news Image
2016.06.02
16:53
| A A A
Hikmət Hacıyev: Beynəlxalq media orqanları Azərbaycanın qanun və qaydalarına hörmətlə yanaşmalıdır

Azərbaycan beynəlxalq media orqanlarının işğal olunmuş ərazilərə səfər etmək kimi peşəkar marağına hörmətlə yanaşdığı halda, beynəlxalq media orqanları da Azərbaycanın qanun və qaydalarına hörmətlə yanaşmalıdır. Movqe.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xarici KİV nümayəndələrinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar Trend-ə açıqlamasında deyib: "Ermənistan və Avropada yerləşən erməni lobbi təşkilatları bəzi beynəlxalq media nümayəndələrinin bütün xərclər ödənilməklə işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərini təşkil ediblər. Ermənistan tərəfi bu kimi vasitələrlə münaqişənin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyəti aldatmaq və xüsusilə aprelin 2-dən etibarən qoşunların təmas xəttində yaranmış gərginliyə görə daşıdığı məsuliyyəti gizlətməyə çalışır. Bəzi KİV nümayəndələrinin işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfəri hallarına baxmayaraq, bu sahədə də pozitiv dinamika vardır".


XİN rəsmisi qeyd edib ki, Polşanın İctimai Televiziya və Ukraynanın İCTV televiziya kanalının çəkiliş qrupları bu yaxınlarda Xarici İşlər Nazirliyinə rəsmi müraciət edərək, peşəkar jurnalist fəaliyyətini həyata keçirmək üçün işğal olunmuş ərazilərə səfər etmək və bununla bağlı icazə və müvafiq akkreditasiya verilməsini xahiş ediblər: "Polşanın İctimai Televiziya və Ukraynanın İCTV kanalları Azərbaycanın qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlərini ifadə edərək, səfərin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etməyəcəyini bildiriblər. Mövcud qaydalar əsasında hər iki televiziya kanalının akkreditasiya müraciətinə baxılıb və onlara XİN tərəfindən bütün Azərbaycan ərazisində xarici KİV nümayəndələrinə jurnalist fəaliyyəti ilə məşğul olmağa icazə verən müvafiq akkreditasiya verilib".


H.Hacıyev deyib ki, Azərbaycan beynəlxalq media orqanlarının işğal olunmuş ərazilərə səfər etmək kimi peşəkar marağına hörmətlə yanaşdığı halda, beynəlxalq media orqanları da Azərbaycanın qanun və qaydalarına hörmətlə yanaşmalıdır. O qeyd edib ki, bundan əvvəl də fəaliyyətində ölkədaxili qanunlara və beynəlxalq hüquqa hörməti rəhbər tutan media orqanları Azərbaycan XİN-in akkreditasiyası əsasında işğal olunmuş ərazilərə səfər ediblər.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs