news Image
2016.06.02
16:49
| A A A
Əli Həsənov: Azərbaycan vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir

Bu gün Bakıda Avropa Şurası və Avropa İttifaqının təşkilatçılığı ilə "Vətəndaş cəmiyyəti dialoqu" layihəsinin təqdimat mərasimi keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Avropa Şurası Demokratiya Baş Direktorluğunun demokratik idarəetmə üzrə direktoru Klaudiya Luçani, ədliyyə nazirinin müavini Toğrul Musayev, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktorunun müavini Rauf Məcidli və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Tədbirdə ilk çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verib: "Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir. 2013-cü ildən etibarən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası xarici QHT-lərin sülh, demokratiya, hüquq müdafiəsi, siyasi plüralizmin inkişafı, Azərbaycan reallıqlarının dünyaya çatdırılması və s. mövzularda təqdim etdikləri layihələri maliyyələşdirməyə başlayıb".

Bəzi ictimai sektor təmsilçiləri və beynəlxalq təşkilatların son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlı narahatlıqlarına münasibət bildirən Ə.Həsənov deyib ki, əslində, təcrübə göstərir ki, həmin dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılması üçün edilib: "Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaq. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcək. Hesab edirəm ki, bizim "Vətəndaş cəmiyyəti dialoqu" layihəsinə göstərdiyimiz dəstək də həmin siyasətə tamamilə uyğundur. Əminəm ki, bu istiqamətdə Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlıq müsbət nəticələrlərini verəcək".


Sonra tədbirdə çıxış edən Avropa Şurası Demokratiya Baş Direktorluğunun demokratik idarəetmə üzrə direktoru K.Luçani bildirib ki, təqdim edilən layihə Azərbaycan üçün əhəmiyyətlidir: "Çünki Azərbaycan Avropa Şurasına sonradan üzv olsa da, böyük əhəmiyyətə malikdir. Bu layihə Azərbaycanla Avropa Şurası arasında vətəndaş cəmiyyəti ilə bağlı geniş fəaliyyətin bir hissəsidir".


Onun sözlərinə görə, layihənin məqsədlərindən biri vətəndaş cəmiyyəti təşkilatları ilə hökumət arasında münasibətlərdə iştirak edən dövlət qurumlarının potensialının genişləndirilməsidir. O bildirib ki, layihə çərçivəsində görülməli xeyli yaxşı işlər var.


Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev isə bildirib ki, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq nəticəsində respublikamızda geniş islahatlar aparılaraq bir çox mühüm nəticələr əldə edilib: "Əməkdaşlığın nəticəsi olaraq 2014-cü ildə Fəaliyyət Planı qəbul edilib. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, 3-cü sektora dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə qanunvericilik daim təkmilləşdirilir".


Nazir müavini bildirib ki, Azərbaycanda QHT-lərin fəaliyyətini sərbəstləşdirilən qanunvericilik bazası formalaşdırılıb: "Azərbaycan nadir ölkələrdən biridir ki, QHT-lərə ixtisaslaşmış elektron xidmətlər göstərilir. Elektron məlumat sistemi yaradılıb. Bu sistem vasitəsilə QHT-lərin qarşılıqlı informasiya mübadiləsi, hesabatların elektron qaydada verilməsi və digər məsələlər həyata keçirilir. Son 10 ildə QHT-lərin sayı 2 dəfə artaraq 3 mini ötüb. Azərbaycanda QHT-lərin rolu getdicə artır. Bu layihənin həyata keçirilməsi QHT-lərin potensialının artmasına öz töhfəsini verəcək".


Avropa Şurasının Bakı ofisinin rəhbəri D.Filipoviç deyib ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması hökumət və QHT-lər arasında dialoqun təzahürüdür. O bildirib ki, aktiv mətbuat və müstəqil məhkəmə dinamik demokratiyanın ayrılmaz hissələridir: "Bu layihə Avropa Şurası, Avropa İttifaqı və digər tərəfdaşların birgə çalışması üçün yaxşı platformadır".


Daha sonra tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri M.Mard deyib ki, açıq cəmiyyət uzunmüddətli sabitlik üçün çox vacibdir: "Azərbaycan kimi tərəfdaş ölkələrlə bu cür layihələrin həyata keçirilməsi çox vacibdir. Hökumət ilə vətəndaş cəmiyyəti arasında dialoqun irəliyə aparılması müsbət nəticələr verə bilər. Avropa İttifaqı bu fəaliyyəti dəstəkləyir. Çox yaxşı olar ki, tərəfdaşlar birgə işləsinlər və Avropa Şurasının təcrübəsindən istifadə etsinlər".


O əlavə edib ki, Azərbaycan Avropa Şurasının uğurlu üzvüdür və bu layihənin vacib bir hissəsidir: "Ümid edirəm ki, layihənin həyata keçiriləcəyi iki il ərzində imkan olacaq ki, yaxşı təcrübələri bölüşək və daha da irəliyə gedək".


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktorunun müavini R.Məcidli isə çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə vətəndaş cəmiyyəti institutları davamlı inkişaf yolu keçib: "Azərbaycanda QHT-lərə dövlət dəstəyi konsepsiyasının qəbulu Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının inkişafında yeni dövr kimi qeyd edilməlidir. Bu gün təqdimatı keçirilən layihə çərçivədinə həyata keçirilən işlər də öz töhfəsini verəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs