news Image
2016.06.06
16:22
| A A A
XİN: Ermənistan işğal olunmuş ərazilərə səfər edən əcnəbilər barədə məlumatları gizlətməyə çalışır

"Ermənistan tərəfindən Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma rejimin işğal olunmuş Azərbaycan ərazilərinə səfər edən əcnəbi vətəndaşların pasportlarına möhür vurulmaması ilə yanaşı, digər metodlardan da istifadə edilir".

 

Movqe.az bu sözləri apa-ya açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan Respublikası tərəfindən "arzuolunmaz şəxslər" siyahısının tətbiq olunmasından sonra Ermənistan tərəfi işğal altındakı ərazilərə gedən əcnəbilər barədə məlumatları gizlətmək üçün müxtəlif metodlara əl atır: "Əvvəllər qondarma rejim tərəfindən saxta vizaların verilməsi mexanizmi tətbiq olunurdu. Bir müddət sonra aradan qaldırıldı. Sonra işğal olunmuş ərazilərə səfər edən əcnəbilərin pasportlarına möhür vurulmağa başlandı. Bu da daha sonra aradan qaldırıldı. İndi isə işğal olunmuş ərazilərə səfər edən əcnəbilərə kiçik bir kağız parçası verilir. Hər vəchlə çalışırlar ki, həmin əcnəbilər barədə məlumatlar gizlədilsin".

 

H. Hacıyev qeyd edib ki, ümumiyyətlə, "arzuolunmaz şəxslər" siyahısının tətbiq olunmasından sonrakı tendensiya onu göstərir ki, işğal altındakı ərazilərə səfər edən əcnəbilərin sayı azalıb: "Burada maarifləndirmə mexanizmi də xüsusi qeyd olunmalıdır. Diplomatik nümayəndəliklərimiz fəaliyyət göstərdikləri ölkələrdə ictimai dairələri və KİV-i məlumatlandırır. Hətta əksər ölkələrin Xarici İşlər nazirlikləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərdən çəkinmək barədə öz vətəndaşlarına müraciət edirlər".

 

XİN-in mətbuat katibi onu da əlavə edib ki, qoşunların təmas xəttində 2 aprel tarixində yaranmış gərginlikdən sonra Avropadakı erməni lobbi təşkilatları və Ermənistan tərəfindən xarici KİV nümayəndələrinin müxtəlif adlarla işğal altındakı ərazilərə səfərlərinin təşkil edilməsi kimi cəhdlər özünü göstərir: "Burada əsas məqsəd məhz 2 aprel tarixində baş vermiş gərginliyə görə Ermənistanın məsuliyyətini gizlətmək və beynəlxalq ictimai çaşqınlıq yaratmaqdan ibarətdir. Amma burada bir pozitiv dinamikanı qeyd edə bilərik ki, bir sıra beynəlxalq kütləvi informasiya vasitələri Azərbaycan XİN tərəfindən xarici KİV nümayəndələrinə ölkə ərazisində qanuni jurnalist fəaliyyəti ilə məşğul olmağa icazə verən sənəd əsasında işğal olunmuş ərazilərimizə səfər barədə müraciət ediblər. Bu xüsusda Polşanın İctimai Televiziyasını və Ukraynanın ICTV televiziyasının çəkiliş qrupunu qeyd edə bilərik. Bundan başqa, "Aljazeera Arabic" və digər beynəlxalq media nümayəndəliklərinin müraciəti olub. İşğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərmək istəyən xarici KİV nümayəndələri ilk növbədə akkreditasiya üçün müraciət etməlidirlər."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs