Əlaqə Arxiv
news Image
2016.06.03
09:15
| A A A
Azərbaycana qarşı bitməyən qərəz
Azər Həsrət: “Uzun illərdir ki, Azərbaycanı insan haqları “kartı” ilə vurmaq istəyən qüvvələr bir an belə dayanmayıblar” Kamil Seyidov: “Müəyyən beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standar həmişə mövcud olub”

"Bəzi qüvvələr insan hüquqları məsələsindən istifadə edərək Azərbaycana qarşı daim təzyiq göstərməyə cəhd edirdilər". Bunu Milli Məclisdə İnsan Hüquqları üzrə İşçi Qrupunun həmsədri Səməd Seyidov bildirib. O əlavə edib ki, onların insan hüquqlarının müdafiəsi pərdəsi altında təzyiq cəhdləri gözümüzün qabağında olub, lakin Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar, ölkə Prezidentinin mütəmadi əfv fərmanları həmin qüvvələrin əlindən Azərbaycana qarşı təzyiq alətlərini aldı: "Azərbaycan insan haqlarına, qanunun aliliyinə, demokratik prinsiplərə xüsusi münasibət göstərib. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır. İnsan haqlarından - bu ali dəyərdən istifadə edərək dövlətlərə təzyiq edilməməlidir".

Siyasilər də millət vəkilinin fikrinə dəstək verirlər. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirir ki, millət vəkilinin fikri təsadüfi deyil: "Uzun illərdir ki, Azərbaycanı insan haqları "kartı" ilə vurmaq istəyən qüvvələr bir an belə dayanmayıblar. Dünyanın hansısa yerində insan haqları ilə bağlı problem baş verərsə, məsələni fırladıb Azərbaycanı da ora qoşmağa cəhdlər ediblər. Beynəlxalq insan haqları təşkilatları, xüsusən xarici medianı bəlli nümayəndələridir ki, mütləq şəkildə Azərbaycanı dəxli olmayan məsələlərə görə qınayıblar.

Dünyada hazırda elə proseslər gedir ki, həmin təşkilatlarlar o proseslərə diqqət ayırmır. Məsələn, bugünlərdə Fransada baş verən hadisələri göstərə bilərik. Fransada polis şiddəti zirvə həddinə çatıb. Qadınlara, qocalara, hətta uşaqlara belə şiddət tətbiq edirlər. Amma nədənsə həmin beynəlxalq media, insan haqlarını qoruduğunu iddia edən beynəlxalq təşkilatlar bu haqda heç danışmırlar. Sanki, Fransada heç nə baş vermir. Halbuki, həmin hadisələrin işığında yenə də Azərbaycan kimi ölkələr haqqında ikili standartlardan çıxış edir, tənqidi mövqedən yazılar dərc edirlər. Bu, dünyada mövcud olan ikili standartların növbəti nümunəsidir. Əgər güclüsənsə, ədalətlisən! Yəni, bizə yanaşma bunun üzərində köklənib. Cənab Prezidentin də bu məsələyə orijinal yanaşması oldu ki, xarici ölkələrdə bu cür hadisələrə reaksiya verməyən təşkilatlar nəyə görəsə, Azərbaycan kimi ölkələrdə mütləq nəsə axtarırlar: "Hətta belə hallar olmadan da nəsə uyduraraq Azərbaycanı tənqid edirlər". Təbii ki, bütün bunlar ikili standartın, qərəzli yanaşmanın bir göstəricisidir".

Azad Respublikaçılar Partiyasının (AARP) sədri Kamil Seyidov bunun ikili standartdan irəli gəldiyini deyir: "Artıq belə vəziyyət adi hala çevrilib. Ümumiyyətlə, müəyyən beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standar həmişə mövcud olub. Ehtimal ki, gələcəkdə də olacaq. Çünki, Azərbaycan daxili və xarici siyasəti müstəqildir. Bu siyasəti bəyənməyən müəyyən dairələr var ki, Azərbaycana təzyiq vasitəsi kimi müxtəlif üsullardan istifadə edirlər. Əsas alət də demokratiya pərdəsi altında insan haqların pozulmasıdır.

Nəzərə alaq ki, Səməd Seyidov Avropa Parlamenti ilə sıx əlaqədə olan millət vəkilidir. Onun dediklərində həqiqət durur. Bu gün bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində ikili standart özünü göstərir. Hansı ki, belə standartlar neçə illərdir, davam edir. Ölkə rəhbəri də dəfələrlə bu məsələyə toxunub. Təbii ki, Azərbaycan da özünün haqlı mövqeyini beynəlxalq tribunalarda həmişə müdafiə edib. Beynəlxalq təşkilatlar unutmamalıdırlar ki, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan artıq insanı didərgin düşüb. Onlar da insandır və haqları var. Bəs, həmin beynəlxalq təşkilatlar buna niyə göz yumur? Söhbət ondan gedir ki, ikili münasibət həmişə olub və olacaq".

Sizin Reklam Yeriniz