlərə getməli olduğunu anlayır”

Aprelin əvvəlində Azərbaycan Ordusunun cəbhə bölgəsində əldə etdiyi uğurlar fonunda Ermənistanda ölkəmizin hərbi gücünü etiraf edənlərin sayı durmadan artır. Nəinki siyasilər, hətta bir sıra yüksək rütbəli hərbçilər də öz açıqlamalarında Azərbaycan Ordusunun özlərinin hərbi qüvvələrindən qat-qat güclü olduğunu bildiriblər. məsələn, qondarma "DQR"in keçmiş "müdafiə naziri" Samvel Babayan bildirib ki, Azərbaycan böyük sayda silahlar alır, bu zaman əsas vurğunu artilleriyaya, raket və hərbi-hava qüvvələrinə yönəldir, təmas xəttindəki erməni mövqelərini, habelə şəhərləri və kəndləri yerlə bir etməyi planlaşdırır. Onun sözlərinə görə, Ermənistanın nə maddi, nə insan resursları ilə Azərbaycanla ayaqlaşmaq imkanı yoxdur.

Bu fonda da ermənilər vəziyyətdən çıxış yolu kimi zəruri addımlar atılmasını tələb erdirlər. Hesab olunur ki, Azərbaycanla müharibə ermənilərin məhvi deməkdir və Qarabağ məsələsi danışıqlar yolu ilə həll olunmalıdır.

Görəsən, Ermənistanda artan bu tip yanaşma həmin ölkənin danışıqlarda konstruktiv mövqeyə gəlməsinə səbəb ola bilərmi? Əks halda vəziyyət necə olacaq?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, hər bir halda Ermənistan real vəziyyətlə hesablaşmağa məcbur olacaq: "Aprelin 5-dən sonra yaranmış vəziyyət fonunda ermənilər çox şeyi gizlətməyə çalışır. Amma gizlətmək mümkün deyil. Çünki elə hadisələr baş verib ki, son 22 ildə ilk dəfə onların burnu əzildi. Belədə onlar çaş-baş qaldılar. Bir-birinə zidd, bir-birini təkzib edən münasibətlər bildirildi. Ermənistanın həmişə Azərbaycanı təhdid edən bir-iki keçmiş hərbçisi də sonradan nəyin baş verdiyini etiraf etdilər. Sonrakı hadisələr əslində, oradakı hakimiyyətin gördüyü tədbirlərlə çox asan izah oluna bilər.

Müdafiə Nazirliyindən işdən kənarlaşdırılmalar, başqa ittihamlar, parlamentdə müəyyən qrupların sabiq prezident Robert Köçəryan hakimiyyətini ittiham etməsi bu kimi proseslər indiyə kimi davam edir. Hakimiyyət vəziyyəti ört-basdır etmək üçün müxtəlif cəhdlərdə bulunsa da, bunu bacarmadı. Əksinə, erməni ictimaiyyətinin gözündə öz vəziyyətin daha da pisləşdirdi. Real hadisələr, həm də Rusiya məsələsində nə gəldi danışdılar. Bu da onlarda yaşanan çaşqınlığın nəticəsidir. İndiki vəziyyətdə Ermənistan cəmiyyətində Azərbaycan Ordusunun güclü olması barədə deyilən sədalar daha da çoxalır. Yəni onlar real vəziyyəti ört-basdır edə bilmədisə, bəzi məsələləri etiraf etməlidirlər. Bu istiqamətdə hər gün yeni informasiyaların şahidi oluruq. Onlar özlərini ağıllı, tədbirli bilir, amma 2-5 aprel hadisələri ermənilərə elə bir dərs verdi ki, real durumları bütün dünyaya bəlli oldu.

Bundan sonrakı proseslərin gedişatı barədə rəsmi informasiyalar hələlik yoxdur. Amma kənardan xarici müşahidəçilər, rəsmilər başa düşür ki, diplomatik kanallarla hansısa proses gedir. Ermənilər apreldən əvvəlki mövqelərinə əsaslanaraq fəaliyyətlərini davam etdirməyə hər nə qədər çalışsalar da, bu, onlarda alınmır. Bir tərəfdən Serj Sarkisyan Astanadakı məlum çıxışında bütövlükdə həmin hərbi təşkilatı sanki Ermənistana köməyə çağırır. O biri tərəfdən ermənilər yazırlar ki, nə Avrasiya Birliyin, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiqləri və bir blokda olan dövlətlər belə Ermənistanın mövqeyini müdafiə etmir. Ermənistan işğalçı ölkədir, hərbi birləşmələri başqa ölkə ərazisindədir. Başa düşürük ki, Rusiya faktoru nə deməkdir. Rusiyada da başa düşürlər ki, diplomatik səviyyə və danışıq nədir, bu və ya digər məsələyə nə cür münasibət bildirmək lazımdır. Onlar bütün bunları Azərbaycan hakimiyyətilə də müqayisə edir və fərqi görürlər. Hər bir halda köməyin hardan gəlməsindən asılı olmayaraq, Ermənistan rəhbərliyi real vəziyyətlə hesablaşmalı olacaq.

Onlar nə qədər vaxtı uzatmağa çalışsalar da, yenə də başları divara dəyəcək. Hər gün onların havadarlarından gələn dəstək sədalarını eşidirik. Amma onun da heç bir əhəmiyyəti yoxdur. Real vəziyyət öz qaydalarını diqtə edəcək. Azərbaycanda bütün istiqamətlərdə öz işini arxayın, inamlı, səliqəli şəkildə görməkdədir. Əvvəl-axır prosesin hansı tərəfə doğru gedəcəyini görəcəyik. Qoy, indi ermənilər daha çox narahat olsun. Onların qarşısında istənilən səviyyədə tələb qoyulur ki, işğalçı ordu Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əsas

tələb budur".

Politoloq Elşən Manafov isə bu qənaətdədir ki, iyunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutmayacağı barədə məlumatların gəlməsi onu deməyə əsas verir ki, İrəvan hələ də prosesdə konstruktiv mövqe sərgiləmək istəmir: "Öncə onu qeyd edim ki, yayılan məlumatlara görə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu ilin iyun ayında nəzərdə tutulan görüş baş tutmayacaq. Görüşün baş tutmaması da hər halda Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşünün baş tutmaması üçün kifayət qədər əsas ola bilər. Çünki dövlət başçılarının görüşü ərəfəsində xarici məsələlərə baxan şəxslərin görüşməsi və fikir mübadiləsi arararaq gündəliyi müəyyən etməsi məzh xarici işlər nazirlərinin səlahiyyətlərinə aid olan məsələlərdir. Bu dövlət başçıları tərəfindən onların qarşısına qoyulmuş vəzifədir. Bu baxımdan güman edirəm ki, Ermənistan yenidən qeyri-konstruktiv mövqe sərgiləməyə başlayıb.

Qarabağ probleminin danışıqlar yolu ilə həllinə gəldikdə Sarkisyan iqtidarı çalışacaq ki, Moskvanın dəstəyi şəraitində yenidən danışıqları danışıq aparmaq naminə uzatsın və nəzərdə tutulan müddətə qədər status-kvonun uzadılmasına nail olsunlar. İndiki şəraitdə status-kvonun uzadılmasında daha çox maraqlı tərəf Rusiyadır. Bu da anlaşılandır. Hazırda NATO-nun şərqə doğru genişlənməsi fonunda Moskva həmin qurumla Cənubi Qafqazda daha ciddi bir münaqişəyə girməkdən çəkinir. Bunun da səbəbi NATO ilə Rusiya arasında Ukrayna və Suriyada yaşanan ciddi qarşıdurmadır. Amma hər halda apreldə cəbhədə baş verən hadisələr də sonda Rusiyanın təşəbbüsü ilə dayandırıldı. Bu bir daha göstərir ki, Rusiya Cənubi Qafqazda status-kvonun qalmasında maraqlıdır. Amma bununla belə ümumi vəziyyət Moskvanın hələ də Cənubi Qafqazda həlledici gücə malik olaraq qaldığı fikrini səsləndirməyə əsas verir.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında məlum görüşün baş tuta bilməməsilə bağlı səsləndirilən bəyanatlar göstərir ki, Ermənistan danışıqların baş tutacağı təqdirdə Kazan prinsipləri fonunda ciddi güzəştlərə getməli olduğunu anlayır. Ona görə İrəvan Kremlin dəstəyilə bu danışıqlar masası arxasında əyləşməmək üçün hər şeyi edir və edəcək. Ermənistan anlayır ki, bu ay Bakıda keçiriləcək Formula-1 yarışları çərçivəsində Azərbaycan cəbhədəki sabitliyi pozmaq üçün təşəbbüs göstərəcək tərəf deyil. Ümumiyyətlə, Azərbaycan atəşkəslə bağlı razılıqlara həmişə bir qayda olaraq ciddi əməl edib. Provokasiyalara gedən Ermənistandır.

Bu baxımdan güman edirəm ki, danışıqların baş tutmayacağı təqdirdə, Ermənistan provokasion tədbirlərə də əl atıb erməni ictimaiyyətində apreldə yaşanan məğlubiyyətdən irəli gələn narazılığı aradan qaldırmağa səy göstərəcək. Bununla belə Azərbaycan Ordusunun nəyə qadir olması özünü açıq şəkildə göstərdikdən sonra istər Qərb, istərsə də Rusiyanın münaqişənin yenidən geniş maştabda bərpa olunmasına yol verməmək istiqamətində siyasətlərini davam etdirəcəkləri, hətta uzlaşdıracaqlarını da istisna etmək olmaz. Qərb başa düşür ki, enerji resurslarına malik Azərbaycanın geniş həcmli hərbi əməliyyatlara cəlbi onlar üçün yolverilməzdir. Bu səbəbdən Qərb də Moskva kimi hərbi əməliyyatların yenidən alovlanmasına imkan verməyəcək".



Sizin Reklam Yeriniz