Əlaqə Arxiv
news Image
2016.06.04
07:00
| A A A
Avropa Parlamentində anti-Azərbaycan qüvvələrin dəqiq ünvanları göstərildi
“Vəziyyətin belə olması Avropa İttifaqının ikili standartı və xristian təəssübkeşliyindən qaynaqlanır”

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya-ALDE qrupun vitse-sədri, "Şərq Tərəfdaşlığı" Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni ilə görüşü zamanı qeyd edib ki, bu qurumda tənqidlərlə dolu və tamamilə əsassız qətnamələrin qəbulu ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub. "Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib".

Dövlət başçısı vurğulayıb ki, qurumun ən yüksək rütbəli şəxsləri - prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir, onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub. Prezident bildirib ki, belə münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb. Bütün bunlarla bərabər, Avropa Parlamentində Azərbaycana ədalətlə yanaşan deputatların da olduğunu bildirən dövlət başçısı onların məsələlərə obyektiv yanaşdıqlarını deyib, ötən ilin sentyabrında son qətnamənin qəbulu zamanı Azərbaycana böyük dəstək nümayiş etdirilməsinin önəmini vurğulayıb.

Beləliklə, dövlət başçısı  Avropa İttifaqında anti-Azərbaycan qüvvələrin dəqiq ünvanını göstərdi və bildirdi ki, anti-Azərbaycan mövqeyi ölkəmizlə sözügedən qurumun əlaqələrinə ciddi xələl gətirir və bu tendensiya indiki halda Avropanın özünə zərərdir. Belə şəraitdə nədən həmin qüvvələrə qarşı qurumda konkret tədbirlər görülmür? 

Politoloq Elşən Manafovun fikrincə, Avropa Parlamentində anti-Azərbaycan qüvvələrinə qarşı konkret tədbirlərin görülməməsinin kökündə qurumun ikili standartlardan və xristian təəssübkeşliyindən çıxış etməsi dayanır: "Əslində, Avropa Parlamenti və bütövlükdə Avropa İttifaqının Azərbaycanla münasibətləri də təəssüf ki, ikili standartlar üzərində qurulub. Avropa İttifaqı və rəsmiləri Azərbaycanın Avropanın  enerji təhlükəsizliyindəki rolundan kifayət qədər danışaraq ciddi bəyanatlar da verirlər. 

Hazırda Avropa məhz Azərbaycanın iştirak etdiyi TAP, TANAP layihələrinin maliyyələşdirilməsi və işə düşməsində maraqlı tərəf kimi görünürlər. Digər tərəfdən Avropa İttifaqı Azərbaycanda insan haqları ilə bağlı məsələni daim qabardır. Amma 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin məsələsi birliyin diqqət mərkəzindən kənarda qalır. Əslində, siyasi baxışlarına görə deyil, müəyyən əməllərinə görə məhkəmə qarşısına çıxarılan şəxslər olanda dərhal Avropa İttifaqı ölkəmizdə insan haqlarının pozulduğu barədə məsələləri gündəmə gətirirlər. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı sivilizasiyalararası əməkdaşlıq, multikulturalizm ənənələrindən nə qədər danışsa da, təəssüf məhz bu siyasətin həyata keçirilməsində heç də israrlı və birmənalı mövqe sərgiləmirlər. 

Müasir dünyanın ən ciddi probemlərindən biri beynəlxalq hüquq  normalarının müvafiq güc mərkəzlərinin ciddi səylərilə iflic vəziyyətə gətirilməsi olub. Dəfələrlə qeyd etmişik ki, hazırda beynəlxalq qanunlar deyil, beynəlxalq güclərin qanunlar üzərində gücü işləyir. Bu heç də erməni diasporasının Avropa rəsmilərilə apardığı "məhsuldar işin" nəticəsi deyil. Almaniya bildiyiniz kimi 1915-ci il hadisələrini "soyqırım" kimi qiymətləndirən qətnamə qəbul etdi. Almaniya Bundestaqı əslində 2005-ci ildə də belə birmünasibət sərgiləmişdi. İsveçrədə 3 dəfə belə qərarlar verilib. Fransa isə hətta soyqırımı inkar edənləri məsuliyyətə cəlb edir. Halbuki Fransa, Böyük Britaniyanın da transmilli şirkətləri Azərbaycanın enerji sektorunda iştirak edərək kifayət qədər mənfəət götürürlər. Almaniyanın Türkiyə ilə münasibətlərində ciddi əlaqələr var, 3 milıyondan çox Türkiyə vətəndaşı Almaniyada yaşayır. Amma görünür, Avropa son vaxtlar sözün həqiqi mənasında xristian təəssübkeşliyilə bağlı düşüncələrin ciddi əsirinə düşüb. Başqa bir tərəfdən, Azərbaycanın "Şərq tərəfdaşlığı" çərçivəsində müvafiq layihələrə imza atmaması da Qərbin müəyyən dairələrində qıcıq yaradıb. Azərbaycan iqtidarının bu mövqeyi ölkəmizin maraqları baxımından nə qədər anlaşılan olsa da, Avropa rəsmiləri tərəfindən bu məsələyə fərqli münasibət sərgiləndi. Bu da Avropanın məsələni özünün geostrateji maraqları çərçivəsində nəzərdən keçirməsindən qaynaqlanır. Avropanın müvafiq institutları bu günə qədər Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının nəinki təkcə bölgə, habelə Şərqi Avropa üçün ciddi təhlükə olması ilə bağlı qaldırılan məsələləri eşitməməzliyə qoyublar. Türkiyədə terror hadisələri baş verir, Avropa İttifaqı bunları görmür, Brüssel və Parisdə iki nəfərin ölümünə isə ciddi reaksiya nümayiş etdirirlər. Bu da Avropa İttifaqının daha çox xristian klubu olması fikrinin ciddi olduğunu gündəmə gətirir. 

Bu kimi amilləri nəzərə alaraq Azərbaycan özünün Avropa İttifaqı  ilə münasibətlərində yeni reallıqlar kontekstində yanaşmalar sərgiləməlidir. Azərbaycan elə dövlətlərdən deyil ki, onunla təhdid və təzyiqlər yolu ilə danışsınlar. Avropanın daha çox Azərbaycana ehtiyacı var, nəinki ikincinin birinciyə. Avropa Azərbaycanın Qarabağ probleminə də beynəlxalq hüquq normaları kontekstindən yanaşmır. Avropa İttifaqı  müsəlman ölkələrilə münasibətlərində heç də səmimi deyil".

Sizin Reklam Yeriniz