Əlaqə Arxiv
news Image
2016.06.04
08:00
| A A A
Soyqırımı faicilərinə də ikili sandartlardan yanaşılır
Hatəm Cabbarlı: “Mənafelərə din amili daxil olduğundan dövlətlər üçün ədalət və tərəfsizlik arxa plana keçir” Vazeh Əsgərov: “Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali orqanlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun

Xəbər verildiyi kimi, Almaniya Bundestaqı qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul etdi. Təəssüflər olsun ki, Almaniya Bundestaqı uydurma "soyqırımı" tanıyan ilk parlament deyil. Bundan əvvəl isə 23 ölkə və ABŞ-ın 30 ştatı qondarma "erməni soyqırımı"nı tanıyıb.

Ermənipərəst sırada həmçinin bir sıra beynəlxalq təşkilarlar da var. Lakin diqqəti çəkən məqam budur ki, faktlar sübut olunan Xocalı soyqırımına düny ahəl ədə lazımi qiymət vermir. Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı ilk olaraq bildirir ki, dövlətlər arasında və beynəlxalq siyasətdə heç bir dövlətin əbədi dostu və düşməni yoxdur, dövlətlərin əbədi mənafeləri var: "Bu mənafelərə din amili daxil olduğundan dövlətlər üçün ədalət və tərəfsizlik arxa plana keçir. Bu mənzərəni dövlət sistemi qurulduğu tarixdən bu günə qədər müşahidə etmək mümkündür. ABŞ və Avropa dövlətlərində din siyasətdən ayrıdır. Lakin "din dövlət işlərinə müdaxilə etmir" deyə bir şey yoxdur.

Maraqlısı odur ki, Avropada kilsə dövlətdən ayrıldıqdan sonra dövlət adamları mümkün olduqca dini siyasətdən uzaq tutmağa çalışsalar da, bu gün başqa bir mənzərə ortaya çıxır. Siyasətçilər bilərək və şüurlu şəkildə dini siyasətə alət edirlər. Qondarma "erməni soyqırımı" iddiasının ABŞ və Avropa dövlətləri tərəfindən tanınmasının kökündə bu amillər var. Heç bir beynəlxalq məhkəmənin Türkiyənin ermənilərə qarşı soyqırımı təşkil etdiyi haqda hüquqi qərarı olmadan ABŞ və Avropa dövlətlərinin parlamentləri bu haqda siyasi qərarlar qəbul edirlər. Bunun ən son nümunəsini də Almaniya Bundestaqının aldığı qərarda görmək mümkündür. Türkiyənin ABŞ və Avropa dövlətlərinin tələb və istəklərindən müstəqil siyasət həyata keçirməsi onları belə qeyri-ciddi və ədalətsiz qərarlar almağa məcbur edir. Bu barədə alınan qərarların heç birinin Türkiyə üçün hüquqi öhdəliyi yoxdur və ola da bilməz. Amma siyasi və psixoloji olaraq həm Türkiyə dövləti, həm də ictimai rəyi üzərində ciddi təzyiqlər hiss edilir".

Politoloq onu da xüsusilə olaraq qeyd etdi ki, Türkiyənin bu barədə ilk alınan qərarlara qarşı adekvat cavab verməməsi, dövlət ciddiyyətinə tərs düşən laqeyd münasibəti kələfin ucunu qaçırıb və dünyanın bir çox dövlətinin parlamenti qondarma "erməni soyqırımı"nı tanıyan qərarlar alıb: "25 il bundan əvvəl Xocalı soyqırımını törədən Ermənistan isə ABŞ və Avropa dövlətləri tərəfindən dəstəklənir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını görmür və yaxud görmək istəmirlər".

Hatəm Cabbarlı əlavə etdi ki, bu, Türkiyəni etmədiyi soyqırımı ilə ittiham edən dövlətlərin ikili standart siyasətidir və hüquqi təməli yoxdur: "Bu dövlətlər özlərinin əsasını qoyduğu beynəlxalq hüquq norma və qanunlarına əməl etsəydilər, qondarma "erməni soyqırımı" barədə heç bir qərar qəbul edilməməliydi. Amma təəssüf ki, biz çox fərqli bir mənzərənin şahidi oluruq. Bu dövlətlər Xocalı soyqırımı barədə eşitmək belə istəmirlər. Bu Ermənistana haqq qazandırır və onları yeni beynəlxalq cinayətlərə həvəsləndirir".

Digər siyasi analitik Vazeh Əsgərov ilk olaraq onu qeyd etdi ki, yerləşdiyi coğrafi mövqedən və iqtisadi gücündən aslı olmayaraq, dünyanın hər bir dövləti öz mənafeyini, dövlətçiliyini və müstəqilliyini qorumaq üçün preventiv addımlar atır: "İstər iqtisadi cəhətdən güclü, istərsə də inkişaf etməkdə olan dövlətlər edəcəkləri hər hansı bir siyasi gedişi düşünərək vahid ssenari əsasında aparılırlar.

1965-ci ildən bəri ermənilərin uydurma "soyqırım" məsələsi demək olar ki, hər il müxtəlif dövlətlərin parlamentlərində qanun layihəsi və ya müxtəlif qətnamələr çərçivəsində müzakirə edilir və təsdiq olunarsa, qəbul edilmək üçün dövlətə təqdim olunur. Bu günə qədər ABŞ-ın bir neçə ştatı daxil olmaqla dünyanın 25-dən yuxarı ölkəsi müxtəlif illərdə 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyıb.

Eləcə də Avropa Şurası və Avropa Parlamenti də daxil olmaqla "erməni soyqırımını" bir neçə təşkilat da qanun layihəsi kimi tanıyır. İyun ayının 2-də Almaniya Bundestaqı da "erməni soyqırımını" tanıyan qətnamə layihəsini qəbul etdi. Söhbət hər hansı bir qanun layihəsinin dövlət tərəfindən tanınmasından getmədiyi üçün aydın olur ki, bu, Almaniyanın Türkiyəyə təzyiq göstərmək üçün atmalı olduğu bir addımdır.

Özü də layihənin Almaniya Yaşıllar Partiyasından türk olan Cem Özdəmir tərəfindən irəli sürülməsi bir daha düşünməyə əsas verir. Belə ki, iyun ayının 2-də keçirilmiş iclasdakı səsvermədə nə kansler Angela Merkel, nə vitse-kansel Siqmar Gabriel, nə Sosial-Demokrat Partiyasının rəhbəri Frank-Valter Staynmayer, eləcə də xarici işlər naziri iştirak etməyiblər. Buna baxmayaraq, Yaşıllar Partiyası tərəfindən qaldırılan qanun layihəsi həm Sosial-Demokratlar Birliyi, həm də Sosial-Demokrat Partiyası rəhbərliyi tərəfindən dəstəklənib. Mayın 31-i keçirilmiş partiya iclasının işçi qrupunun qəbul etdiyi qanun layihəsinin mətni Angela Merkel tərəfindən də təsdiq edilib. Bu faktlar bir daha Almaniyanın ölkə rəhbərliyinin Türkiyə ilə münasibətlərinə həssaslıqla yanaşmasına bir işarədir".

Politoloq əlavə etdi ki, soyqırım məsələsində Almaniya-Türkiyə münasibətləri müzakirə olunsa da, məsələnin dərinliyində yenə ermənilərin öz işlərini necə həssaslıqla gördüklərinin şahidi oluruq: "Belə ki, XX əsrin əvvələrində başlayaraq silsilə şəkildə Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar. Dünya dövlətləri də Xocalı soyqırımına hələ də diqqətdən kənar qoyub, ermənilərə tarix dərsi keçmirlər. Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali orqanlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun layihələri qəbul olunardı".

Sizin Reklam Yeriniz