Əlaqə Arxiv
news Image
2016.06.04
09:00
| A A A
Qarabağ münaqişəsinin həllini sürətləndirəcək vacib görüş
Fikrət Sadıxov: “Danışıqlardan nəsə əldə edilməsə, lokal toqquşmalar mütləq olacaq” Tofiq Abbasov: “Danışıqlar xatirinə danışıqlarda iştirak etməyəcəyik”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə ayrı-ayrılıqda keçirdikləri görüşlərdə prezidentlərin danışıqların növbəti raunduna razılıq verdiklərini təsdiqləyiblər. Həmsədrlərin birgə bəyanatında bu xüsusda deyilir."Nazirlər prezidentlərin münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqların iyun ayında keçiriləcək növbəti raunduna razılıq verdiklərini təsdiq ediblər". Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 30-da Fransada həmsədrlərlə görüşüb. Ermənistan xarici işlər nazirinin həmsədrlərlə görüşü iyunun 2-də baş tutub. Prezidentlərin iyun ayında harada görüşəcəkləri hələlik açıqlanmayıb. Ancaq ehtimal olunur ki, bu görüş Parisdə baş tutacaq.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu istiqamətdə işləyirlər: "Düşünürəm ki, onlar bu məsələnin öhdəsindən gəlib, görüşü təşkil edəcəklər. Bu görüşün təşkil olunması lazımdır".

Politoloq Fikrət Sadıxov hesab edir ki, görüş mütləq baş tutmalıdır: "Bu günlərdə olmasa da, yaxın gələcəkdə görüş təşkil olunmalıdır. Çünki, bununla bağlı Vyanda qərar qəbul olunub. Eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrov da erməni həmkarı Edvard Nalbadyanla bu məsələni ciddi şəkildə müzakirə etdilər. Bu, o deməkdir ki, hansısa planlar cızılır, konkret təkliflər irəli sürülməsi gözlənilir.

Əlbəttə, bir görüş zamanı bütün məsələlər həll oluna bilməz. Lakin bütün hallarda müəyyən proseslərin getdiyi hiss olunur. Ermənistan isə müxtəlif səbəb və bəhanələrlə vaxt uzatmağa çalışacaq. Amma Ermənistanın bu davranışları çox davam edə bilməz. Çünki, artıq razılıq əldə olunub. Bu görüş baş tutmalıdır. Ancaq görüş ərəfəsində sazişlə bağlı bir sıra məsələlər də həll olunmalıdır. Yəni, hazırlıqlı gəlmək lazımdır ki, görüşdə konkret təkliflər irəli sürülsün, rəklif ətrafında müzakirələr aparılsın".

Politoloqun fikrincə, danışıqlardan nəsə əldə edilməsə, genişmiqyaslı döyüşlər yaxın perspektivdə görünmür: "Lakin lokal toqquşmalar mütləq olacaq. Hansı ki, lokal toqquşmalar indi də baş verir. Eyni zamanda genişmiqyaslı döyüşləri də istisna etmək olmaz".

Digər politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistan tərəfinin davranışında elə təssürar yaranıb ki, qarşıdakı görüş baş tutmaya bilər: "Çünki, sülhə hazır olmağın tələbləri var. Sülhü istəyən tərəfin müvafiq davranışı olmalıdır. Amma Ermənistanın rəhbərliyindən, siravi vətəndaşlarına qədər Azərbaycanın ünvanına təhdidlər səslənir".

Tofiq Abbasov əlavə etdi ki, Kazan formatı çökdükdən sonra prosesdə boşluq yaranmışdı: "Bu boşluqdan isə Ermənisan özünəməxsus şəkildə istifadə edirdi. Özünü guya sülhə hazır tərzdə göstərməyə çalışırdı. Azərbaycan isə mövqeyini dəyişməyib. Ərazilərimiz ümumiyyətlə, mübahisə predmeti ola bilməz.

Digər tərəfdən də danışıqlar xatirinə danışıqlarda iştirak etməyəcəyik. Ötən ilin sonunda Berlin görşü baş tutdu. Ermənistan qarşılıqlı inamın bərpa olunmasını, gücdən istifadə edilməməsi, insidentlərin araşdırılması və bu kimi ikinci, üçüncü dərəcəli imperativləri səsləndirdi. Bir müddət sonra isə Vyana görüşü baş tutdu. Bu görüşdə də Ermənistanın davranışlarında müsbət çalarlar özünü büruzə vermədi. Əslində, Vyana görüş Sarkisyanın istəyi ilə baş tutmuşdu. Elə görüşdən də bəlli oldu ki, Ermənistan mövqeyində dəyişiklik etməyib.

Lakin həmsədrlər müsbət tonda danışırlar. Halbuki, heç də vəziyyət elə deyil. Həmsədrlər əvvəlki kimi populizmlə məşğuldurlar. Öz funksiyalarını doğrultmaq üçün ümidverici məqamları tirajlayırlar. Bu mənada yenə də söz Azərbaycan Ordusuna qalacaq".


Sizin Reklam Yeriniz